“İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, “Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9% ölüm faizi göstərən “Alfa” variantı ilə müqayisədə “Delta”nın ölüm faizi 0,2% təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, “Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə ölümcüldür”.
Bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Alim bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu “Delta” variantı ilə baş verib: “mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. “Delta” növü peyvənd almayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir”.
N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistikanı isə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxmaları bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları ilə müqayisə etdikdə görülür:
“Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə “Delta” variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda “Alfa” variantı ilə eynilik təşkil edir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.