2011-ci ildə ilk sayı nəşr olunduğu gündən, erməni vandalları tərəfindən təkcə Dərələyəz mahalından deyil, bütünlükdə Qərbi Azərbaycandakı — indiki Ermənistandakı tarixi dədə-baba torpaqlarından didərgin salınan azərbaycanlı əhalinin o yerlərdə əsarətdə qalan doğma yurd-yuvalarının ətrini aldıqları, həm də ötən bu müddət ərzində yurd həsrətlilər üçün xoş müjdələr carçısına və onların könül dünyalarının könül qəzetinə çevrilən “Dərələyəz”in bu gün 10 illik yubileyi qeyd olunub. Bu münasibətlə paytaxt Bakıdakı “Su səsi” şadlıq sarayında keçirilən yubiley tədbirində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra giriş sözü ilə “Dərələyəz” qəzetinin təsisçisi və Baş redaktoru Raqub Kamalov çıxış edib. O, öncə qonaqları salamlayıb və bu özəl tarixi günə qatıldıqları üçün, hər bir tədbir iştirakçısına ürəkdən gələn təşəkkürünü, daha sonra isə, qəzetin yarandığı gündən indiyədək keçdiyi tarixi yolu onların diqqətinə çatdırıb: “Bu qəzet doğma yurd-yuva həsrətlilərin arzu və istəklərindən doğan təsislərdən biridir. Və onların arzu-istəklərinin çin olması üçün, zamanın və dövrün təlatümlərinə dözərək, öz fəaliyyətini indiyədək davam etdirib. Elə, bundan sonra da, öz acı həyat hekayəmizi bu qəzetlə tarixə və oxucularımıza anlatmaqda davam edəcəyik”.
Qəzetin rəhbəri öz çıxışında xüsusi olaraq onu vurğulayıb ki, əslən Qərbi Azərbaycandan olan görkəmli şəxsiyyətləri — mərhum filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynal Həsənalıyevi, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Zəhmət Şahverdiyevi, iqtisadçı alim İsa Alıyevi,general-mayor Abbasəli Novruzovu, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Mətbuat Şurasının üzvü, “Qızıl Qələm” və “Məmməd Araz” müкafatları laurеatı Tofiq Yusifi, tanınmış tərcüməçi, xalq şairi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Vahid Əzizi… Redaksiya Heyətində bir araya gətirən “Dərələyəz” qəzeti nəşr olunduğu ilk gündən indiyədək, mütəmadi olaraq, dəyərli oxucularının görüşünə gəlib: “Hətta olduqca maraqlı xüsusi buraxılışları da, hər bir oxucusu üçün önəmli olub. Çünki qəzetimizin Qərbi Azərbaycanın tarixi salnaməsini yaratdığı danılmazdır və bundan sonra da, bu istiqamətli ali missiyanı yerinə yetirməyi qarşısına əsas məqsəd kimi qoyub.
Doğrudan da, bütün Azərbaycanda öz sözünü deyə biləcək bir media orqanına çevrilən “Dərələyəz” qəzeti ümummilli bir tarix, mediamızın və xalqımızın bir salnaməsidir. Məhz bu səbəbdən də, indiki Ermənistan tarixi Azərbaycan torpaqları — İrəvan, Göyçə, Zəngəzur… üzərində qurulduğu üçün, bizim öz doğma yurd-yuvalarımıza qayıtmağımız amalı uğrunda mübarizə aparmaqdan belə yorulmur. Bütün bunlar ona işarədir ki, biz, hökmən, öz tarixi dədə-baba torpaqlarımıza qayıdacağıq!”.
Baş redaktor çıxışının sonunda onu da bildirib ki, “Dərələyəz” qəzeti Azərbaycanın haqq səsini dünyaya çatdırmaq uğrunda mübarizə aparan nüfuzlu əksər təşkilatlarla əməkdaşlıq edir və bunu qarşısına ən vacib işi kimi qoyub. Əksər yazılarından belə açıq-aşkar görünür ki, Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan bütün danışıqlarda da, 500.000 nəfər Ermənistan qaçqınının dördüncü münaqişə tərəfi kimi tanınmasına nail olmağı, bu qəzet həmişə qarşısında daha bir əsas vəzifə kimi qoyub.
“Dərələyəz” qəzetinin Redaksiya Heyətinin üzvü, “Dərələyəz” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Zeynal Həsənalıyev isə, öz çıxışında onu xüsusi qeyd edib ki, 10 illik fəaliyyəti dövründə “Dərələyəz” qəzeti ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələrin, yeniliklərin ən aktiv iştirakçıları olan qərbi azərbaycanlıların alqışlayiq fəaliyyətləri barədə öz oxucularına mütəmadi olaraq yazılar çatdırmaqla, Qərbi Azərbaycanın bu dövrə aid səlnaməsini yaradıb. Redaksiya Heyətinin digər üzvləri isə, öz çıxışlarında konkret olaraq onu vurğulayıblar ki, ölkəmizdə baş verən bütün mühüm hadisələri öz səhifələrində əks etdirmək və öz oxucularını ətraflı məlumatlandırmaq kimi vacib missiyanı fəaliyyət göstərdiyi on il müddətində “Dərələyəz” qəzeti uğurla yerinə yetirib. Bu gün də, milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq, cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, dövlətin və xalqın maraqlarının müdafiəsinə qalxmaq, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi təqdim etmək, cəmiyyəti qayğılandıran problemləri müzakirə platformasına çevirmək və problemlərdən çıxış yollarını göstərmək, eyni zamanda xalqın adət-ənənələrini və mədəni irsin qorunmasına töhfə verən mətbuat orqanı kimi də uğurla fəaliyyət göstərir.
Təbii ki, bu uğurların təməlində duran əsas amillərdən biri budur ki, əgər bir qəzet 10 il müddətində yaşayıb-yaradırsa, çətin və asan dövrdə özünü təsdiq edirsə, bundan sonra da yaşamağa və cəmiyyətə xidmət etməyə hüququ çatır. Ən əsası odur ki, tarixən indiki Ermənistan ərazisində yaşamış azərbaycanlı əhalinin zaman-zaman soyqırıma məruz qalması faktlarının soyqırım aktı kimi tanınması üçün, bu acılığı özündə əks etdirən önəmli yazıların verilməsi qəzetin yaradıcı kollektivi qarşısında ən vacib vəzifə kimi qoyulub. Üstəlik, azərbaycanlı əhalinin Ermənistandan sonuncu deportasiyası ilə əlaqədar, aidiyyatı dövlət orqanları ilə birgə silsilə tədbirlərin keçirilməsinin təmin olunmasında fəal iştirak etmək, bu qaçqınların hüquqlarının tam təminatı üçün vacib işlər görmək, eləcə də bunun naminə aidiyyatı dövlət orqanlarına yardımçı olmaq qəzetin qarşısına əsas məqsədlərdən biri kimi qoyulub.
Digər tədbir iştirakçıları və qonaqlar isə, öz maraqlı çıxışlarında, əsasən, erməni-daşnak təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanların qəlblərini riqqətə gətirən çağırışlar ediblər. Onların çıxışlarının ümumi mahiyyəti ondan ibarət olub ki, yurd-yuvalarından didərgin düşənlər, mütləq o yerlərə qayıtmalıdırlar. Saatlarca davam edən belə çıxışlar zamanı, Qərbi Azərbaycandan — indiki Ermənistan Respublikasından qovulan qaçqınların qaçqınlıq statuslarına yenidən baxılması üçün də, müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmağın vacibliyi xüsusi vurğulanıb. Qeyd edilib ki, bu missiyanın öhdəsindən gəlməkdə də, onlara vacib dəstəyi “Dərələyəz” qəzetinin verəcəyi şübhəsizdir.
Tədbirdə çıxış edənlər “Dərələyəz” qəzeti redaksiyasının kollektivini 10 illik yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxış edənlər tərəfindən, həm də bu qəzetdə müxtəlif vəzifələrdə çalışanların adları böyük hörmətlə çəkilib. Onlar onu da bildiriblər ki, Müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri azad mətbuatın formalaşmasıdır. Bu proses Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın götürülməsi ilə başlanıb, hər bir sahədə onun ideyalarını layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının jurnalistlərə, mətbuatın tərəqqisinə göstərdiyi qayğı ilə davam etdirilib. Elə, bu sonsuz diqqətin xoş əlamətlərindən biridir ki, “Dərələyəz” qəzeti də, getdikcə dəyişib, inkişaf edir. Bu inkişafın hər anı “Dərələyəz” qəzeti vasitəsi ilə də, tarixin yaddaşına köçürülür, şərəfli və məsuliyyətli bir missiya kimi gələcək nəsillərə çatdırılır.
Əksər çıxışlarda o da qeyd olunub ki, nəinki dərələyəzlilər, eləcə də bütün qərbi azərbaycanlılar daim bu qəzetə, onun kollektivinə arxalanıb və güvənib. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, adət-ənənələrimizə hörmət, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qayğının göstərilməsi, ən əsası isə, Qərbi Azərbaycan uğrunda həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflər “Dərələyəz”in başlıca mövzuları olub.
Tədbir iştirakçıları — Dərələyəz mahalından olan görkəmli şəxsiyyətlər, tanınmış elm adamları, ziyalılar, ictimai-siyasi xadimlər… qəzet kollektivini 10 illik yubileyləri münasibəti ilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb. Beləcə, “Tezliklə tarixi dədə-baba torpaqlarımızda görüşəcəyik!” və digər bu kimi ruhlandırıcı, ümidverici çağırışlarla, tədbir öz işini sona çatdırıb….
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.