mebes-bayrami.jpg

Hicri-qəməri tarixinə əsasən, bu gün müqəddəs “Məbəs” və ya “Besət” günüdür.

araz.az xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-i, yəni islam peyğəmbəri Məhəmməd ibni Abdullaha (s.ə.s) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.

Məhz həzrəti Məhəmməd(s) Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bu gündə nazil olur. Tarixi hədislərə görə, bu gündə peyğəmbərin 40 yaşı var idi.

“Məbəs” günü ilə bağlı ən maraqlı məqam budur ki, yazmağı və oxumağı bacarmayan, müəyyən bir məktəbə, mədrəsəyə getməyən, heç bir şairin, kahinin, keşişin, alimin yanında təlim-təhsil görməyən, ümumiyyətlə heç bir orta və ali təhsili olmayan bir pakizə insan dərhal Qurani-Kərim kimi qeyb aləmindən, keçmişdən tarixi hadisələrdən və faktlardan, gələcəkdən, şerin, ədəbiyyatın, nəzmin incəliklərindən, ictimai qanunlardan, hüquqi vəzifələrdən, məhkəmə sistemindən, ictimai ədalətdən və kamil dünyəvi baxışdan, zülmə qarşı mübarizə hərəkatından, yerin-göyün sirlərindən və aləmlərin rəbbi və onun sifətləri barədə xəbər verən kitabı bəşəriyyətə təqdim edir.

Məhz buna görədir ki, müsəlmanlar “Məbəs” gününü bayram etməyi özlərinə borc bilirlər.

Hazırda islam dünyasında bir çox ölkələrdə baş verən ikitirəliyin səbəblərini də əslində Məbəs gününün dəyərlərindən uzaqlaşmasında görmək olar. Məbəs günü müsəlman dünyasını Məhəmməd(s) peyğəmbər ətrafında, birləşməyə çağırarkən, islam dünyasında fikir ayrılıqların gündən-günə dərinləşdiyinin şahidi oluruq. Bu gün Məbəs və Məhəmməd peyğəmbər əslində islam dünyasını birləşdirən əsas amildir. Məhz buna görə, Məhəmməd ibni Abdullaha(s) vəhyin gəlməsi və onun peyğəmbər olması müsəlmanlara birlik, firavanlıq, və səadət bəxş etməlidir. (Cenubpress)

araz.az xəbər portalı.