Özlərini jurnalist adlandıran kimlərsə şəhid ailələrindən çəkiliş, onların övladları ilə bağlı bilgiləri işıqlandırmaq müqabilində pul istəyiblər. Hazırda məsələ ciddi müzakirə doğurmaqdadır. Ortada həqiqətən utancverici durum var və hansı səmtə fırlatsaq da, həmin o kəslərin həqiqi mediaya aid olmadığını bildirsək də, yenə məsuliyyət jurnalistikanın üzərindədir. Çünki cəmiyyət bu biabırçılığı ayrı-ayrı adamların deyil, peşənin ayağına yazır və ona uyğun da münasibətini formalaşdırır. Ancaq gəlin, məsələyə bir qədər fərqli baxaq.
44 günlük Vətən Müharibəsi dönəmini xatırlayıram. Söhbət məhşur “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarının sözdə yox, əməldə də aktual olduğu zaman kəsiyindən gedir. Özüm şahidi olmuşam, marketdə kassa növbəsində dayanmış hərbçini insanlar necə qabağa çəkdilər, israr etdilər ki, növbəsiz keçsin. Hamı hərbi formada kimi görsəydi, ən azından ayaq saxlayıb, hal-əhval edərdi. Gözəl mənzərəydi.
Müharibə başa çatdı, qələbə eyforiyası aradan qalxdı, necə deyərlər, daşlar əvvəlki yerinə oturmağa başladı. Və o əvvəlki yerlər sağlam olmadığından eybəcər mənzərələr özünü daha qabarıq göstərməyə başladı.
Bəli, biz qəbul edirik ki, hansısa media orqanında, eləcə də sosial şəbəkə profillərində yer almış hər hansı bilgi heç də həmişə doğru olmur, yalanlar, spekulyasiyalar da kifayət qədərdir. Ancaq gəlin görək, bu qədər yalan necə informasiya dövriyyəsinə daxil ola bilir? Niyə 44 günlük Vətən Müharibəsi dönəmində və sonrakı qısa zaman kəsiyində bir sosial şəbəkə profilində yazılmadı ki, hərbçinin haqqı tapdanır? Amma sonra biz belə fikirlərin çoxaldığını gördük. Şəhid ailələrinə münasibətdə nalayiq rəftarın edildiyinə dair paylaşımlar, materiallar artdı. Bunların hamısı anlaşılmazlıqdırmı? Yaxşı tutalım, yayılmış materialların biri, beşi, onu yalandır, axı məsələ bir-beşlə, onla bitmədi, çox oldu.
Bəli, Azərbaycanı, qalib Azərbaycan əsgərini gözdən salmaq istəyənlər var. Onlar çalışırlar ki, Ordu ilə Xalq arasında inamsızlıq yaratsınlar və s. Belələri planlı şəkildə işləyirlər. Amma etiraf edək, onların planlarının özünə meydan tapması üçün zəmin hazırlayanlarımız var. Müharibədə sağlamlığını itirmiş şəxsləri kabinetlər, idarələr arasında get-gələ salanlarımız da yetərincədir. Bu barədə danışmayıb mətləbə qayıdıram.
Mətləb də odur ki, jurnalistika sahəsində spekulyasiyar indinin söhbəti deyil. İllərdir bu problem var. Tənqid obyektinə təmənnalı yanaşan, kimdənsə yazı yazmaq müqabilində nə isə uman – belələrinin sayı yetərincədir. 44 günlük Vətən Müharibəsi dönəmində onlar da susmuşdular. Sonra reallıqları görməyə başladılar. Gördülər ki, şəhid ailəsinə qarşı xoşagəlməz davranışa yol verənlər, qaziləri nəyəsə görə incidənlər var. Belədə “xidmətlərini” təklif etməyə başladılar. Və budur tutuzdurdular da. Bəli, biabırçılıq mənzərəsi tamamlandı – paho, şəhid ailəsindən çəkiliş üçün pul alan jurnalistlər var imiş. Olmamalıydı ki? Yuxarıda sadaladığım bir sıra eybəcərliklər varsa, bu eybəcərlik və rəzillik niyə olmasın ki? Sualım ritorikdir, sözüm ondadır ki, cəmiyyətdə heç bir eybəcərlik olmamalıdır…
Sonda yenə jurnalistikanın üzərinə gəlmək istərdim. Bəli, bundan sonra şəhid ailələrinin qapısını döymək, onların çətinlikləri ilə maraqlanmaq da asan olmayacaq. Hesab edəcəklər ki, jurnalistdirsə, pula gəlib. Yəni bircə bu istiqamət qalmışdı ki, orada jurnalistin nəsə etmək istəyinə fərqli yanaşılmasın, indi bu istiqamət də əldən getdi. Ancaq demək istədiyim bu deyildi.
İllərdir jurnalistika öz problemini müzakirəyə çıxarır. Hətta bəzən qəribə gəlir – bir həkim həkimin təmənalı münasibətindən danışırmı? Yaxud polislərin, prokurorların və başqa sənət sahiblərinin öz sahələrindəki xoşagəlməzliyə qarşı ictimai qınağı və immuniteti varmı? Bəlkə siz görmüsünüz, mənə rast gəlməyib. Bəli, hər sahənin öz ayıbını görməsi və nəticə çıxarması lazımdır. Bu olmadıqca, nə isə düzəlməyəcək, biabırçılıqlar çoxalacaq. Və bu eybəcər mənzərədə günahkar mediadırsa, jurnalistikadırsa, qoy olsun. Min dəfə deyək – ayıb olsun jurnalistlərə. Bəs sonra?..
araz.az xəbər portalı.
araz.az xəbər portalı.