Yeni Laçın dəhlizinin tikintisi barədə mətbuatda gedən xəbəri oxumaq, yolun tikintisindən çəkilən şəkilləri görmək heç xoş olmadı. Niyə 3 il xərc çəkib erməniyə dəhliz düzəltməliyik? O xərci Xocalının, Malıbəylinin, Kərkicahanın, Kosaların və başqa bizi gözləyən yaşayış məntəqələrimizin bərpası və qaçqınlarımızın köçürülməsi üçün niyə istifadə etmirik? Deyilənə görə bu dəhlizin çəkilməsi üçtərəfli razılaşmaya salınmasaymış, “Dağlıq Qarabağ və Ermənistanı birləşdirən bu dəhliz həmişəlik olaraq Laçının içindən keçməliymiş”.
Niyə həmişəlik? Niyə biz erməniyə sərbəst, təhlükəsiz hərəkət etmək üçün dəhliz veririk, amma ermənilər bizim Tərtərdən Kəlbəcərə, Ağdamdan Şuşaya getməyimizi qadağan edirlər? Bu “həmişəlik” sözündən belə çıxır ki, nə erməni Qarabağdan çıxası deyil, nə də biz Xankəndinə nəzarət edə bilməyəcəyik?! Yəqin elə bu səbəbdən Araik Arutunyan da, Nikol Paşinyan da son görüşlərində Qarabağın perspektiv statusundan ağız dolusu danışıblar. Yoxsa Moskvadan gələn Paşinyan iki daşın arasında höküməti qurmazdan əvvəl Arutunyanı niyə belə tez qəbul etsin? Moskvadan güc alan Paşinyan indi də Arutunyanı Kremlə yola salır. Bu görüşdən, həm də yeni “erməni dəhlizi”nin( adını ayrı necə deyək?) tikintisindən sonra suallar xeyli artıb. Üç il ərzində biz Xankəndi və ətrafına nəzarətimizi bərpa etmək istiqamətində gərək heç nə etməyək ki, ermənilər bizim çəkdiyimiz təzə dəhlizdən rahat istifadə etsinlər. Biz orda olmayacağıqsa dəhliz də, düşmənin və havadarlarının statusla bağlı planları da tədricən reallaşmağa doğru gedəcək.
Bütün bunlara qarşı bizim bir planımız varmı? Hamı deyir ki, var, səbr elə. Plan varsa niyə təzə dəhliz açmalıyıq? Moskva görüşündən sonra Nikol Paşinyanın Araik Arutunyanla açıq şəkildə “Artsaxın müstəqilliyini” müzakirə etməsi təsadüfidirmi? Üstəlik Minsk Qrupunun da onları dəstəklədiyini bir daha vurğulayıblar. Status məsələsindən indiyədək ehtiyatla danışan erməni liderlər Şimaldan əsən fırtınanın təsiri ilə eyforiyaya qapılmasınlar? Arutunyanın da Moskvaya növbəti(?!) səfəri göstərir ki, Kreml quyu qazmaqla məşğuldur, amma quyuya kimin düşəcəyi hələ məlum deyil. Quyunu bizim üçün hazırlasalar da, siyasi qətiyyətin və qardaş Türkiyənin köməyi ilə quyuya Ermənistan, Qarabağdakı separatçı rejim, ya da quyu qazanın özü düşə bilər. Amma, əsas odur ki, quyu qazılır…
Araik Arutunyanın “təhlükəsizliyin erməni silahlı birləşmələri və Rusiya sülhməramlıları tərəfindən qorunmasını” qeyd etməsi isə reallıqdır. Biz o ərazilərə nə hərbi, nə siyasi yolla müdaxilə edə bilmirik. Hələ ki… Yaxın perspektivdə 8 ay davam edən siyasət dəyişməzsə, Qarabağ problemi yenidən beynəlxalq güclərin təsiri altına düşə bilər və o zaman nəticələrin bizim maraqlara uyğun olacağı da şübhəli ola bilər. İndiki situasiyada 10 noyabr bəyanatının vacib müddəalarının reallaşması istiqamətində fəal diplomatik gedişlərə ehtiyac var. Erməni silahlı birləşmələri çıxarılmalı, keçmiş Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının yurdlarına qaytarılması prosesinə start verilməli, Qarabağ daxili yolların maneələri qaldırılıb təhlükəsizliyi təmin olunmalıdır.
İlham İSMAYIL
araz.az xəbər portalı.