Azərbaycan vətəndaşı Seymur Quliyev Milli Məclisin qarşısında təkadamlıq aksiya keçirib. Seymur Quliyev Sabunçu rayonundan deputat Əliabbas Salahzadənin və yaxınlarının onun özəl torpaq sahəsini zəbt etmələrinə bu şəkildə etiraz edib.
O, üzərində “Əliabbas Salahzadə! Ailəlikcə zəbt etdiyin özəl torpağımdan çıxın!”, “Torpaq zəbt edən deputatın yeri Milli Məclis yox, həbsdir!”, “Əmlakımı zəbt edən deputat Əliabbas Salahzadənin mandatı geri alınsın!” sözləri yazılan plakatlar qaldırıb. Təkadamlıq aksiya bir neçə dəqiqə davam edib. Seymur Quliyev “Yeni Müsavat”a deyib ki, aksiyanı 9 il əvvəl zəbt olunan, hazırda Hacı Qalib Salahzadə tərəfindən “Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edilən özəl torpağında davam etdirəcəyini də bildirib: “Azərbaycanda elə bir dövlət qurumu yoxdur ki, Hacı Qalib Salahzadənin mənə qarşı cinayət törətdiyindən xəbərsiz olsun. Qalib Salahzadə Bilgəh qəsəbəsində özünü balaca padşah sayır, Azərbaycan qanunlarını da qəbul etmir. Mənim özəl torpağımı zəbt edən zaman o, deputat idi. Təsəvvür edin ki, torpağımı zəbt edib bu gün deputat olan oğlu Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Allahşükür qızının adına çıxarış almışdı. Bu gün həmin çıxarış ləğv olunub. Amma Qalib Salahzadə, onun deputat oğlu Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı mənim özəl torpağımdan çıxmırlar, məni də illərdir ki, özəl torpağıma buraxmırlar. Torpağımla bərabər dənizə gedən, dövlətin çəkdiyi yolu da zəbt ediblər. Əmlak Komitəsindən heç bir əsası olmayan çıxarış almaq da bunlar üçün su içmək qədər asan idi. Əlimdə Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarı var ki, torpaq mənimdir. İllərdir ki, həmin qərar icra edilmir”.
Vətəndaş deyir ki, baş prokuror Kamran Əliyevə müraciət edərək onu qəbul etməsini istəyib: “Xahişim odur ki, Qalib Salahzadə barəsindəki cinayət işi məhkəməyə göndərilsin. Torpağımın zəbt edilməsi, oradakı 2 evimin talan edilib özülünə qədər sökülməsi, həyətdəki ağacların qırılması, hovuzun dağıdılması ilə bağlı Qalib Salahzadə barəsində 5 maddə ilə cinayət işi aparıldı. İş 1 ildən çoxdur ki, Baş Prokurorluğa göndərilib. Qalib Salahzadənin mənə qarşı cinayəti ortalıqdadır, faktlarla, sübutlarla, şahid ifadələri ilə təsdiq olunub”.
Vətəndaş deyir ki, hüquqlarının bərpasına nail ola bilməməsindən, müvafiq qurumların hərəkətsizliyindən bezib: “Azərbaycan Konstitusiya Məhkəməsi torpağın mənim olduğunu təsdiq edən qərarının icrasını illərdir ki, gözlədim. Artıq səbrim qalmayıb, həmin qərarla birgə ailəmi də götürüb Bilgəhdəki torpağıma gedəcəyəm. Artıq bunun üçün də hazırlıq işləri görmüşəm. Gedib torpağımda çadır qurub yaşayacağıq. Bütün KİV nümayəndələrini də Bilgəhə, özəl torpağıma dəvət edirəm. Hüquq mühafizə orqanlaırndan da xahiş edirəm ki, mənim və ailəmin təhlükəsizliyini təmin etsinlər”.
Qeyd edək ki, Seymur Quliyevə məxsus Bilgəh qəsəbəsində 20 sot torpaq sahəsi zəbt olunub, içindəki 2 və 3 mərtəbəli evlər talan edilib və özülünə qədər sökülüb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.