TELIM8

“Ermənistan ötən ilin iyulunda Tovuz təxribatı zamanı Azərbaycanın gücünü, torpaqlarını işğaldan azad etmək əzmini yoxlamaq qərarına gəlmişdi. Tovuz hadisələrinin il dönümü şərəfli tariximizi bir daha xatırlamaq üçün vacib məqamdır. Azərbaycan düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanın ölkəmizi öz ərazisində təxribata çəkmək cəhdlərinə uymadı. Ordumuz öz qətiyyətini göstərdi. Təəssüflər olsun ki, itkilərimiz oldu, Azərbaycan general Polad Həşimov kimi dəyərli sərkərdəsini itirdi. Bundan başqa, evlər, bir sıra obyektlər dağıdıldı, mülki əhali ziyan gördü. Bütün bunlar Vətən müharibəsi üçün qığılcım idi”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycan dövləti hər zaman Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həll olunmasına çalışsa da, Ermənistan hər dəfə azğınlaşır, işğalçı siyasətindən əl çəkmirdi: “Vəziyyət sübut edir ki, Azərbaycanın məsələni hərb yolu ilə həll etməkdən başqa çıxış yolu yoxdur. Nəhayət, 27 sentyabrda Ermənistanın təxribatlarına cavab vermək üçün Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı və 44 gün davam edən müharibədə tarixi qələbəyə imza atdı. Vətən müharibəsi kimi Tovuz hadisələri də hərb tariximizin şərəfli səhifələrindəndir. Ordumuz döyüşə hazırlığını, xalqımız dəstəyini göstərdi. Təsadüfi deyil ki, məhz Tovuz hadisələrindən sonra minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə axışıb könüllü olaraq orduya yazıldılar və sonra ikinci Qarabağ müharibəsində qəhrəmanlıqlarını nümayiş etdirdilər”.

A.Mirzəzadə Ermənistan ordusunun post-müharibə dövründə təxribatları davam etdirdiyini vurğulayıb: “Baxmayaq ki, Ermənistan ordusu darmadağın edilib, vaxtaşırı təxribatlara əl atır. Zəngilan, Kəlbəcər, son dövrlər isə Tovuz istiqamətində mövqelərimizi atəşə tuturlar. Məqsədləri Azərbaycan ordusunu öz ərazisində döyüşlərə cəlb etməkdir. Şükürlər olsun ki, təxribatların qarşısı qətiyyətlə alınır və Ermənistana layiqli cavab verilir. Ermənistan hakimiyyəti və cəmiyyəti nəticə çıxarmalıdır ki, bu cür təxribatların onların özləri üçün ciddi problemlər yarada bilər. Azərbaycan dözümlülüyünü nümayiş etdirir, amma bu, həmişə belə olmayacaq. Təxribatlara qarşı artıqlaması ilə cavab veriləcək”.

Nəzrin CAVİD

araz.az xəbər portalı.