Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, “Pen-Klub”un prezidenti Çingiz Abdullayev Rusiyanın “Vestnik Kafkaza” nəşrinə müsahibə verib.
Araz.az Teleqraf.com-a istinadla həmin müsahibəni təqdim edir:
– Azərbaycan rəhbərliyi hazırda yaradıcı ziyalılara hansı diqqəti ayırır?
– Prezident İlham Əliyevlə yanaşı birinci vitse-prezident Mehriban Əliyeva yaradıcı birliklərə böyük diqqət ayırır. Yazıçılar Birliyində xüsusi prezident təqaüdləri təsis edilib. Bu təqaüd yazıçıların rahat yaradıcılıqla məşğul olmasına kömək edir. Hazırda 70 yazıçı təqaüd alır.
Bundan başqa, biz gənclərə də prezident təqaüdləri veririk. Azərbaycan dünyada yeganə ölkədir ki, ədəbi qəzet və jurnallar dövlət büdcəsindən maliyyələşir. Bu sistemi ümummilli lider Heydər Əliyev yaradıb. Bu, ədəbiyyata dövlət qayğısının bariz nümunəsidir.
Bizim “Pen-Klub”umuz müstəqil qurumdur. Ancaq dövlət bizə də yardım göstərir. Biz yazıçıların öz əsərlərini Azərbaycan və rus dillərində internetə yerləşdirib, pul qazana bilmələri üçün unikal sistem yaratmışıq. Dünyanın istənilən yerində onların əsərlərindən hər hansı biri oxunsa, təşkilatın hesabına pul köçürülür və bu pullar müəllifə çatır.
Biz istərdik ki, bu proqramda rus dili ilə yanaşı, ingilis dilindən də istifadə edilsin. Əgər rus dilində kitabları milyonlarla insan oxuyursa, ingilis dilində bu rəqəm milyardlarla ölçüləcək. Bu oxucular arasında bizim yazarların kitablarını oxumaq istəyən olacaq.
– Azərbaycanda rus ədəbiyyatına tələbat nə qədərdir?
– Rusca çox insanlar oxuyur. Mağazalara Moskva, Sankt-Peterburq və digər şəhərlərdən çox sayda kitab gətirilir. “Azərbaycan ədəbiyyatı” jurnalı və “Ədəbiyyat dünyası” qəzeti rus dilində çıxır. Bundan başqa, internetdə rus dilində 700 milyon kitab tapmaq mümkündür.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan dilində yazıb və indi də yazmaqda davam edir. Sonuncu romanı olan “Gecə düşüncələri” əsərini isə rus dilində yazıb.
Azərbaycan yeganə ölkədir ki, prezidentimiz Moskvada universitetdə rus dilində təhsil alıb. Eləcə də, bəzi nazirlərimiz və səfirlərimiz də rus dilini mükəmməl bilir. Ona görə bizim rus dili ilə problemimiz yoxdur.
– Digər ölkələrlə humanitar əlaqələr necədir?
– Təkcə Rusiya ilə deyil, Belarus, Ukrayna, Moldova, Mərkəzi Asiya, Baltikyanı ölkələrlə əlaqələrimiz çox yaxşıdır. Sovet İttifaqı dağılsa da, humanitar əlaqələr qalıb. Bizi son bir neçə yüzillikdəki ümumi tarix və rus dili əlaqələndirir. Biz biri-birimizlə rus dilində danışırıq.
– Rusiyada şairdən çox şair var. Bəs Azərbaycanda yazıçı?..
– Mən dünyanın 79 ölkəsində olmuşam və bilirəm ki, dünyada elə şəhər yoxdur ki, şair və yazıçılara Bakıdakı qədər heykəl ucaldılsın. Bizdə min il tarixi olan Nizami məqbərəsi var. Füzuli İmam Hüseyn məscidinin yanında dəfn edilib.
1917-ci ildə elan etdilər ki, Allah yoxdur və ədəbiyyat dini əvəz etdi. 1991-ci ildə isə bəyan etdilər ki, vicdan da yoxdur. Belə çıxır ki, nə vicdan var, nə din, nə Allah…
Dostoyevski demişdi: “Allah yoxdursa, mən bundan sonra necə kapitan olum?” Ancaq Heminquey deyirdi ki, yazıçının vicdanı olmalıdır.
Mən insanlar tanıyıram ki, mərdliyin simvolu olublar, sovet dövründə heç nədən, hətta repressiyadan qorxmayıblar. 1991-ci ildən sonra onların bəziləri dəyişdi. Pul onları sındırdı. Sovet İttifaqı və senzuranın edə bilmədiyini pul etdi.
Çox təəssüf ki, nə Rusiya, nə Azərbaycan, nə də Gürcüstanda yazarlara həminki hörmət var… Lakin yazıçı sözü hələ də bir vaxtlar Yaxın Şərqdə olduğu kimi önəm daşıyır. Dağlıq Qarabağ münaqişəsi başlayanda insanlar mitinqlərə toplaşır və yazıçıların evlərinə gedirdilər. Onlar rayon komissarlığına, dövlət idarələrinə deyil, yazıçı və şairlərin yanına gedir və fikirləşirdilər ki, qələm sahibləri onlara nə etmək lazım olduğunu deyəcəklər. Bax belə inam vardı. Yəni ehtiram hələ də qalır. Ümid edirəm ki, bu, həmişə var olacaq.
araz.az xəbər portalı.