Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni rayonu ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb. Bunu mətbuata Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub.
Maraqlıdır ki, Xidmət rəisi icarəyə götürdüyü meşə fondu sahəsində yaş ağaclara divan tutan “Beta” şirkətinə qarşı hansı tədbirlər görüləcəyi, şirkətin hansı şəkildə cəzalandırılacağı barədə bir söz deməyib.
Ümumiyyətlə, yerli şirkətlərin təbiətə, meşə zolaqlarına və sair divan tutması adi hal alıb. Bir şirkət ağacları kəsir, başqa birisi ağacların diblərini asfaltladır, yaşıllığı məhv edir, başqa birisi çirkab suları dənizə axıdır və sair. Ekspertlər deyir ki, belələrinin dərs götürməsi üçün konkret cəza müəyyən edilməlidir, çünki cərimələr işə yaramır, problemin qarşısını ala bilmir.
- Telman Zeynalov: “Bu cür şirkətlər, şəxslər cəzalandırılmalıdır və bu barədə ictimaiyyətə məlumat verilməlidir”
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov “Bakı-Xəbər”ə bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalinin oksikenlə təmin olunmasını istəyirsə, özünün də elan etdiyi kimi, ölkə ərazisinin 3-də 1 hissəsini meşə örtüyü təşkil etməlidir: “Lakin bizdə bu 8, 6 faizdi, 273 min hektar da Qarabağ ərazisində idi, amma ermənilərin tapdağı altında qaldığı müddətdə nə qədər meşə zolağının qırıldığı hələ məlum deyil. Ölkəmizdə ciddi oksiken çatışmazlığı var. Bu tərəfdən də, “Beta” kimi şirkətlər meşələrə divan tutur. Əgər şirkət çay plantasiyalarını genişləndirmək istəyirsə, nəyə görə meşə sahəsini qırır, meşə ərazilərinə müdaxilə edir? O qədər boş ərazilərimiz var ki, işlərini orada görsünlər. Bütün bunların baş verməsi onunla bağlıdır ki, bu sahəyə nəzarət yoxdur. İqtisadiyyata, pul qazanmağa ekologiyanı qurban verirlər, bu səbəbdən də ekologiya sual altında qalır. Belə çıxır ki, Ekologiya Nazirliyinin o şirkətə gücü çatmır, görünür, arxasında hansısa vəzifəli şəxslər durur. Bu sahədə özbaşınalıq baş alıb gedir. Əslində, bu cür şirkətlər, şəxslər cəzalandırılmalıdır və bu barədə ictimaiyyətə məlumat verilməlidir”.
T.Zeynalov hesab edir ki, meşələrin qırılması qlobal istiləşməyə səbəb olur və bunun da mənfi nəticəsini hiss edirik.
- Şəmsəddin Əliyev: “Cəzalar sərtləşdirilməlidir”
Məsələnin hüquqi tərəfinə münasibət bildirməsi üçün isə “Polisə dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin rəyini öyrəndik. Ş.Əliyev bizimlə söhbətində bildirdi ki, belə məsələlərlə bağlı qanunvericilikdə maddələr var və bu cür qanunsuzluğa yol verənlərə qarşı sərt tədbirlər görülməlidir: “Bütün hallarda, ümumi niyyətlərdən kənara çıxanda bu artıq başqa cinayət növlərindən xəbər verir. Ümumiyyətlə, Cinayət Məcəlləsində ekoloji cinayətlərlə bağlı bir fəsil maddə var və 28-ci fəsil sırf ekoloji cinayətlərlə əlaqədardı. Məsələn, hansısa bir işi həyata keçirmək üçün ətraf mühitin qaydalarının, ekoloji cəhətdən təhükəli maddələrin, tullantıların dövriyyəsi qaydalarını, baytarlıq qaydalarının pozulması, meşələrin qırılması, su hövzələrinin çirkləndirilməsi, torpaqların korlanması və s. məsələlərlə bağlı cəzalar burada əks olub. Amma çox təəssüf ki, 28-ci fəsildə göstərilən maddələrin tam əksəriyyəti Cinayət Məcəlləsinin “ölü maddə”ləridir. Yəni faktiki olaraq maddə var, amma işlək deyil. Həmişə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərinin qorunmasına, onların icrasına və sair toxunanda tənqidi münasibətlərimi bildirmişəm. Doğrudan da, bu gün Bakı şəhərinin mərkəzində ağaclar qırılır, yerində binalar tikilir. Məsələn, “Skaçka”nın yanında ağaclar qırılıb, yerində 7 mərtəbəli binalar inşa olunub. Eləcə də, Cənub bölgəsində ümumiyyətlə meşələrə, yaşıllıqlara qarşı soyqırım var. Lerik zonasında, Talış dağlarında meşələr qırılır. Bu gün “Beta” şirkəti orada hər hansı bir niyyətlə iş görmək istəyirsə, zərrə qədər də olsun ətraf mühitə və təbiətə zərər gətirməməlidir. Kimlərsə öz səlahiyyətlərindən istifadə edib həmin o şirkətin nizamnamədə göstərilən fəaliyyət istiqamətlərini həyata keçirmək üçün onlara meşə fondunda yer ayırmamalıdır.
Düzdür, ölkə başçısı hər zaman deyir ki, ölkənin sahibkarlarına mane olmaq olmaz, əksinə, onların fəaliyyətinə geniş meydanlar açmaq lazımdır. Amma sahibkarlar da, şirkətlər də bundan sui-istifadə edib ekoloji terrorla məşğul olmamalıdırlar. Bu, bilərəkdən törədilən cinayətlər tərkibinə daxildir. Burada ehtiyatsızlıqdan əsər-əlamət yoxdur. Yəni şəxs, şirkət bilərəkdən bunu edir. Əgər o, meşəni qırırsa və əlində baltası, kəsici alətləri varsa, bilə-bilə meşə zolağını məhv edir. Ona görə də, hesab edirəm ki, cəzalar sərtləşdirilməlidir. Cəzaların bir qədər də sərtləşməsinə ciddi ehtiyac var”-deyə Ş.Əliyev vurğuladı.
Ş.Əliyev onu da əlavə etdi ki, meşələrin qırılması su ehtiyatlarının tükənməsi, su mənbələrinin quruması deməkdir, bu isə böyük ekioloji fəlakətdən xəbər verir.
İradə SARIYEVA
araz.az xəbər portalı.