Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ və müttəfiqləri tərəfindən Suriyanın raketlərlə vurulmasını pisləyən bəyanat qəbul edib.
QAT-ın bəyanatında bildirilir ki, ABŞ rəhbərliyinin Suriyaya raket hücumu üçün gətirdiyi arqumentlərin heç biri əsaslı görünmür: “Rəsmi Vaşinqton bu hərəkəti ilə “dünya jandarmı” rolunu davam etdirir”.
QAT bəyanatında qeyd olunur ki, bu məsələyə birinci növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərindən yanaşırlar:
“Son aylar ərzində Suriya məsələsi ilə bağlı Türkiyə və İran arasında ciddi həmrəylik yaranmışdı və bu həmrəylik artıq öz nəticələrini verirdi. İran və Türkiyə birliyi regionda ciddi güc amilinə çevrilməkdə idi. Rusiya da bu amillə hesablaşırdı. İndi bu birlik təhlükə qarşısındadır”.
QAT hesab edirik ki, ABŞ-ın Suriyaya müdaxiləsi ilə bağlı Türkiyə və İran vahid mövqedən çıxış etməlidir. Türkiyə ilə İranın birgə olması Qarabağ probleminin həllinə də müsbət təsir göstərə bilər. “Biz Rusiyanın Suriya ilə bağlı mövqeyini müdafiə etmirik, ABŞ da, Rusiya da Suriyada hegemonluq uğrunda mübarizə aparır və təcavüzkar mövqedən çıxış edirlər. Bizim üçün Türkiyə ilə İranın birlikdə çıxış etməsi, İslam dünyasının birliyinin möhkəmləndirilməsi maraqlıdır. İran və Türkiyəni Suriya məsələsində eyni mövqedən çıxış etməyə, Qarabağ məsələsində birlikdə olmağa, Suriya məsələsinin İslam dünyasına nifaq salmasına imkan verməməyə çağırırıq”,-deyə QAT-ın bəyatında bildirilir. (Reyting.az)
araz.az xəbər portalı.