Son günlər Azərbaycanda narkotik vasitələrdən, xüsusilə sintetik uyuşduruculardan istifadə hallarının çoxaldığı barədə xəbərlərə və videolara tez-tez rast gəlirik. Bir sıra ictimai xadimlər, məşhur şəxslər və siravi vətəndaşlar 21-ci əsirin bəlasına çevrilmiş narkomaniyanın ölkəmizdə geniş yayılmasından narahatlıq ifadə edirlər.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da son vaxtlar ölkədə tüğyan edən narkomaniya ilə bağlı narahatlığını ifadə edib və cəmiyyətə müraciət ünvanlarıb.
Nazir vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.
Vilayət Eyvazov, problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb.
Təbii ki, Azərbaycan polisi bütün dövrlərdə “Narkotiklərə yox!” devizi altında narkomaniyaya qarşı genişmiqyaslı mübarizə aparıb. Son aylarda isə Azərbaycan gəncliyini zəhərləyən narkotacirlərə qarşı mübarizə daha da gücləndirilib. Demək olar ki, hər gün polis əməkdaşları tərəfindən tonlarla narkotik maddə müsadirə olunur, “patı” və “şüşə” adlı sintetik uyuşdurucuları satanlar cinayət məsuliyyətinə cəlb edilir.
Bütün mübarizə tədbirlərinə baxmayaraq, Azərbaycanda narkomaniyanın kökünü kəsmək mümkün olmur. Bəs Azərbaycan gəncliyini bu bəladan xilas etmək üçün hansı effektiv tədbirləri həyata keçirmək olar?
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda nakomaniyaya qarşı effektiv mübarizə aparılsa da, genişmiqyaslı maarifləndirməyə ehtiyac var.
Sitat: “Ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı fakt artımı varsa, mübarizə də artan tendensiya ilə irəliləyir. Narkomaniyaya qarşı mübarizə Daxili İşlər Nazirliyinin kollegiyasının nəzarətindədir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 6 ay ərzində narkomaniyaya qarşı mübarizəni daha çoxşaxəli həyata keçirir, daxil olan əməliyyat məlumatlarına çevik şəkildə reaksiya verilir və faktlar da öz təsdiqini tapır. Həmçinin Ordumuzun Qarabağı işğaldan azad etməsi, cənubdan dövlət sərhəddimizə tam nəzarət imkanı əldə etməyimizlə nəticələndi. Diqqət etsək, son iki ay ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları ilə narkotacirlər arasından narkotik maddələrin sərhədən qanunsuz keçirilməsi ilə bağlı silahlı gərginliklərin yaranmasına dair daha çox xəbərə rast gəlirik. Azərbaycanda müvafiq qurumlar narkomaniyaya qarşı effektiv mübarizə aparırlar. Amma hüquq-mühafizə orqanları bütün ərazilərə nəzarət edə bilməz. Cəmiyyətimizdə nəzarət və maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir” – sitatın sonu.
Birlik sədrinin sözlərinə görə, maarifləndirmə işi əsasən sistemli şəkildə aparılmalı, televiziyalarda narkotikin ziyanları barədə verlişlər hazırlanmalı, mətbuatda silsilə yazılar dərc olunmalıdır.
Sitat: “Narkomaniyaya qarşı mübarizədə əsas və effektiv vasitələrdən biri maarifləndirmədir. Maarifləndirmə cəmiyyətin əlinin çatdığı çox mühüm vasitədir. Neçə ki, koronavirsa qarşı vaksinasiya təbliğ olunur, narkotikin zərərləri də belə effektiv şəkildə təbliğ edilməlidir. Narkomaniyanın ziyanları barədə televiziyalarda effektiv təbliğat aparılmalı, heç olmasa yarım saatlıq verlişlər hazırlanmalıdır. Düşünürəm ki, bu istiqamətdə Təhsil Nazirliyi daha effektiv mübarizə aparmalı, məktəblərdə, universitetlərdə təbliğat xarakterli təbirlərin sayı artırılmalıdır. Həmin tədbirlərdə sosialoqlar, psixoloqlar, həkimlər, kriminalistlər və hüquqşunaslar iştirak etməlidir. Narkotik zərərli vərdiş kimi geniş təbliğ olunmalıdır. Məsələn, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri kimi “Ağıllı ailə”, “Ağıllı universitet”, “Ağıllı məktəb” tipli maarifləndirici layihələr də həyata keçirilməlidir. Ümumiyyətlə, bütün məsuliyyəti polisin üzərinə qoymaq olmaz. Valideynlər də öz övladlarına nəzarət etməlidir. Ailələr övladlarını dinləməli, onlara təzyiq etməməlidir. Azərbaycanda polis əməliyyat məlumatı əsasında hər hansı evə daxil ola bilər. Bu baxımdan, düşünürəm ki, vətəndaşlarımız polislərimizə dəstək olmalıdır, cəmiyyət birlik göstərməlidir. Biz gənclərə narkotik maddələrin onların gələcəyini məhv edəcəyini aşılamalıyıq. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda bu tipli təbliğat vasitələri nəzərdə tutulub” – sitatın sonu.
Şəmsəddin Əliyevin sözlərinə görə, narkomaniyaya qarşı mübarizə tərbirləri sırasında Səhiyyə Nazirliyinin də görməli olduğu işlər var.
Sitat: “Məsələn, apteklər var ki, 7/24 işləyir. Bu apreklərdə alışı və satışı çox rahat olan xüsusi bihuşedici həblər var. Bu həblərdən əsasən gənclər istifadə edir. Səhiyyə Nazirliyi apteklərdən bihuşedici həblərin satışına daha ciddi nəzarət etməlidir. Bu həblərin apteklərdə satışına qadağa qoymaq lazımdır. Həblərə ehtiyacı olan xəstələr onları əldə etmək üçün poliklinikalara müraciət etməlidir. Şimali Koreyada və Şri-Lankada bu qadağalar tətbiq olunduqdan sonra narkomaniyaya qarşı mübarizədə ciddi nəticələr əldə olunub” – sitatın sonu.
Birlik sədri bildirib ki, narkomanlıq təkcə ölkəmizdə deyil, bütün planetimizdə sürətlə yayılan bəlaya çevrilib. Onun sözlərinə görə, dünyada narkomaniyanın yayılmasında maraqlı olan güclər var.
Sitat: “Narkotik dövrüyəsinin artımından maraqlı olan, bu sahəni kurasiya edən, himayə altına alan böyük narkobaronlar, ticarət maqnatları var. Onların dünyada kifayət qədər bank hesabları, hərbi arsenalları və hakimiyyət dairələrində havadarları mövcuddur. Məsələn, Əfqanıstan və Kolumbiya kimi ölkələrdə istənilən narkotik maddənin açıq satışı həyata keçirilir. Açıq bazar olduğu üçün narkotacirlər maddələri çox asanlıqla əldə edirlər. Bir çox xarici ekspertlər deyirlər ki, beynəlxalq narkotik bazar bağlanmalıdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) 5 daimi üzvü üçün beynəlxalq nakotik bazarını bağlamaq o qədərdə çətin iş deyil. Maraqlı qüvvələr beynəlxalq narkotik bazarının bağlanmasına imkan vermir. Çünki həmin qüvvələr narkotikdən əldə etdikləri gəlirləri öz pis məqsədləri üçün istifadə edirlər” – sitatın sonu.
Elvin MƏMMƏDOV
Missiya.Az
araz.az xəbər portalı.