nesib-Quliyev.jpg

Uşaqlar arasında müşahidə edilən yüksək hərarət, boğaz ağrısı son vaxtlar ailələri ən çox narahat edən məsələyə çevrilib. Günün aktual problemi, ondan qorunmaq yolları, eləcə də, uşaqların gec danışması, yeriməsi, peyvənd vurdurmaqla bağlı ikili yanaşma kimi valideynləri narahat edən suallara Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Publika.az-a müsahibəsində aydınlıq gətirib.

Baş pediatr ana südü və təbii yolla doğumun uşağın səhhətinə təsirləri, cərrahi yolla doğulan uşaqların ciyərində toplanan suyun yarada biləcəyi problemlər, yeni doğulan uşaqların başının ultrasəs müayinəsindən keçirilməsi və yeni doğulan uşağın 40 gün cəmiyyətdən təcrid edilməsinin səbəb ilə bağlı məqamlardan da danışıb.

– Nəsib müəllim, əvvəlcə başlayaq son günlər uşaqlar arasında temperaturla müşahidə edilən qrip, boğaz ağrısı, yüksək hərarət kimi şikayətlərdən. İddia olunur ki, bu xəstələrin sayında artım müşahidə edilir. Bu əlamətlər hansı növ virusa aiddir?

– Bu barədə son günlər mənə də mətbuatdan çox müraciətlər olur. Hesab edirəm ki, bu məlumatlar şayiədir. Tibb müəssisələrində belə bir narahatlıq yoxdur. Çünki bütün müəssisələrdə, eləcə də Pediatriya İnstitutunun da qəbul, poliklinik şöbəsində statistik məlumatlar toplanır. Xəstələnənlər jurnalistin yanına deyil, bu müəssisələrə gəlir. Son günlər uşaqlar arasında yayılan xəstəliklə bağlı məlumatlar uydurmadır. Yaz fəsli üçün bir sıra mövsümü xəstəliklər aktualdır. Bu sırada birinci allergik xəstəliklər, bir qisim isə vitamin çatışmazlığını göstərmək olar. Uşaqların qış fəslində əsasən qapalı mühitdə qalması, təzə meyvə-tərəvəzin az olması, soyuqdəymə xəstəliklərinin çoxalmasına görə də yaz gələndə bədəndə vitamin çatışmazlığı müşahidə edilir. Yaz fəslində yaranan allergik xəstəlikləri (pollinoz) hazırda yeni-yeni müşahidə edilir. Valideynlərə tövsiyə edirik ki, allergik xəstəliyi olan uşaqları varsa, qabaqlayıcı tədbirlər həyata keçirsinlər. Ailəsində allergiyası olanlara çiçəklər tozlanmamışdan əvvəl profilaktik tədbirlər görülməlidir. Allergiyası olanlara müvafiq preparatlarının, vitamin çatışmazlığı olanlara polivitaminlərin qəbulu ilə öncədən xəstəliklərin qarşısını almaq üçün tədbirlər görə bilərik. Ən çox allergiya törədən pomidor, çiyələk və portağalı rasiondan çıxarmaq lazımdır.

“Ailədə bu xəstəliklərdən əziyyət çəkən varsa…”

– Dediniz ki, indi müşahidə olunan xəstəliklər vitamin çatışmazlığı və allergiyanın nəticəsidir. Lakin bu gün uşaqlar arasında müşahidə olunan yüksək temperatur, boğaz ağrısı, qrip əlamətləridir…

– Azyaşlı uşaqlar, xüsusən də, 1-5 yaşlılar arasında əsasən, payız-qış mövsümü, eləcə də bütün il ərzində angina xəstəliklərinə rast gəlinir. Hazırda da müşahidə olunan xəstəlik anginadır. Yüksək hərarət, boğaz ağrısı, qusmaq anginanın klassik əlamətidir. Sözügedən xəstəlik irsidir, ailədə bu xəstəliklərdən əziyyət çəkən varsa, bu uşaqlarda da müşahidə ediləcək. Elə uşaqlar var ki, onlarda heç vaxt angina müşahidə olunmur. Burun udlaqda olan limfoid toxuma inkişaf etdiyi 1-5 yaş dövründə anginaya daha çox təsadüf edilir, ona görə də xəstəliklər daha çox bu yaşda olan uşaqlarda müşahidə olunur.

– Müalicə necə olmalıdır?

– Uşaqlarda boğaz ağrısı, yüksək hərarət müşahidə olunan kimi həkimə müraciət edilməlidir. İlkin müalicə hərarətin aşağı salınmasına yönəlir, sonra sahə pediatrı, ehtiyac olarsa, lor müvafiq müalicə yazır. Anginanın rast gəlinmə tezliyi fərqlidir. 5 yaşa qədər uşaqlarda iltihablaşmış udlaq badamcıqlarını cərrahi yolla kənarlaşdırmaq məsləhət deyil. Limfoid toxumanın inkişaf dövrü olduğundan nəticə barədə əvvəldən məlumat verə bilmərik. Ancaq konservativ müalicə tədbirləri həyata keçirə bilərik. İllərlə aparılan bu cür tədbirlər nəticə vermirsə, müayinə nəticəsində udlaq badamcıqlıqları funksiyasını itirirsə, geriyə dönməyən dəyişiklik baş verib, udlağın qoruyucu funksiyası yoxdursa, o zaman 5 yaşdan sonra əməliyyat edilə bilər. Hər kəs bilməlidir ki, bədəndən hər hansı orqanın kənar edilməsi doğru deyil. Ancaq istisna hallarda bu əməliyyata icazə verilir. Udlaq badamcıqları viruslara qarşı filter funksiyasını yerinə yetirir, infeksiyanın daxili orqanlara yayılmasına mane olur.

“Uşaq 40 gün niyə cəmiyyətdən təcrid edilir?”

– Pediatriya İnstitutuna respublikanın müxtəlif bölgələrindən müraciət edirlər. Bəs yeni doğulan uşaqlarda hansı xəstəliklər müşahidə edilir?

– Yeni doğulanlarda əsasən, anadangəlmə xəstəliklər müşahidə olunur. Bunların da başında inkişaf qüsurları durur. Bətndaxilində hər hansı xəstəliyin əsası qoyulursa, inkişaf qüsuru olursa, doğulandan sonra bu, daha tez büruzə verir. Texnologiyanın inkişafı ilə bu problemləri ana bətnində müəyyən edə bilirik. Uşaqlar dünyaya gələndən sonrakı dövrdə (perenatal) həmçinin irinli-iltihabı xəstəliklər müşahidə edilir. Çünki uşaqlar dünyaya gələndə immun sistemi tam yetişməmiş olur, bu proses 2 yaşın sonunda formalaşır. Uşaqların doğulandan sonra 40 gün müddətində ətraf aləmdən təcrid edilməsi də bununla bağlıdır. 40-ı çıxmamış uşağın “üstünə getmək” olmaz ifadəsində bir məntiq də məhz tibbi baxımdan uşağın qorunması ilə bağlıdır. Elə şərait yaradılmalıdır ki, uşağın orqanizmində formalaşan bakterial flora anası ilə identik olsun. Uşağın nəfəs yollarına, mədə-bağırsağına sirayət edən bakteriyalar anadan keçməlidir. Çünki ananın bədənində həmin bakteriyalara qarşı immunitet var, ana südü ilə həmin immunitet uşağa ötürülür. Lakin bu bakterial komputasiya başa çatmamış yad insanlarla ünsiyyətdə olanda problem yaranır. Ona görə də bu, çox vacib məsələdir. 40-45 günlük ətrafdan təcrid edilmə təkcə bakteriya ilə bağlı deyil. Bu məsələ daha çox aktual olduğuna görə nümunə gətirdim.

– Bəzən cərrahiyyə yolla doğulan uşaqların cəmiyyətə adaptasiyasının daha gec olduğu deyilir…

– Bu gün cərrahi yolla uşaq dünyaya gətirmək cəmiyyətin bir bəlasıdır. Təbiət təbii yolla doğuşu tələb edir. İnsanın həyatı 3 – antenala (doğuşa qədər), intranatal dövr (doğuş prosesi), postnatal (doğulandan sonrakı) dövrlərə bölünür. Doğuş prosesi qısa olsa da, ayrıca bir dövr hesab olunur. Təbii doğuşun üstünlükləri çoxdur. Lakin uşaq süni yolla dünyaya gələndə ən azından onun ciyəri su ilə dolu qalır. Çünki bətndaxilində uşağın bütün boşluqları, eləcə də nəfəs yolları dölyanı maye ilə tutulur. Dölün hər kilosuna görə ciyərdə 30ml litr su olur. 3 kiloluq uşağın ciyərində azı 90-100 ml litr su olur ki, təbii doğuş prosesində doğuş yollarında uşaq cift vasitəsilə nəfəs alarkən onun döş qəfəsi sıxılır orada, eləcə də ağ ciyərində olan su kənarlaşdırılır. Həmin anda ağız və ya burundan tənəffüs olmadığından boğulma olmur. Ona görə də uşaq doğulan kimi qışqırır. Tibdə bu, ilk tənəffüsdür. Bu ilk tənəffüsün uşağın sonrakı həyatında rolu böyükdür. Cərrahi əməliyyatda isə uşaq ciyərləri suyun içərisində çıxarılır. Buna isə fetal mayenin ləngiməsi deyilir, nəfəs yollarında olan maye yerində qalır. Bu gün dünyada uşağın nəfəs yolları və ağciyərindəki həmin suyun çıxarmağa heç bir texnologiyanın gücü çatmır. Həmin uşaqlar doğulandan sonra inildəməyə başlayır. Çünki ciyər su ilə doludur, tənəffüs hərəkəti var, göbək ciyəsi kəsilib anadan ayrılmış olur, amma həzm mübadiləsi gedə bilmir. Ona görə də bu uşaqlarda adaptasiya uzun çəkir. Həmin maye ancaq qana sorulandan sonra tədricən uşağın tənəffüsü tənzimlənir.

Uşağın ən böyük düşməni anasıdır?

– Bu proses nə qədər davam edir?

– Bir neçə saatdan bir neçə günə qədər davam edə bilir. Bəzən heç adaptasiya getmir. Ona görə də məcbur qalıb aparatlara qoşulur, çətinliklə də olsa ciyərləri sudan təmizləyirlər. Uşağı dünyada hər kəsdən çox sevən ana onu cərrahiyə üsulu ilə dünyaya gətirmək istəyi ilə ona ən böyük düşmənçilik etmiş olur.

– Bəzən cərrahiyyə yolu ilə uşaq dünyaya gətirən qadınlar həm də ana südünün olmamasından şikayətlənirlər. Bu da cərrahi üsul seçiminin başqa bir fəsadıdır, yoxsa heç bir əlaqəsi yoxdur?

– Bu gün dünyada, həmçinin ölkəmizdə də qadınlar arasında ana südü ilə bağlı mənfi tendensiya özünü göstərir. Səhiyyə Nazirliyi də bununla bağlı çoxsaylı tədbirlər həyata keçirir. Amma bu tibbi məsələdən çıxıb, sosial məsələyə çevrilib. “Süd yoxdur” fikri tam əsassız ifadədir. Hamilə qadınlar hər kəsdən yaxşı bilirlər ki, mayalanma dövründən başlayaraq qadın uşaqlığındakı problemləri süd vəzlərində də hiss edirlər. Ana bilir ki, hamiləlik başlayan gündən süd vəzlərində proseslər gedir. “Kimsə 9 ay hamilə oldum, amma südüm olmadı”, – deyirsə bu, çox gülüncdür. “Bu uşaq dünyaya gətirdim, amma uşaq yox idi”, – kimi bir yanaşma olardı. Bu, mümkün deyil.

2 ildən çox süd verən ana

– Bəs necə olur ki, qadın uşaq dünyaya gətirir, necə etsə də süd olmur?

– Süd həmişə yaranır. Döl bətn daxilində olanda südün yaranması insan iradəsindən asılı olmadan baş verir. Uşaq doğulandan sonra ondan əmmə prosesi tələb olunur. Südün olması üçün uşağın ana ilə təmasda olması, ananın uşağı görməsi və uşağın əmmə aktı mütləqdir. Təsadüfi deyil ki, tibdə belə bir ifadə var “Ana südünün açarı uşağın ağzındadır”. Süd yoxdur ifadəsi subyektiv yanaşmadır. “Süd yoxdur”, deyənlər arasında aparan araşdırmada bildirilir ki, bunun başlıca səbəbi hamilə qadının uşağına süd vermək istəyinin olmamasıdır. Amma bunu özlərindən soruşsanız, qəbul etməyəcəklər.

– Süd mütləqdir, amma neçə yaşa qədər. Bəziləri 3 yaşa qədər süd verir, psixoloqlar isə 2 yaşdan sonrakı dövrdə süd verməyin doğru olmadığını vurğulayır…

– Elm göstərir ki, 2 il uşaq ana südündən həm qida, həm də qoruyucu vasitə kimi asılı vəziyyətdədir. 2 ildən çox süd verən ana ancaq mükafatlandırıla bilər. Təbiətin qanunu budur ki, uşaqlar 2 yaşı keçəndən sonra tədricən süddən imtina edir. Uşağın neçə yaşdan süddən ayrılması özünəməxsusdur. Dünyada iki uşağın böyümə zamanı bir-birini təkrarlaması mümkün deyil. Hətta eyni yumurta əkizlərində belə doğulandan sonrakı proses tam fərqli olur. Ona görə bütün uşaqlar 2 yaşında süddən ayrılmalıdır desək, doğru olmaz.

“Cəmiyyətin yarısı uşağını xəstə hesab edər”

– Uşağın danışması və yeriməsi ilə bağlı yanaşma necə olmalıdır? Bunlarla bağlı bir yaş norması varmı?

– Uşaqların danışması və yeriməsi yaşla yanaşı, genetik faktorlarla bağlıdır. Elə uşaq var ki, bir yaşında həm danışır, həm yeriyir, bəzən isə daha tez olur. Bunu dişin çıxmasına da aid edə bilərik. Uşaq 1 yaşında olanda 6 dişi normadır, 8 dişi varsa yaxşıdır, 10 dişi varsa əladır. Amma bütün bunlar genetik faktorlarla bağlıdır. Valideynlərə tövsiyə edərdim ki, uşağın danışması, yeriməsi, dişlərinin çıxması ilə bağlı ancaq mütəxəssis fikrinə əsaslansınlar. Uşaqlarda şifahi nitqin formalaşması baş beynin ali sinir fəaliyyəti ilə bağlıdır. Lakin gec danışması onun normal olmadığı anlamına gəlməməlidir. Yaxud əksinə tez danışması daha yaxşı inkişaf etməsi demək deyil. Bu məsələdə uşaqlar özlərindən əvvəlki nəslin genetik kodlarını əks etdirirlər.

– Bəzən uşaq 3 yaşına çatır, ancaq müəyyən səslər çıxarır, “ana”, “ata” kimi məhdud sayda söz bilir. Bu zaman da narahatlığa əsas yoxdur? Həmin yaşda uşağın leksikonunda neçə söz olmalıdır?

– Uşağın gec danışmasının səbəbi haqqında rəyi ancaq həkim pediatr və ya nevroloq müvafiq müayinələrdən sonra verə bilər. Hansı yaşda uşağın neçə söz danışması ilə bağlı orta statistik rəqəm deyə bilərəm. Lakin bunu norma kimi qəbul edib, qalanını patologiya hesab etsək, cəmiyyətin yarısı uşağını xəstə hesab edər. Ona görə də bu məsələdə fərdi yanaşma vacibdir. Uşağın hansı yaşda danışması, dişinin çıxması, yeriməsinin patologiya, yoxsa normal olduğunu həkim deməlidir.

“Belə diaqnoz qoyursa, demək uydurur”

– Həkim müayinəsi mütləqdir yəni…

– Azərbaycanda “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun tələbələrinə görə 1 yaşa qədər uşaq azı 10 dəfə həkim müayinəsindən keçməlidir. 1-2 yaş arası azı ildə 4 dəfə, 2-3 yaş arası ildə 2 dəfə, 3 yaşından sonra ildə bir dəfə müayinədən keçməlidir. Bu baxışlar olandan sonra heç kim uşağının diqqətdən kənarda qaldığını deyə bilməz. Təəssüf ki, valideynlər bu məsələyə diqqətsizdir. Uşaq özəl klinikada doğulur, yerli poliklinikaya bu barədə məlumat vermirlər. Valideynlər bilməlidir ki, dünyaya gələn uşaq həkim nəzarətində olmalıdır. “İcbari Dispanserizasiya haqqında” qanun bizi əhatə edən heç bir dövlətdə yoxdur. Amma bəzən uşaq doğulanda qeydiyyata alınır, sonra uşağı başqa yerə aparırlar, müayinəyə gətirmirlər. Həkimlər onları poliklinikaya gəlməyə məcbur edə bilməz. Həkimdən uşağın hüququnun pozulmaması necə tələb edilirsə, eyni tələb valideynə qarşı da olmalıdır.

– Həkim müayinəsi vacibdir. Amma valideynlər də həkimlərin yersiz müayinələrindən, bütün uşaqlara eyni diaqnozu qoymalarından şikayətçidir. Nə üçün bütün yeni doğulan uşaqlara kəllədaxili təzyiq diaqnozu qoyulur? Son vaxtlar yeni doğulanların başının Ultrasəs Müayinəsi edilməsinin səbəbi nədir?

– Kəllədaxili təzyiq adlı diaqnoz yoxdur. Belə diaqnoz qoyursa, demək, uydurur. Texnologiyanın indiki inkişaf şəraitində yeni doğulan uşaqların təkcə başı deyil, bütün üzv və orqanları Ultrasəs müayinəsindən keçirilməlidir. Ultrasəs müayinəsi ən az zərərli müayinə üsuludur, həmin müayinə zamanı şüa olmur, sadəcə ultrasəs dalğaları var. Bu dalğalar bütün günü bizi əhatə edir. Baş beynin ultrasəs müayinəsi ona görə vacibdir ki, uşaq yeni dünyaya gələndə böyük əmgək açıq olur, ultrasəs dalğaları oradan keçə bilir. Sümük bağlanandan sonra beyni bu üsulla müayinə edə bilmərik.

Niyə peyvənd özəl klinikada bahadır? Keyfiyyət, yoxsa…

– Peyvəndlərlə bağlı də bu gün cəmiyyətdə ikifikirlilik var. Bəziləri peyvənd etdirir, bəziləri zərərli olduğunu düşünür. Bu yaxınlarda saytımıza yəhudi həkim müsahibəsində peyvəndə ehtiyac olmadığını demişdi. Bu fikirdə olanların sayı az deyil…

– Övladını qorumaq istəyən hər bir valideyn uşağını peyvənd etdirməlidir, bunun alternativi yoxdur. İsraildə peyvənd olunmayan uşaq yoxdur. Niyə peyvənd olunmamalıyıq? Elə xəstəliklər var ki, onlara tutulanda immunitet əldə etmək qəlizdir. Uşaqlarda difteriyaya qarşı immunitetin xəstəlik keçirərək yaranmasını istəyiriksə, onda hər 100 uşaqdan 45-i ölməlidir. Bu cür qorxunc yoluxucu xəstəliklərdən qorunmanın 1400 ildir ki, yeganə yolu peyvənddir. İlk dəfə VII əsrdə Hindistan, Çin, Orta Asiyada, Mancuriyada türk tayfaları tərəfindən tətbiq edilib. 1400 ildir yeganə profilaktik üsul olan peyvəndi bəyənmirəm ifadəsini ağıllı fikir deyə bilmərəm.

– Ömür boyu peyvənd olunmayan insanlar var ki, onlar heç bir xəstəliklərə yoluxmur, ya da yüngül keçirir. Bunu necə izah edək?

– Kimsə peyvənd olunmazsa, heç bir xəstəliyə tutulmursa, bu, hər kəsdə belə olacaq demək deyil. Suçiçəyi, qızılcaya qarşı peyvənd olunmayan, uşaq vaxtı o xəstəliyi keçirməyənlər mütləq keçirəcəklər. Yaş nə qədər çoxdur, bir o qədər ağır keçirəcək.

– Amma bu gün dövlət poliklinikalarına peyvənd üçün etibar olunmur. Daha çox özəllərə üz tuturlar, bunu poliklinika həkimləri də etiraf edir.

– Azərbaycanda dövlət vəsaiti hesabına 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Həmin peyvəndlər tibb elminin ən son nailiyyətləri əsasında hazırlanmış vaksinlərlə həyata keçirilir. Özəl yaxşıdır, dövlət pisdir fikirləri xoşagəlməyən reklamın nəticəsidir. Azərbaycanda istifadə edilən peyvəndlər dünya standartlarından aşağı deyil. Hətta elə ölkələr var ki, xərcləri səbəbindən peyvənd tətbiq edə bilmir. Azərbaycanda bütün uşaqların sayına müvafiq, hətta itki də nəzərə alınmaqla peyvənd alınır. Bəzi özəl klinikalar peyvənddən qazanc məqsədilə istifadə edir. Peyvənd preparatını 50 manata alır 150-200 manata inyeksiya edirlər. Onlar peyvənd istehsal etmir, hazır aptekdən alırsa, nə üçün baha inyeksiya etməlidir? Özəl klinikalarda qiymətin baha olmasının bir səbəbi onların kontingentlərinin az olması ilə bağlıdır. Bu səbəbdən onlar peyvəndi təkdozalı almaq məcburiyyətində qalırlar. Təkdozalı peyvənd baha olur. Çünki 10 dozalıq vaksini 1flakonda almaqla, 1 dozalığı 1 flakonda almaq arasında 5 dəfə fərq olur. Flakona qablaşdırmaq preparatın özündən bahadır. Özəl klinikalar peyvəndin qiymətinin baha olmasının keyfiyyətlə əlaqəli olduğunu deyirlər. Əsas səbəbi isə sadə vətəndaş bilmir. Bundan başqa, dövlət həmin vaksinləri milyon dozalarla alır. Dövlət istehsal edən zavoddan alır, müqavilədə topdansatış qiymətinə razılaşdırılır. Özəl aptekdən 25 dollara alırsa, dövlət həmin vaksini zavoddan 5 dollara alır. Peyvəndin pisi yaxşısı yoxdur, çünki onlara nəzarəti vahid mərkəz Ümumdünya Səhiyyə Təşkilatının strateji texniki nəzarət qrupu tərəfindən edilir. Peyvənd istehsal edən zavod harada olsa da, onun keyfiyyətinə nəzarət eynidir. Peyvənd starteji məsələdir, onda səhvə yol vermək olmaz.

– Peyvəndin əks-təsiri ola bilərmi? Bəzən peyvəndin müxtəlif hərəkət pozğunluqlarına, autizmə səbəb olduğu deyilir…

– Ümumdünya Səhiyyə Təşkilatı autizmlə bağlı məsələni araşdırdı. Məlum oldu ki, autizm ideyasını gündəmə gətirən professor bir vaksin hazırlayan şirkətlə danışığa gedib ki, başqa bir vaksin şirkətini “vurmaq” üçün onun autizmə səbəb olması barədə yalan məlumat yayıb. Ümumiyyətlə, vaksinasiyaya əks göstəriş azalıb. Onkoloji xəstəliklər, QİÇS xəstəliyi əlamətləri olarkən peyvənd seçim əsasında aparılır. Peyvəndin heç bir əks-göstərişi yoxdur.

Gülxar Şərif

araz.az xəbər portalı.