DogruXeber.az: – Söhbət yenə döndü-dolandı, gəldi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üstünə.
Açıq desək artıq bu qurum haqqında yazmağa söz tapmırıq. Çünki, hər gün, gündə dəfələrlə vətəndaş şikayətləri əsasında bu mövzuya toxunmaq məcburiyyətində qalırıq. O qədər demişik, o qədər yazmışıq ki, deyiləcək söz də tapmırıq. Amma, bizdə söz tükənsə də, Sahil Babayevin rəhbərlik etdiyi bu qurumun əməkdaşlarında əhaliyə tətbiq olunan “işgəncə üsulları” tükənmək bilmir ki, bilmir.
Elə bir bölgə yoxdur ki, oranın sakinləri yerli DSMF və Məşğulluq idarələrindən gileylənməsin.
Giley nə ki?
Hətta camaat bu qurumun əlindən zara gəlib desək, daha doğru olar.
“Balıq başdan iylənər” deyiblər.
Qurum əməkdaşları özbaşına deyil ki. Başları üzərində onlara “bəsdir” deməyi bacarmayan, daha doğrusu demək istəməyən rəhbərlərini gördükcə daha da “ürəklənir”, vətəndaşların “başlarına dayadıqları pilləkənlər” ilə üzü yuxarı, başlarına çıxmağa doğru iri və sürətli addımlar ilə hərəkət etməkdə davam edirlər.
Bu gün qazi və şəhid ailələri, müharibə iştirakçıları müharibədə düşmənlə üz-üzə çəkmədikləri zülmü, DSMF-larında, Məşğulluq idarələrində, ƏƏSMN-nin önündə çəkirlər.
Bu qədər insanları özündən narazı salmaq görəsən sözügedən nazirliyin hansı işinə yarayır?
DogruXeber.az informasiya agentliyinin redaksiyasına hər gün Sosial Müdafiə Nazirliyi və nazirliyin tərkibində olan idarələr barəsində vətəndaş şikayətləri daxil olur.
Ötən həftə ərazi üzrə məşğulluq idarəsindən özünüməşğulluq proqramına qoşulmaq, iribuynuzlu mal-qara əldə etmək üçün illərdir yollarda qalan aztəminatlı İsmayıllı rayon sakini Kamil Rəcəbalıyevin də şikayətini dərc etmişdik.
Hələ bir çox dərc etmədiyimiz şikayətlər də var ki, onları da problemləri həll edilmədikcə ardıcıl yayımlayacağıq.
İndi, o şikayətlərdən daha birini – Şamaxı rayon, Dağ bağırlı kənd sakini Abdurreyimov Faiq Fazil oğluna sözügedən qurumun əməkdaşlarının yaratdığı problemləri diqqətinizə çatdırmaq istəyirik.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/ONMB2gAzIJE'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Qısa olaraq bildiririk ki, Abdurreyimov Faiq Fazil oğlunun övladı, Abdurreyimov Cabar Faiq oğlu anadangəlmə ürək qüsurludur.
Tək mədəciklə doğulub. İllərdir ki, aztəminatlı ailənin başçısı Faiq Abdurreyimovun qazandığı 3-5 manat çörəkpulu da övladının iynə-dərmanlarına xərclənir.
Doğrudur Cabar ikinci qrup əlillik dərəcəsi ilə 135 azn təqaüd alır. Amma, qiymətlərin hər yerdə, eləcə də əczaxanalarda “ulduzun dibi”ndə olduğu bir vaxtda 135 AZN heç onun ağrıkəsici dərmanlarına belə yetmir, o ki, qaldı ümumi müalicəsi.
Faiq Abdurreyimovun sözlərinə görə övladının düçar olduğu sağalması mümkünsüz bu xəstəlik sürətlə irəliləyir. Övladı Cabar artıq yataq xəstəsidir. Əmək qabiliyyətini tamamilə itirib. Hansı ki, bunu həkimlər özləri təsdiq edir. Özünün bioloji ehtiyaclarını belə ödəyə bilməyən 21 yaşlı Cabar Abdurrahmanova ikinci qrup əlillik verilən zaman komissiya sənədində yazılıb ki, “yüngül, oturaq işlərdə çalışa bilər”. Lakin, qeyd kimi etdiyimiz kimi keçən müddət ərzində Cabarın xəstəliyi o qədər irəliləyib ki, indi otura da bilmir. Odur ki, otura bilməyən insan, oturaq işdə də təbii ki, işləyə bilməz.
Cabar Abdurreyimovun vəziyyəti günü-gündən ağırlaşaraq, onu yataq şəraitində yaşamağa məhkum edib. Onu müayinə və müalicə edən müxtəlif həkimlərin də dediyinə görə Cabar artıq birinci qrup əlil sayılır.
Odur ki, əlillik dərəcəsinin dəyişdirilməsi üçün atası Faiq Abdurreyimovun uzun müddətdir ki, “döymədiyi qapı qalmayıb”. Lakin, hər dəfəsində ona cavab olaraq göndərilən sənədlərdə “yanlış, yaxud natamam doldurulma” sözləri qeyd olunur.
Yeri gəlmişkən redaksiyamıza bu cür problemlə üzləşən onlarla vətəndaş şikayətləri vardır. Bunun bağlı biz xəstəxananın baş həkimi ilə də əlaqə saxladıq. Baş həkim bildirdi ki, “o bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır. Ölkədə müraciət edənlərin hamısına Nazirlik o cavabı göndərib, vətəndaşları başından edir.”
Biz də öz növbəmizdə yaranmış suallarımıza aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin qaynar xəttinə zəng etdik.
Sıra növbəsində on yeddinci idik!
Mobil telefonla zəng etməyimizə baxmayaraq, bir saatdan artıq müddətdə xəttə növbəmizi gözlədikdən sonra, nəhayət Bəsti adlı xanım operator zəngimizi cavablandırdı.
Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı yaranmış suallarımızı Bəsti xanıma ünvanladığımızda, Bəsti xanım cavablandırmaqda çətinlik çəkdi və bildirdi ki, “mən sadəcə operatoram”. O zaman xanımdan bizi bir məsul şəxsə yönləndirməsini, yaxud aidiyyəti üzrə agentlikdəki ekspert həkim komissiyasının sədri Mətanət xanımın və ya ümumi rəhbər Anar Bayramovun telefon nömrəsini verməsini xahiş etdik.
Xanım belə bir səlahiyyətinin olmadığını bildirdi.
Əslində bizim suallarımızı cavablandıra bilməməyin özü də operator Bəsti xanımın deyil, birbaşa sözügedən nazirliyin günahıdır.
Əgər qurumun qaynar xətt xidməti fəaliyyət göstərirsə, qaynar xətt nömrələrinə cavab verən şəxslər işi bilən mütəxəssislər olmalıdır ki, o qədər xəttə gözlətdikləri insanların heç olmasa suallarına aydınlıq gətirə və aidiyyəti üzrə yönləndirə bilsinlər.
Bəsti xanım bizi biraz da xəttə gözlədib dəstəyi Cahid adlı həkimə verdi. Biz xanıma ünvanladığımız sualları təkrar Cahid həkimdən də soruşduq. Lakin, telefona niyə çağırıldığını bilmədiyimiz Cahid həkim də suallarımıza cavab verə bilmədi.
Cahid həkim bizim yanımızda əyləşib, əməkdaşımızla bərabər telefonla onlarla danışan Faiq Abdurreyimova (xəstənin atası) istehza ilə deyir ki, “siz getmisiniz, komissiyada olmusuz, heç nə etməyiblərsə, indi getdiyiniz yer (yəni redaksiya) sizin üçün edəcək?!
Siz ekspertizanın göbəyində olmusuz orda bir şey etməyiblər, mən neyniyə bilərəm telefonda sizə?!”
Bəli, haqlısınız Cahid bəy.
Ola bilər ki, biz əlillik dərəcəsi ilə bağlı heç bir şey edə bilmirik. Amma, bizim də öz işimiz var. Biz də məsuliyyətsiz nazır Sahil Babayevin və onun rəhbərliyi altında fəaliyyət göstərən, sizin çalışdığınız qurumun məsuliyyətsiz əməkdaşlarının necə çalışdıqlarını içtimailəşdirib, aidiyyəti üzrə ünvanına yönləndirməsini bacarırıq və icra edirik.
Cahid həkimin də bizə son sözü o oldu ki, “bizlik deyil. Mənim o səlahiyyətim yoxdur”.
Mətbuat ilə bu cür danışan, hər bir zəng edən şəxsi saatlarla telefon xəttində gözlədib, sonunda suallarını normal cavablandırmağı belə bacarmayan əməkdaşları olan bu qurumun yaratdığı problemlər yeni deyil.
Hər gün Sahil Babayev və onun yarıtmaz fəaliyyəti, məsuliyyətsiz, özbaşına komandası barəsində media gündəmində yayımlanan vətəndaş şikayətləri yəqin ki, artıq Prezidentin də diqqətindən yayınmış deyil. Ümid edirik yaxın günlərdə sözügedən qurum və rəhbəri barəsində saysız narazı vətəndaşları razı salan, ən azından Sahil Babayevə olan övkələrini sakitləşdirəcək bir qərar imzalanacaqdır.
Yəqin ki, o gün çox da uzaqda deyil.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.