hora3

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb.

İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

APA-nın məlumatına görə, yolboyu genişmiqyaslı tikinti işləri davam etdirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı birgə icra edir.

Hazırda sözügedən avtomobil yolunun ilk 76 kilometrlik hissəsində torpaq işlərinin icrası davam edir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 29,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Eyni zamanda topoqrafiya-geodeziya işləri, həmçinin layihəyə uyğun olaraq ərazinin təmizlənməsi icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Qeyd edək ki, yolun 20-37-ci kilometrləri arasında əraziyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri də paralel şəkildə icra olunur.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 3400 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Belə ki, hazırda iki körpünün svay işləri görülür.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə tikiləcək düşərgənin inşası artıq bitmək üzrədir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.