Cahit Bagci e1620063303745

“Türkiyənin Azərbaycandakı səfiri olaraq ilk dəfə Gəncədəyəm”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

C. Bağçı deyib ki, bu səhər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb, hazırda isə cəbhədə cəsarət göstərə bilməyən Ermənistan Ordusunun müharibənin gedişini dəyişdirmək üçün Gəncədə mülki insanların yaşadığı binalara endirdiyi zərbələrin olduğu yerdədir: “Qarabağ Zəfəri ilə bağlı Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və onun arxasında mətanətlə duran qardaş Azərbaycan xalqını təbrik edirəm. Ümummilli lider Heydər Əliyevin arzusu gerçəkləşib, Azərbaycan Qarabağı azad edərək daha güclü dövlətə çevrilmək yönündə əmin addımlarla irəliləyib. Həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyirəm. 2900-ə yaxın şəhid var, bunun 116-ı Gəncədəndir. Hazırda Gəncədə olduğumuz yerdə də Ermənistan Ordusunun zərbələri nəticəsində mülki insanlar həyatını itiriblər”.

Səfir qeyd edib ki, Vətən müharibəsi dövründə işğaldan azad edilən hər kənddə, rayonda ucaldılan Azərbaycan bayrağı Azərbaycanda olduğu kimi Türkiyədə də coşqu ilə qarşılanıb: “Azərbaycan bayrağı azad edilən hər kənddə, rayonda dalğalananda, minarələrdən oxunan azanları eşidəndə, bizlər də Ankarada sevindik, çox şükür dedik. Bu müharibə Qafqaz, Xəzər, Türk Dünyası baxımından önəmli bir dönüş nöqtəsidir. Tovuza hücumlar, Vətən müharibəsi başladığı ilk andan Türkiyə qardaş Azərbaycanın yanında olub, mənəvi və siyasi dəstək verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəqiqədən Azərbaycan Prezidenti İlham Əliyevin yanında olduğunu dünyaya bəyan edib”.

C. Bağçı ermənilərin işğal etdikləri torpaqlarda 30 il boyunca istehkamlar qazdığını, təmas xəttini minaladığını xatırladıb: “Ermənistan bu işğalın 44 gündə bitəcəyini düşünmürdü. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ermənilərin 30 il ərzində yaratdıqları istehkamları darmadağın edib. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə fikrimi bitirmək istəyirəm: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlətik”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, “biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Birliyimiz qardaşlığımız, qardaşlığımız birliyimiz üçündür. Biz bir ananın iki oğluyuq”.

Səfir Gəncəyə səfərində məqsədin Türkiyənin Azərbaycanla hər sahədə əməkdaşlığını daha da inkişaf etdirmək olduğunu vurğulayıb: “Bu, Gəncəyə ilk ziyarətim olmayacaq, tez-tez gələcəm”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.