RUB6

Özünü “İnform Xəbər TV”nin aparıcısı kimi təqdim edən Rübabə Vəliyeva Qəbələdə daha iki şəhid ailəsində çəkiliş apararkən pul istəyib.

Sözügedən məsələni “ATV xəbər” işıqlandırıb.

Şəhid Rəşid Nəsrullayevin atası Qəzənfər Nəsrullayevin sözlərinə görə, çəkilişdən on gün sonra R.Vəliyeva ona zəng edib və montaj üçün pul istəyib:

“Dedi ki, mənim üstümə düşəni heç istəmirəm, halal xoşunuz olsun. 40 manat verməlisiniz. Mən də dedim ki, özüm Bakıya müalicəyə getməliyəm, həm də həyətdə bir az yır-yığış edirəm. Ona görə mən o pulu verə bilmirəm. Dedi ki, eybi yoxdur.”

Oxşar hadisə xüsusi təyinatlı Elvin Abdurrəhmanovun da ailəsində baş verib.

Hansısa tanınmayan xəbər televiziyasının aparıcısı bu ailədə çəkiliş edib və sonda onlardan 60 manat pul alıb. Şəhidin anası Elmira Abdurrəhmanova hadisəni belə nəql edib:

“Çəkiliş bitəndən sonra mənə dedi ki, xanım, mənə 60 manat pul verə bilərsiniz? Doğrudan, biz duruxduq. Övladımın adı gələn yerdə etiraz edə bilmədim. Dedim ki, ödəyərik.”

Çəkilişdən sonra həmin məbləği alan aparıcı xanımın ifadəsi onu ələ verib. Şəhid anası bu sözdən sonra onun haqqında maraqlanmağa başlayıb:

“Qadın bizə bu sözü dedi ki, şəhidə ehsan kimi qəbul edin. İnanın Allaha, bu söz bizi o qədər ağrıtdı, o qədər tutdu. Ehsan verəsi olsaq, biz – valideynlər bilirik nəyi harda necə etməliyik.”

“ATV xəbər” şəhid ailəsində çəkiliş aparan zaman Abdurrəhmanovlar ailəsinin qapısı yenidən döyülüb. Şəhid ailəsi gələn qonağı görüncə çox təəccüblənib, çünki gələn özünü “İnform Xəbər TV”nin aparıcısı kimi təqdim edən Rübabə Vəliyeva idi. O bu məsələnin mətbuatda işıqlandırılmasından ehtiyatlanaraq aldığı məbləği geri qaytarmağa gəlmişdi.

R. Vəliyeva bunları deyib:“40 manat da, 60 manat da olub. 60 bir dəfə olub. Elə olub ki, bir dəfə maşın sınıb. Mən özüm ağız açmışam ki, maşın sınıb, əlimizdə də benzin almağa pul yoxdur. 4 nəfər də olub. Onlardan üzr istəyirəm.”

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.