Nəsir AĞAYEV: “Abşeronun dağılan tariхitək, bu gününün ağır durumu da ürək göynədir. Tarixi incilərimizin, dini ocaqlarımızın, qala və məbədlərimizin keçmişin dağıntıları altında qalan, günümüzün acı damlasına çevrilərək, üzə çıxan “göz yaşları” Vətənini sevən kimi yandırıb, yaxmaz ki?!”

nn-044.jpeg“PULUN VƏ ZORUN HAQDAN ÖNƏ KEÇMƏSİ KİMİ GƏRGİN BİR DÖNƏM YAŞAYIRIQ – HAQQIN ÖNƏ KEÇMƏSİ UĞRUNDA MÜBARİZƏYƏ QOŞULMAQ GƏRƏKDİR”
Azərbaycan Milli Azadlıq Hərəkatının ünlü isimlərindən olan Nəsir bəy Ağayevlə söhbətimizin ikinci saatı daha önəmli mövzular üstündə quruldu. Daha çox, yaradıcısı və ilk sədri olduğu Bakı və Kəndlər Birliyinin illərdi kölgədə qalmasından narahat olduğunu vurğulayan azadlıq fədaisi, inqilab dönəminin ən fəalı olan bu təşkilatın çoxdan aktiv siyasi fəaliyyətə qoşulmasının zəruriliyini dönə-dönə qeyd etdi; İndiki gərgin durumda bunu gözlənilən addım kimi dəyərləndirsə də, buna şərait olmadığını, daha doğrusu, imkan verilmədiyini bildirdi. Ad çəkməsə də, qurum sıralarına arzuedilməz şəxslərin soxulduğuna işarə etdi: “Onlar aktiv ictimai-siyasi fəaliyyətə imkan vermirlər. Mən xəstə olanda, BKB-nin möhür, ştamp və sənədlərini ələ keçirən bu şəxslərin məqsəd və məramları qaneedici deyil. Bizə də imkan vermirlər ki, təşkilatın keçmiş nüfuzunu özünə qaytaraq. Bu xoşagəlməzliklər səbəbindən, mən və mənə dəstək verənlər “Bakı – Dirçəliş” İctimai Birliyi sıralarına qoşulmuşuq. Böyük inam bəslədiyimiz bu təşkilatın rəhbərliyində təmsil olunanlar, xüsusən onun sədri Abbasağa Məmmədli əqidəcə saf və əzmkar siyasət adamlarıdır. Bu xüsusiyyətləri səbəbindən, Milli Azadlıq Hərəkatında tutduqları saf mövqelərinə görə fərqlənən BKB-çiləri onların sırasına qoşmuşam. Bu mübariz insanlar keçmişə yox, gələcəyə baxmağı əsas sayaraq, bundan sonra da demokratiya uğrunda mübarizədə birgə olacaqları bəyanatını səsləndiriblər.
İndi hamımız bu təşkilatın sıralarını gücləndirmək üçün çalışırıq. Mən özüm, “Bakı – Dirçəliş” İctimai Birliyi Ağsaqqallar Şurasının rəhbəri kimi, Vətən naminə yaxşı çox şeyə nail olmaq üçün, əlimdən gələni əsirgəmirəm.
Adından da göründüyü kimi, Bakının və Bakıətrafı kəndlərin dirçəlişi təşkilatımızın əsas məramıdır – ölkənin pul və zorun haqdan önə keçməsi kimi gərgin bir dönəm yaşamasına, daha dəqiq desək, haqqın önə keçmək zamanı gəldiyinə əsas diqqət yönəldirik.
İndi, ölkəmizdəki demokratik məramlı qurumların hamısının bir olmaları vacib, elə, bunun uğrunda birgə mübarizəyə qoşulmaları gərəkdir. Məncə, BKB də, aktiv fəaliyyətdən kənarda qalmasaydı, bu amala xidmət edərdi. Təəssüf ki, təşkilatın indiki acınacaqlı durumunda bu mümkün deyil. Elə, bu səbəbdən, “Bakı – Dirçəliş”lə istəyimizə nail olmaq arzusundayıq.
Biz, ona görə daha aktiv olmaq istəyirik ki, indi Azərbaycanın bütün regionları, eləcə də doğulub, boya-başa çatdığımız bu gözəl yerlər bütün sahələrdə gözləmədiyimiz utancverici müsibətlərlə üz-üzədir. Keçmişi çoх qədimlərdən qaynaq alan Abşeron yarımadasının yaşayış məntəqələri, eləcə də onun torpaq fondu, ictimai-siyasi həyatı, tarixi, tarixi abidə və qoruqları, mədəniyyəti… amansız təcavüzlər girdabındadır. Min illər ərzində burada dünyanın mədəniyyət хəzinəsinə daхil olan zəngin mədəni irs yaradılsa da, az qala, indi ondan əsər-əlamət qalmasın. Halbuki, bu yerlər tariхlərə imza atıb və bu heç kəsə sirr deyil. Lakin amansız torpaq hərisləri bu vacib amillərə belə məhəl qoymurlar. Bu barədə sonra danışarıq. İndi onu deməyi vacib bilirəm ki, biz bu qədim yerlərin ulularımızdan bizə miras qalan möhtəşəm tarixi incilərinin, ələlxüsus, hər cür ecazkar mənzərəyə malik Bakının və Bakıətrafı yaşayış məkanlarının əsrarəngiz gözəlliklərini özlərinə qaytarmaq üçün ayaq üstəyik. Bu gün heç kimə sirr deyil ki, ölkəmizdə korrupsiya, inhisarçılıq tüğyan edir. Biz, bu neqativ hallara qarşı mübarizəyə diqqət çəkməyi əsas vəzifəmizə çevirmişik. İnhisarçılığın daxili istehsala və xalqın rifah halının yaxşılaşmasına zəncirvari müsibətlər gətirdiyini ictimaiyyətin nəzər-diqqətinə çatdırırıq. İctimai-siyasi fəaliyyətimizdə Bakı kəndlərinin torpaq fondlarının talan edildiyinə, Xəzər dənizindən istifadə üçün problemlər yaradıldığına, dəniz sahillərinin landşaftının dağıdılmasına da xüsusi önəm veririk. Yaxşı bilirik ki, doğma yurdu bu biabırçı bəlalardan ancaq köklü islahatlar xilas edə bilər. “Bakı – Dirçəliş”in, bu səbəblərdən, daha aktiv mübarizəyə qöşulmasını, çoxdan gözlənilən addım kimi dəyərləndirərdim: İndi ölkəni iqtisadi, siyasi, mənəvi və demoqrafik fəlakətlərdən xilas etmək ssenarisinə malik saf əqidəli çoxlu sayda siyasi təşkilatların olması zərurətdir…”.

nn-01.jpeg
“DURMADAN ÇOXALAN PARADOKSAL SİTUASİYALARDAN ÇIXA BİLMƏYƏN BAKI KƏNDLƏRİNDƏ, TARİXİ İNCİLƏRİMİZƏ EDİLƏN TƏCAVÜZLƏR BELƏ ÜRƏK AĞRIDIR”
Nəsir bəy onu da təlaş dolu narahatlıqla bizə çatdırdı ki, son illər bu yerlərdə tarixi tikililərin daha çox sökülməsi adi hala çevrilib. Bunu olduqca pis hal kimi qiymətləndirən ünlü tarixçi, hətta, aidiyyatı dövlət qurumlarının, bu işə məsul səlahiyyət sahiblərinin belə, tariximizə təcavüzlərə heç bir reaksiyalarının olmadığını, bu qatı cinayətlərə məhəl qoymadıqlarını bildirdi: “İndi keçmiş tariximizin təsdiqi olan incilər belə maddi maraqlara qurban verilir. Halbuki, belə gözəlliklər, vaxtilə Azərbaycanın tanıtımı rolunu oynayıblar. Əvvəllər, Bakıya və Bakıətrafı yaşayış məntəqələrinə yad olan adamlar belə, paytaxta fəzadan baxanda da, bu tarixi incilərin gözəlliyinə heyran olublar. Onda onların “Bakı gözəl şəhərdir” fikrində cəm olmaları adi hal idi – indi isə…
Bəli, danılmaz reallıqdır ki, Bakının, ümumiyyətlə, bu yerlərin bu sarıdan problemləri fəzadan görüntüləri qədərdir. Amma, nə olsun, mətbuatda belə, bu ciddi problemin üstündən səthi keçib, əhəmiyyəti o qədər də önəm kəsb etməyən digər problemlərə yanaşmaq adətə çevrilib. Bu gün hər hansı yazar “Bakı və problemləri” silsiləsinə aid məqalə yazsa və bunu ssenari halına salıb, ekranlaşdırsa da, o, adi bir serial yanında nöqtə kimi qalacaq. Halbuki, qəsəbə və kəndlərimizin problemləri də, çoxdan, paytaxtımızın öz problemləri zəncirinin böyük həlqəsinə çevrilib.
Mən, yaşadığım Buzovna qəsəbəsindəki yeganə Mədəniyyət Sarayı söküləndə aləmə səs saldım. Yuxarılara da çatdırdım ki, saray əlavə qazanc üçün sökülür. Amma eşidən olmadı.
Buzovnada Mədəniyyət Sarayının sökülməsi, qəsəbənin ictimai həyatına vurulan ən böyük zərbə oldu. Çünki ondan başqa Buzovnada Mədəniyyət Sarayı yox idi. 40 mindən çox sakini olan Buzovna qəsəbəsi, vur-tut 100 nəfərlik tutumu olan Mirzə Fətəli Axundov adına Mədəniyyət Evinə möhtac qaldı.
Sökülmüş binanın yerində inşa edilən tikililərlə insanların fikirlərini yayındırdılar; Gah dedilər burada mehmanxana, gah dedilər əyləncə mərkəzi, gah da dedilər ki, yüksək vəzifəli məmurlar üçün istirahət bölgəsi inşa edəcəklər. Əslində isə, bu binanın sökülməsi ayrı-ayrı məmurların maddi maraqlarına xidmət edirdi…
…Təkcə Buzovnanı götürsək, açıq-aydın görərik ki, bura dayanmadan davam edən paradoksal vəziyyətlər məkanıdır. Elə, başqa kənd və qəsəbələr də, beləcə, bütün dönəmlərdə paradoksal mühitdə yaşamağa öyrəşdiriliblər.
Buzovnadakı “Vərəm dispanseri” deyilən yerin başına nələr gətirildiyini, yəqin, siz də yaxşı xatırlayırsınız. Həmin dispanser neft oliqarxı Musa bəyin şəxsi mülkü sayılırdı. Hələ, ötən əsrin 30-cu illərində, “Buzovnaneft”də işləyən bir erməni, Musa bəyin oğlu İsa bəyə deyir ki, bu yerləri ona satsın. İsa bəy ona cavab verir ki, o, buranı heç vaxt bu erməniyə satmaz. Erməni İsa bəyə tez onu çatdırır ki, onsuz, tezliklə bu yerləri onların əlindən alıb, özlərini də, sürgün edəcəklər…
Həqiqətən, 1937-ci ildə Musa bəy, oğlu İsa bəylə bərabər, Sibirə sürgün edildi. Sürgün həyatından sonra, İsa bəyin Musa adlı oğlu dünyaya gəlib və o, 20 Yanvar hadisəsində şəhid olub. İndiki vəziyyətə baxanda, ortada paradoksal situasiya yarandığını görürük: “Kulak” kimi “xalq düşməni” elan edilən bir adamın nəvəsi 20 Yanvar şəhidinə çevrilir. Onların bütün mülkləri əllərindən alınır və ora yenidən Vərəm dispanseri olur.
Həmin yer, həmçinin, 1947-ci ildə Azərbaycan Demokratik Firqəsinin lideri Seyid Cəfər Pişəvərinin qərargahı da olub. Pişəvəri öldürüldükdən sonra, cəsədi orada dəfn olunub. 1963-cü ildə Pişəvərinin nəşi oradan çıxarılaraq, Fəxri Xiyabanda basdırılıb. Amma adını çəkdiyimiz bağa – “Vərəm dispanseri” adlanan yerə nə Pişəvərinin, nə də Güney fədailərinin xatirəsini əks etdirən bir lövhə belə vurulmayıb. Üstəlik, həmin yerləri də, ayrı-ayrı şəxslərə dəyər-dəyməzinə satıblar. Ümumiyyətlə, müxtəlif dövlət məmurlarının maddi maraqlarına xidmət edən bu cür hərəkətlər nəinki Buzovnanın, eləcə də digər yaşayış məntəqələrimizin altını üstünə çevirib. İndi bütün kəndlərimiz belə belə müsibətlərlə üz-üzə dayanmağa məcburdurlar”.

nn-03.jpeg

“KAŞ, MÜŞFİQİN YENƏ O BAĞI OLAYDI, AMMA BU VƏZİYYƏTDƏ YOX! RUS YESENİNƏ VERDİKLƏRİ QİYMƏTİ, DAHİ ŞAİRİMİZƏ LAYİQ GÖRMƏYƏNLƏR, ONUN İZİNİ YER ÜZÜNDƏN SİLMƏK İSTƏYİRDİLƏR”
Nəsir bəy, “paradoksal situasiyalar” mövzulu təəssüfləndirici çox hadisələrə toxundu. Söhbətimizdə, daha çox, Sahil bağlarında dahi şairimiz Mikayıl Müşfiqə məxsus bağın dağıdılıb, viran qoyulmasını qabartdı. Şairin ata mülkünün tar-mar edilib, zibilliyə çevrilməsini isə, məmur biganəliyinin iyrənc biabırçılığı kimi qələmə verdi.
Nəsir bəyin dediyinə görə, həmin bağı dağıdanlar, onda çox yalana əl atıblar, o ərazidən magistral yolun çəkilməsini bəhanə gətiriblər: “Pul və zorun önə keçdiyi bu məkandakı bu bağdan da, nişanə heç nə qalmadı – bağdakı yaşı əsrə bərabər tut ağacını və su quyusunu isə, sanki bu söz ustasının pərəstişkarlarına acıq vermək üçün saxladılar. Harın məmurlar açıq-aşkar onun izini yer üzündən silmək istəyirdilər. Halbuki, bağ dağıdılmamışdan qabaq, oranın ecazkar ab-havası olub. 1937-ci ildə tikilmiş birmərtəbəli üçotaqlı bağ evi, çarhovuz, daşdan düzəldilmiş su qabları və həyətdəki iri tut ağacı ilə “qol-boyun olub”. Repressiya dövründən bu yana Mikayıl Müşfiqin adına olan bu bağ, hissə-hissə məhv edilib. Bütün bunlara baxmayaraq, heç kəs, bağın məhv edilməsinə görə, aidiyyatı orqanlara şikayət etməyib. Əslində, bu işlə məşğul olan aidiyyatı qurumlar, məsələnin üstünün örtülməsinə görə, ciddi məsuliyyət daşıyırdılar. Həmin dövlət orqanları bu bağın Mikayıl Müşfiqin adına olduğunu bildiklərindən, bilə-bilə bu məsələyə heç bir hüquqi qiymət vermirdilər. Bir sözlə, bu bağ da, Musa bəyin bağına qoyulan qiyməti aldı. Heç olmasa, iki ünlü şəxsin xatirələrini əbədiləşdirmək üçün, kiçik abidələri belə onların fəaliyyət göstərdikləri yerlərdə qoyulmadı. Müvafiq dairələr mütləq şəkildə bu işlə məşğul olmalıydılar, lakin heç nə veclərinə olmadı. Bu, ona görə edilmədi ki, bu, heç bir məmur marağna uyğun gəlmirdi.
Murtuza Muxtarovun Mərdəkandakı mülkünə rus şairi Sergey Yeseninin portreti vuruldu. Bu, dəhşət deyil, bəs, nədir?! Rusa verilən qiyməti, iki şəhidimizə layiq görməyənlərə nə ad vermək olar?!
Mən, dahi şairimizin Buzovnanın Tuqay bağlarındakı bağ evinin əsl düşmən təcavüzünə tuş gəldiyindən gec xəbər tutdum və həmin andaca bu barədə yuxarılara çatdırdım. Nə olsun, ora-bura nə qədər vurnuxsaq da, heç yerdən reaksiya olmadı.
Mənim və bir çox tanınmış ziyalıların təkliflərimizi nəzərə alıb, nəinki burada şairin büstünü qoydular, heç buna reaksiya belə görmədik. Əvəzində, çox keçməmiş, Bakının Qədirli küçəsindəki şairin ata yurdu da zibilliyə çevrildi. Bu hörmətsizlik təkcə Mikayıl Müşfiqə qarşı deyil, bütün Azərbaycan xalqına, onun milli mədəniyyətinə qarşı idi – özü də, xəyanətə bərabər hörmətsizlik! Bu biabırçılıqlara, gec də olsa, hec olmasa, Mədəniyyət və Turizm Nazirliyi reaksiya verməli, dahi şairin yadigarı olan bu tarixi abidələri tezliklə bərpa etməlidir.
Bu yerdə, üzümü bir daha şairin yadigarı ata yurduna və bağına qənim kəsilən, buraları darmadağın edərək, hasara alan adını bilmədiyim şəxslərə tutub, deyirəm: “İnsafa gəlin və bu işğala son qoyun! Bu bağında dahi şairimiz aləmi riqqətə gətirən olduqca təsirli “Yenə o bağ olaydı” şeirini yazıb. Heç olmasa, bu şeirin sözlərindən təsirlənib, vicdana gəlin. Axı, mən və mənim kimi çoxları istəyirik ki, yenə o bağ olaydı, amma bu vəziyyətdə yox!”.

HAŞİYƏ YERİNDƏ:
Nəsir bəyin dediyi kimi, Buzovnanın problemləri o qədərdi, saymaqla qirtaran da deyil. Vaxtilə burada yaşayıb-yaratmış, Vətən naminə fəaliyyət göstərmiş tanınmış şəxslərlə bağlı belə problemlər bunların ən təsirlisidir. Bu təsirli problemlər, sonda, Nəsir bəy kimi, burada doğulub, boya-başa çatan hər kəsin də, ən ağrılı probleminə çevrilir.
Bu deyilənləri, bizimlə həmsöhbət olan buzovnalı ziyalılar da, Nəsir bəy kimi, xüsusi vurğuladılar. Dedilər ki, vaxtilə burada yaşayıb, fəaliyyət göstərən ünlü şəxslərin şərəfinə xatirə muzeyləri açmağa da, sanki yuxarılar imkan vermirlər və bu xoşagəlməz tendensiya onlarda narahatçılıq doğurur. Məsələn, 1947-ci ilin aprelindən iyun ayına qədər Buzovnada, Nobel bağında (Yaşıl bağda) fəaliyyət göstərən, idarəsi də burada yerləşən Seyid Cəfər Pişəvərinin xatirəsinə nəsə etməyə yuxarılardan imkan verilməyib. Öldürüldükdən sonra, həmin ilin iyun ayının 13-də bu bağda dəfn olunan, nəşi 1965-ci ildə buradan çıxarılaraq, Fəxri Xiyabanda torpağa tapşırılan, ümumilikdə, orada qəbri üçüncü dəfə dəyişdirilərək, başqa yerə köçürülən Seyid Cəfər Pişəvərinin Buzovnadakı ikimərtəbəli qərargahı indi xaraba vəziyyətindədir. Buzovnalıların dediyi kimi: “Həmin bina hansı ölkədə olsaydı, heç olmasa, ora ya bir xatirə lövhəsi vurular, ya da orada bir xatirə muzeyi yaradılardı, hələ qoyulacaq xatirə büstünü demirik. Biz, çox təəssüf edirik ki, 25 milyonluq xalqın lideri olan Seyid Cəfər Pişəvəriyə belə yad münasibət bəslənilir. O bağın ətrafını alan adamlar, burada elə işlər görüblər ki, Seyid Cəfər Pişəvərinin siyasi mübarizəsinə adamın yazığı gəlir. Biz çox demiş və yazmışıq ki, Pişəvərinin fəaliyyət göstərdiyi bu yerdə onun büstünün qoyulması, heç olmasa buraya lövhə vurulması zəruridir. Çünki həmin lövhədə yazılmalıdır ki, 1947-ci ildə Pişəvərinin qərargahı burada olub – bu tariximizə də hörmət olardı.
Digər bir acınacaqlı məqam da bizi olduqca çox narahat edir. Bu, Mikayıl Müşfiqin bağının dağıdılması ilə əlaqədar olan ciddi bir məsələdir. Biz mətbuatda dəfələrlə yazmışıq ki, Azərbaycan mədəniyyətində, tarixində və ədəbiyyatında müstəsna rolu olan Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinin yazıldığı bağda, indi heç nə qalmayıb. Demək olar ki, bağ tamamilə uçurdularaq, dağıdılıb, yerlə-yeksan edilib. Rus şairi Yesenin ikicə ay qaldığı Murtuza Muxtarovun bağına isə, heç kəs toxunmayıb. Onun qalıb, kef məclisləri qurduğu Murtuza Muxtaroun həmin bağı, o gedəndən sonra Yeseninin bağı adlandırılıb. Bu azmış kimi, orada Yeseninin şərəfinə muzey düzəldilib, üstəlik, barelyefi də qoyulub. Mikayıl Müşfiqin bağında isə, nə bir xatirə lövhəsi var, nə də bir xatirə muzeyi. Bu bağa, heç olmasa, xatirə lövhəsi vurulması vacibdir, çünki şairin xatirəsini əbədiləşdirmək gərəkdir. Heç olmasa, bəlkə, bu bağa təcavüz edənlər, bu lövhədən çəkinib, qorxuya düşsünlər”.

“BAKI KƏNDLƏRİNDƏ TORPAQ İŞĞALI ELƏ SÜRƏTLƏNDİ Kİ… ƏRƏBLƏR DƏ HALAL TORPAQLARIMIZA GÖZ DİKİBLƏR!”
Keçmişi çoх qədimlərdən qaynaq alan tariхi və mədəniyyət incilərimiz – abidə və qoruqlarımız… bütün dövrlərdə maraqlar dairəsində olub. O səbəbdən ki, ötən min illər ərzində doğma diyarımızda dünyanın mədəniyyət хəzinəsinə daхil olan zəngin mədəni irs yaradılıb. Belə mədəni irslərdən bir çoxu, gəzib-dolaşmaqla bitməyən, artıq qoruğa çevrilən əsrarəngiz Abşeron torpağındakı tarixi incilərimizdir. Nəsir bəylə söhbətimiz bu mövzuda daha maraqlı alındı. Bu söhbət bizi, sanki tariхlərə imza atmış həmin məkanlara apardı. Bu günkü mövcudluqlarına görə, bu tikililəri və inciləri bizə miras qoyub gedənlərə bir daha minnətdarlığımızı çatdırdıq. Şəxsi maraqları naminə, tariхimizi yaşadan bu möhtəşəm gözəlliyə kəm baxan səlahiyyət sahiblərinin ünvanlarına Nəsir bəyin dediyi kəsərli sözlər isə, bizim üçün də, olduqca təsirli alındı: “Bakının və ətraf kəndlərin ecazkar mənzərəsinə kəm baxanlar, bağışlanmamalıdırlar! Bu dolaşıq dönəmdə, çox təəssüf, tariхimizin təsdiqi olan bu incilərə qarşı vəhşiliklərin də şahidi oluruq. Bunu edənlər, hələ də tariximizin qədimlərə gedib çıхdığının sübutu olan bu incilərə təcavüzün qatı və bağışlanmaz cinayət olduğunu başa düşmək istəmir, xüsusi bir amansızlıqla bu yerlərin mədəni mühitini korlayırlar. Halbuki, onların dağıtdıqları bircə qədim dalanda, küçə və məhəllədə belə, keçmiş tariximiz haqqında qəribə, möcüzəli və olduqca maraqlı təəssüratlar mövcuddur…”.
Söhbətimizin bu yerində, öncə bir çox ağrılı problemlərlə bağlı “həyacan təbili çalan” Bakı və Kəndlər Birliyinin qurucusu, artıq Abşeron torpaqlarının zəbt edildiyini də bütün Azərbaycana çatdırmağı narahat ifadələrlə bizdən xahiş etdi. Nəsir bəy bu yerlərin əhalisinin məmur özbaşınalığı nəticəsində halal torpaqlarını belə itirdiklərini xüsusi vurğuladı: “Dövrün ən pis və qəbulolunmaz halından biri də odur ki, xaricilər artıq bu yerlərdə hektarlarla kənd torpağına sahiblənirlər. Ayrı-ayrı şəxslər tərəfindən torpaq zəbtinin yaratdığı ağır fəsadlar isə göz qabağındadır və sözlə ifadəsi mümkün deyil. İndi ictimaiyyəti narahat edən ən böyük problemlərdən biri də, elə, aqrar sahədə torpaq məsələsinin düzgün həll olunmamasıdır. Hər yerdə zahirən görünüş gözəldir. Villalar tikilir, rahatlıq var. Amma… Əslində, bu rahatlıq Bakı kəndlərinə və onların sakinlərinə aid deyil – xaricilərdir bu villalardakı rahatlıq sahibləri. İndi də, ərəb şeyxlərinin, ərəb sultanlarının törəmələri halal torpaqlarımıza göz dikiblər. Elə evlər var ki, onun həyətyanı ərazisi hektarlarladır. Yerli gənclər isə, 3 sot torpaq tapa bilmir ki, orada ev tiksin. Bir zaman mətbuat da yazırdı ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Bakı kəndlərinin torpaqlarını zəbt edib. Düzdür, bu amil də var. Amma bu yalnız Eskuderonun məsələsi deyil. Ondan əvvəll də, bu sahələr amansızcasına satılırdı. Təəssüf ki, Bakı kəndlərinin torpaq probleminin gündəliyə çıxarılıb, müzakirə edilməsi, nədənsə, hələ də gecikdirilir. Mən bu barədə də, ölkə mətbuatında dəfələrlə həyacan siqnalı çalmışam. Di gəl ki…

nn-05.jpeg

XARİCİLƏRİN TORPAQ İŞĞALI HƏLƏ DƏ DAVAM EDİR
…Əgər erməni təcavüzkarları, separatçı qüvvələr Azərbaycanın 20 faiz torpağını işğal edibsə, Azərbaycanın malı, mülkü ilə qidalanan xaricilər isə, halal torpağımızın 50 faizini öz hesablarına keçiriblər. Kasıb təbəqəyə isə, cəmi 25-cə faiz ərazi qalıb. Belə acınacaqlı durumda camaatın həyacan siqnalı çalması çox təbiidir. Çünki, biz dinc dövrdə, müharibə aparılmayan ərazilərdə hektarlarla torpağımızı itiririk. Elə, deyirik ki, Qarabağda torpaqlarımızı işğal etdilər. Bəs, Bakıdakı torpaqlarımıza edilən təcavüzə nə ad vermək olar?! Paytaxtdakı torpaq alverindəki hərc-mərclik bağışlanmazdır. Əraziləri alanlar, satanlar, onların arxasında dayananlar kimlərdir – hamısı qatı cinayətkarlar! İndi söhbət bundan getməli, cinayətkarlar cəzalarını almalıdırlar. Hələ 1992-1993-cü illərdə çağırış edilmişdi ki, bunun qarşısı alınsın. Yəni, mülkiyyət üzərində xalqın sahiblik hüququ özünə qaytarılsın. Çünki, bu, demokratiyanın əsas prinsiplərindən biridir. Demokratiya yalnız seçki dövründə, məişət şəraitində deyil, eləcə də iqtisadi sahədə də özünü göstərməlidir. Axı, bərabər iqtisadi hüquqlara malik olan məmləkət rahat yaşaya bilər.
İndi Məhəmmədi ərazisindən keçəndə, adamı dəhşət bürüyür. Ağla gəlməyən yerlərdə villalar tikilir. Bəs, əkin yerləri hara getdi? Bu torpaqlarda bir dənə də olsun əkin yeri qalmayıb. Eləcə də, Digahda, Maştağa ilə Kürdəxanı arasında, Buzovnada, Türkanda, Zeytunluqda… belə tikililərin sayı-hesabı yoxdur. Bunlar kimlərinsə monopoliyasındadır. Artıq heç kim hərəkət edə bilmir. Cəsarət göstərənlər isə, xalqdan, dövlətdən, millətdən kənar qüvvələrin əli ilə elə vəziyyətə salınır ki, bu həqiqəti üzə çıxarmaq üçün, uzun hüquqi proses lazımdır.
Yerli bir şairin – təəssüf ki, adını xatırlamıram – şeirinin “Ey, Buzovna qayaları, saldaşsınız siz,. Ancaq mənə, insan kimi, sirdaşsınız siz” misraları da, sanki, illər öncə indi bu faciəmizlə mübarizəyə səsləmək üçün yazılıb. Şair bu gün Buzovnaya gəlsəydi, görərdi ki, o qayalardan əsər-əlamət yoxdur və buna görə də, aləmə səs salardı. Axı, vaxtilə, o da, yerli əhali ilə bərabər o qayalarda sərbəst gəzirdi. Ora təbii bir qoruq idi, böyüklü-kiçikli hamı dincəlirdi, qadınlar qayalar üstündə xalça-palaz yuyurdular. Bu gün Buzovnanın o qayaları üstündə binalar tikilib. Buzovna qayalarının bugünkü vəziyyəti də, məni olduqca narahat edir – artıq nə o zərif qumlar, nə o bağlar, nə də dəniz dalğaları ilə çarpışan o qayalar var. Dənizə əhalinin yolu kəsilib, bu yerlər də bərbad vəziyyətdədir. Böyük bir dastanlıq məktəbinin predmeti olan bu yerlərin əsrarəngiz mənzərəsi çoxdan sıradan çıxıb. Amma bu yerlərə belə təcavüz edənlər bilməli və yadda saxlamalıdırlar ki, bu qayalarda, bu bağlarda Mikayıl Müşfiq, Məşədi Azər, Mir Mehdi Seyidzadə, Səttar Bəhlulzadə, Cəfər Cabbarlı, Əlövsət Əliyev, Mircavad Cavadzadə… kimi dahi şəxslər yaşayıb-yaradıblar: Təcavüzkarlar, heç olmasa, onların müqəddəs ruhları qarşısında, etdikləri bu pisliklərə görə, cavab verməli olacaqlar!».

nn-07.jpeg

“GƏNCLƏRİMİZ EVLƏNMƏK İSTƏMİRLƏR, BU DA, HƏMİN BİABIRÇILIĞIN ACI TƏZAHÜRÜDÜR”
Nəsir bəy Ağayev onu da narahatçılıqla bildirdi ki, halal torpaqlarımızın belə acınacaqlı tərzdə satılması, sanki əhalini də biganələşdirib: «Çünki bu əhali nə üçün mübarizə aparıbsa, daim nəticəsini itirib, dadını görməyib. Torpaq üçün mübarizə aparanların yarıdan çoxu, artıq aldığı torpağı da satıb; Halal torpağı satıb, yenidən torpaq axtarışına çıxmaq! Artıq, bu, yerli camaatın ciddi qüsurlarından birinə çevrilib.
Abşeron rayonundakı demoqrafik quruluşa nəzər salmaq da, başa düşən adamda gərgin narahatlıq yaradır. Demoqrafik quruluş iki halda – daha çox böyük müharibələr və təbii fəlakətlər nəticəsində dəyişir. Bizdə isə… Ərazilərimizin daxildən təcavüzə məruz qalması demoqrafik strukturumuzu eybəcər hala salıb. Məsələn, elə adam var ki, qeydiyyatı Xızıdadır, özü isə, Keşlədə məskunlaşıb, qeydiyyatı Altıağacda olan, mənzilini Buzovnada tikib. Bu, çox maraqlı olduğu qədər də, acınacaqlıdır. Bunun acı nəticəsidir ki, Bakı kəndlərində ailə qurmalı gənclər evlənmirlər. Başlıca səbəb isə, ev tikməyə torpaq sahəsini tapa bilməmələridir. Gənclər, evlənmək, torpaq almaq üçün, ya Qubaya, ya da başqa bir rayona üz tutmalıdırlar. Təsəvvür edin, Abşeronda elə kənd var ki, Azərbaycanın bütün rayonlarından orda adam var. Yəni qəsəbələrdə və kəndlərdə urbanizasiya elə eybəcər formada aparılır ki, bu heç bir qanuna uyğun gəlmir. Qanunauyğunluqlar beləcə pozula-pozula gedir. Kim nəyi bacarırsa satır, kim nəyi bacarırsa alır. Kimin adamı varsa, o qanundan qabaqda gedir. Adamı olmayan isə, qabaqda gedənlərin əli ilə əzilir. Bu gün Abşeron ərazisində hasara alınmış torpaq sahələri hazır cinayət işidir. Sadəcə, araşdırma aparılmalıdır ki, bu hasarları kim və nə haqla çəkib. Bu, elə, torpaq qıtlığının yaranmasının başlıca səbəbidir. Eyni zamanda, bu, Bakı kəndlərinin psixologiyasına da təsir göstərir, əxlaqi vəziyyəti acınacaqlı şəkildə dəyişdirir. Əhalinin biganələşməsinə münbit şəraitin yaranması da, elə, bu səbəbdəndir.
Çox maraqlıdır ki, çoxsaylı əhalisi əvvəllər olduqca aktiv olan böyük bir qəsəbədə də, adi bir problemə reaksiya yoxdur. Adını çəkmək istəmədiyim bu qəsəbədə də, biganəlik faciə və problemlərin dostuna çevrilib. Məsələn, bu qəsəbənin daxilində hərəkət edən nəqliyyat yoxdur. İndiki vəziyyətdə camaat bir yerdən başqa yerə hərəkət etmək üçün mütləq taksiyə müraciət etmək məcburiyyətində qalırlar. Bu isə, böyük maddi imkan tələb edir və sakinlərin əksəriyyətinin imkanı yox dərəcəsindədir. Buna etiraz yoxdur deyə, səlahiyyət sahibləri, heç olmasa, marşrut açmırlar. Bax, budur biganəliyin acı fəsadlarından biri. Əvvəllər isə, həmin qəsəbənin sakinləri belə olmayıb, problemlərlə heç vaxt barışmayıb.

TANRI BİZİ BİGANƏLİK BƏLASINDAN QURTARSIN!
Bu yerdə, bir xöşagəlməzliyi də mütləq qeyd etmək istərdim: Heç kimə sirr deyil ki, torpaqların satılması, yerli əhali ilə kənar rayonlardan gələn əhalinin qarışması, bu yerlərdə, kriminogen duruma da öz mənfi təsirini göstərib. Vaxt vardı ki, arvadın ərini öldürməsi, qardaşın bacını bıçaqlaması haqqında informasiya nəinki Bakı kəndlərində, ümumilikdə Azərbaycanda heyrətlə qarşılanardı. İndi isə, belə hadisələr adi hala çevrilib, buna da biganəlik görürük. Əhalinin sanki psixologiyası pozulub. Mən belə hesab edirəm ki, bu problemlərlə bağlı təcili tədbirlər görülməsə, çox çəkməz ki, qəsəbə və kəndlərimizdən əsər-əlamət qalmaz.
Yeri gəlmişkən, onu da qeyd edim ki, 1990-cı ilə qədər, yuxarıda göstərdiyim dəhşətlərə səbəb olan amillərdə müəyyən fərqlər özünü göstərib. 1960-cı ildən 1982-ci ilə qədər Abşeron yarımadasında, Bakının 11 rayonu da daxil olmaqla, heç bir yerdə, hətta bağ yerində də, bu cür başlı-başına tikintiyə icazə verilmirdi. Lakin birdən-birə bu boş sahələrin «başına od ələndi». Ona görə ki, yerli əhalinin ehtiyacları ödənilmirdi. Bu baş vermədiyinə görə, əhali məcbur idi ki, başqa yerdə işləsin, dövlətdən ev alsın. Çünki onlar öz həyatlarını ata mülkündə qura bilmirdilər. Sıxlıq yaranırdı, ailə münaqişəsi baş verirdi. Bu məsələlərə o dövrdə ciddi fikir verildiyinə görə, boşanmalar, qatı cinayətlər də az idi. Lakin indi bu hadisələrin sayı artıb.
Erməni-rus təcavüzü başlayandan, kəndlərimizə ucdantutma qeydiyyatlar, demoqrafik proseslərin uçotdan kənar aparılması bu yerlərdə cinayətkarlığın artması ilə nəticələnib. Əvvəllər buralarda əxlaqsızlıqla məşğul olanların sayı bir-iki nəfər idisə, bu gün oların sayı yüzlərlədir. Cinayət hadisələrinə gəldikdə, onda qadının ərini, bacının qardaşı öldürməsi təsəvvürəgəlməz idi. Ancaq indi… Amansızlıqla seçilən nə qədər qətl hadisəsi haqqında eşidirik. Bəs buna səbəb nədir, biz harada səhv etmişik?! Bakı kəndlərinin keçmişini və indiki vəziyyətini müqayisəli olaraq şərh edəndə, aydın görünür ki, Bakının keçmiş Əzizbəyov rayonunda bir çox iri zavodlar var idi. Təkcə Buzovna İqlim zavodunda 5 minə yaxın işçi çalışırdı. İndi, onun kimi, Yol Təmiri, Qaz Aparatları, Billur Şüşə Qablar, Qala yolu üstündəki Mədən Avadanlıqları, Elektrik Məhsulları İstehsalı zavodları da bağlanıb. Minlərlə işçi işsiz qalıb, bu işsizlik böyük bir boşluq yaradıb. Bu gün işsizlik Abşeronun bir nömrəli problemidir. Məşğulluq idarəsində yalandan yazılır ki, 5 min adam işsizdir, amma, əslində, 500 min adam işsizdir. Həm işsizlik, həm urbanizasiya əhalinin kəskin sosial şəraitlə üzləşməsinə gətirib çıxarıb. Kəndlərin məişət problemləri isə, əhalinin əsl faciəsinə çevrilib. Qaz yeganə sahədir ki, Abşeronda daha yüksək olmalıdır, di gəl ki… Təbii qazla zəngin olan Abşeronun özü çox vaxt qazsız olur. Qədrimiz bilinmir. Qəbiristanlıqlara gedən el yolları da acınacaqlı durumdadır. Su məsələsində də problem qalmaqdadır. Çox kənddə camaat maşınla su alır. Elə kəndlər var ki, nəqliyyat problemi ürək ağrıdır. Oralarda gecə saat ondan sonra marşrut tapmaq çətin olur. Şəxsi maşınlar da, əvvəlcədən dediyim kimi, çox baha qiymətə sərnişin aparır…”.

“VAXTİLƏ PAYTAXT BAKI BU KƏNDLƏRİN MƏHSULLARI İLƏ YAŞAYIRDI, İNDİ İSƏ…”
Bu yerlərdə torpaqların zəbti girdabında təsərrüfatçılığın boğulub, sıradan çıxdığını deyən Nəsir bəy, onu da qeyd etdi ki, əgər əvvəllər buralarda təsərrüfatçılığın inkişafı üçün sahələr vardısa, bu gün ondan məhrumdurlar: «Buna görə də, əhali öz malına həsrət qalıb. Xaricdən gətirilən mallara ehtiyac yarandığından, cürbəcür marketlər, xarici şirkətlər açılır. Onlar da, keyfiyyətsiz mallarını əhaliyə sırımağa imkan tapırlar. Demək olar ki, Abşeron kəndlərinin təsərrüfatçılığı sıfra bərabər olub ki, bunun da ilkin səbəbi ərazilərin zəbtidir. Nardaranda, Bilgəhdə, Qalada, Digahda… torpaq sahələri qalmayıb. Yəni, Bakı kəndlərinin daxili bazarı artıq özünün istehsal etdyi mallarla dolmur. Amma vaxt vardı ki, paytaxt buranın məhsulları ilə yaşayırdı.Bakıətrafı kənd və qəsəbələrdə sahibkarlığın inkişafı üçün daim gözəl imkanlar olub. Lakin…
Ümumiyyətlə, hər bir region özünün malik olduğu xüsusiyyətləri ilə seçilir. Bakıətrafı kənd və qəsəbələr daha çox bu əlamətlərinə, istehsal etdikləri kənd təsərrüfatı məhsullarına görə fərqlənib.
Tarixən Bakı və Bakıətrafı kənd və qəsəbələrin bir-birinə sıx bağlılığı və möhkəm əlaqələri olub. Bu prinsip hələ də öz mövcudluğunu qoruyub, saxlamaqdadır. İstər ictimai, istər iqtisadi, istərsə də mənəvi münasibətlərinə görə, Bakı kəndləri arasında normal münasibət olub. Elə, bu səbəbdən də, Bakı kənlərinin ab-havası özünü şəhərimizdə də hiss etdirib.
Bakı kəndlərinin əvvəlki tarixi mövqeyi ondan ibarət olub ki, bu kəndlər məşğul olduqları sahələr üzrə ixtisaslaşıblar. Əvvəlcədən qeyd etdiyim kimi, Məhəmmədi, Qala kəndlərində, Digah, Masazır qəsəbələrində taxılçılıq və sənətkarlıq geniş inkişaf edib. Bu ərazilərdə, həmçinin, maldarlıqla məşğul olan xüsusiləşmiş yerlər mövcud olub ki, bunlardan da ən məşhurları Buzovnadakı fermer, əkinçilik, ovçuluq, balıqçılıq təsərrüfatlarıdır. Mərdəkan, Nardaran və Bilgəhdəki bağçılıq, sənətkarlıq, balıqçılıq üzrə ixtisaslaşmış sahələrin də, ölkə iqtisadiyyatına nə dərəcədə faydalı olduğu yaxşı xatırlanır. Bir faktı da qeyd edim ki, Maştağa qəsəbəsi əvvəllər Bakı kəndləri arasında bir ticarət mərkəzi rolunu oynayıb. Bakı kəndlərində nə istehsal olunubsa, hamısı, ilk olaraq, Maştağa kəndində satışa çıxarılıb, buradan özünün satış bazarını tapıb. Beləliklə, Bakıətrafı kəndlərdən alınan malların əksəriyyəti, Maştağa qəsəbəsi vasitəsilə, Bakı şəhərində fəaliyyət göstərən bazarlara çıxarılıb. Bakı kəndlərində iqtisadiyyatın bu cür təbii qaydada qurulması, ən çətin illərdə bu kəndlərin mürəkkəb vəziyyətdən şərəflə çıxmalarına səbəb olub. İndi isə, dediklərimdən əsər-əlamət qalmayıb.
Dəhşət ondadır ki, son dövrlər, Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair yuxarıların vermiş olduğu göstərişlərə də əməl olunmur, beləcə, kəndlərimizin dirçəlməsi qarşısına keçilməz sədd çəkilir”.

Söhbətimizin bu məqamında, Nəsir bəy, Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərindən köçürülmüş əhalinin Abşeron yarımadasında məskunlaşdırılması, bunun nəticəsində, Bakı kəndlərinin əkin və örüş yerlərinin tamamilə əldən çıxması məsələsinə toxundu. Bunun, Bakı kəndlərinin mərasimlərinə və davranış qaydalarına göstərdiyi təsirdən danışdı: “Çünki hər bir kəndin öz xüsusiyyəti var. Bu mənada, Bakı kəndlərinin malik olduğu xüsusiyyətləri qorumaq vacib amillərdən hesab olunmalıdır. Bu ciddi məsələyə diqqət ayrılsa, bütün sahələrdə dirçəlişin şahidi olarıq. Hətta, inanın ki, sahibkarlığın inkişafına da nail olunar. Onsuz da, bu sahənin inkişafı üçün atılan vacib addımlar yoxdur. Yenə də, yerli əhalinin öz xüsusiyyətləri bizi bu çətinlikdən çıxara bilər. Bakıətrafı kəndlərdə yerli sahibkarlığın inkişaf etdirilməsi üçün bu mühüm addımdır, amma hələ də atılmayıb. Zəruri qərarlar verilsə də, bu amil nəzərə alınmadığından, yuxarıda sadaladığımız kənd təsərrüfatı və digər zəruri istehsal sahələri ilə, ticarət və genişmiqyaslı mal mübadilələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşımayıb.
Bütün ölkə üzrə olduğu kimi, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli sahibkarlar üçün müəyyən imtiyazlar verilsə də, onlara normal maliyyə imkanları yaradılmır. Ona görə də, sahibkarlarımız daha geniş imkanlar əldə edə, öz istehsal sahələrini genişləndirə və məhsul hasilatını artıra bilmirlər.
Bakı kəndlərinin keçmişi haqqında məlumatlar da sübut edir ki, bu yaşayış məntəqələrinin sosial-iqtisadi durumu, yerli əhalinin torpağa olan münasibətindən keçib.
Hələ müharibə dövründə və müharibədən əvvəll də, Bakı kəndlərində torpaq sahələri daha çox olub. Bir növ, Bakı kəndləri bu torpaq sahələri ilə öz gəlirlərini müəyyənləşdirib və burada təsərrüfat bölgüsü aparılıb. Baxmayaraq ki, onda, xüsusi mülkiyyət üzərində ciddi uçot nəzarəti yox idi. Ancaq əhali öz iqtisadi, sosial tələblərini müəyyən qədər ödəyə bilmirdi. O dövrdə Bakı kəndləri məşğulluq sahələrinə görə xüsusi seçilib. Əvvəll dediyim kimi, Buzovna əkinçilik, maldarlıq, bağçılıq, Nardaran balıqçılıq, bağçılıq, Məhəmmədi, Fatmayi taxılçılıq, Binə taxılçılıq, bostançılıq, maldarlıq, Şüvəlan və Mərdəkan bağçılıq, Zirə əkinçilik, maldarlıq, balıqçılıq, Pirallahı balıqçılıq, ovçuluq üzrə ixtisaslaşıb. Maştağada isə, Bakı kəndlərindən olan məhsulları alıb, ümumi qiymət qoyub və Bakı şəhərində bazara çıxarıb. Yəni, Maştağa ticarət mərkəzi rolunu oynayıb. İndi bu sahələr nə vəziyyətdədir? Baxsanız, özünüz də, təəssüf hissləri keçirirsiniz. Bu səbəbdən, məni Bakı kəndlərinin hazırkı durumu olduqca narahat edir”.

“TARİXİMİZİN YADİGARI İÇƏRİŞƏHƏR XƏZİNƏDİR – KEÇMİŞİN BURADAKI İNCİLƏRİNİN XİLASI GƏRƏKDİR. ХİLASKARLAR İSƏ, AVROPALAŞMAĞA DOĞRU YOL ALIBLAR”
Azərbaycan tarixi, onun qədimliyinin sübutu olan memarlıq və arxitektura incilərimiz haqqında, özünü Azadlıq Fədaisi kimi tanıdan Nəsir bəylə söhbətimiz daha maraqlı, maraqlı olduğu qədər də təsirli alındı. Bakının, ümumiyyətlə bütün Azərbaycanın hər bir məkanını qarış-qarış gəzib-dolanan, keçmişinə olduqca yaхından bələd olan bir tarixçinin söhbətinə qoşulmağım, sanki tariхimizə bir səyahətim oldu. Onunla söhbət zamanı, qulağımız dibindəki İçərişəhərə vurğunluğum daha da gücləndi. Sən demə, tariximizin bu qiymətsiz yadigarı Nəsir bəyin qəlbinə də nisgilli təlaş “toxumu səpib”. Onun fikrincə, İçərişəhər tariхimizin bizə bəхş etdiyi bir хəzinə, bir incidir, lakin onun bugünkü mənzərəsinə nəzər salmaq insanda həddindən çoх qəmginlik yaradır: “Sadəcə, bu qəmginliyin yaranmasına səbəbləri başa düşmək lazımdır. Mən, bir tarixçi kimi, çoxdan başa düşmüşəm ki, İçərişəhərin bu tərzdə mövcudluğu, tariхi keçmişimizi çoxdan kölgədə qoyub. Elə, buna görə də, bu qiymətsiz tarixi incimiz naminə ünlü şəxslərin etdiklərinə adamın heyfi gəlir.
Hacı Zeynalabdin Tağıyevin İçərişəhərin daha da mənzərəli şəkil almasında böyük rolu olduğunu kim bilmir?! O, qədim ata mülkü İçərişəhərdə yerləşdiyindən, buranın mühitinə daha çoх bağlı olan şəхslərdən biri olub. Burada unikal binalar tikdirməklə, İçərişəhərə daha ecazkar mənzərə ab-havası bəхş edib. Beləcə, Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük məsrəf хərc etmiş olub. Onun sayəsində, İçərişəhər əhalisində milli qeyrət, milli ruh, milli düşüncə daha da inkişaf edib.
İçərişəhərin bu günkü mənzərəsinə nəzər saldıqda isə, həddindən çoх qəmgin oluruq. Mövcudluğu belə tariхi keçmişimizi kölgədə qoyur. Tikilən yeni, ucu-bucağı görünməyən göydələnlər İçərişəhərin mənalılığını elə gizlədib ki, baхdıqdca, sanki insanın qəlbinə хəncər sancılır. Dünyada məşhur olan «Qız qalası» isə, ətrafa, sadəcə bədbin nəzərlərlə tamaşa etmək məcburiyyətindədir. «Qız Qalası”nın dənizə aхıtdığı “göz yaşları”, sanki keçmişin dağıntıları altında qalaraq, yeni qurulan gələcəyin “yanğılı damlasına çevrilərək üzə çıxır”.

BU İŞLƏRƏ CİDDİ NƏZARƏT OLMALIDIR
Azərbaycanda, хüsusilə paytaхtda və ətraf kənd və qəsəbələrdə arхitektura, memarlıq sahəsində baş verən yeniliklər, təəssüflər olsun ki, daha çoх İçərişəhərə mənfi təsirini göstərib.
Orada yaşayan bir çoх mülk sahibləri, evlərini satışa qoymaqla, İçərişəhərin tariхi abidə, qoruq olmasını unudurlar. Əgər evlərini satışa qoyan insanlar həddindən artıq pula ehtiyac duyurlarsa, o zaman dövlət yardım əlini uzatmalıdır. Uzağı, dövlətin özü həmin evləri alaraq, İçərişəhərin özündə saхlaya bilər. Dünyanın bir çoх ölkələrində qədim şəhərlər çoх ciddi nəzarət altında qorunub, saхlanılır. Heç bir dəyişikliyə uğramadan, köhnəlik yenilik kimi qəbul olunur. Çünki müasirliyi hər zaman qazanmaq mümkündür. Şəhərin tariхini isə, heç zaman qazanmaq olmur. İtirməyə nə var ki?! Əsas odur, qorumağı bacarasan.
İçərişəhərin möcüzələri, sirrləri, memarlıq üslubları, gəzib-görməli yerləri haqqında çox şey bilmək istəyənlər var – özləri də, xaricilərdir. Tariхimizi yaşatmaq üçün, daim kiçik bir addım atmaq kifayət edib. Bu, tariхimizə də canlılıq gətirib. İçərişəhərdə yaşayan əhalinin əksəriyyəti ziyalı, qabarıq səslənsə də, bir qədər özlərindən razı, əsl şəhərli və kənar əhalini qəbul etməyən insanlar olub. Bəzən həmin kənar şəхslərlə çomaq davasına da çıхıblar. Sənaye inkişaf etdikcə, «Bayır şəhər»lə qovuşma, neft istehsalında hədsiz inkişaf, indi də inkişaf bumunun yaranması keçmişdə İçərişəhərdə olanları darmadağın edərək, tamamilə unutdurub. Hal-hazırda İçərişəhər əhalisi arasında ayrıseçkilik, qarmaqarışıqlıq, ərazini tərketmə prosesləri də gedir. Onlar içində 5, ya 6 nəfər tariхi qoruğumuza sadiq qala, ya qalmaya. Beləcə, tariхimiz əldən gedir. Onu хilas etmək lazımdır. Хilaskarlar isə, avropalaşmağa doğru yol bu alıblar. Onların arхasınca getmək, İçərişəhərliləri doğma, tariхi diyarlarına geri qaytarmaq lazımdır. Elə, ilk çağırışı da mən edirəm: “Dayan, ey İçərişəhər əhli! Artıq İçərişəhərin daş-kəsəkli qədim yolları olmasa da, yeni yolları sizi gözləyir!”.

Hamını bu çağırışa qoşulmağa səsləyirəm, bəlkə biri təsirli olub, onları geri qaytara!”.
(Davamı var)

Söhbətləşdi:
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

GÜNORTAYADƏK… ÜÇ SAAT NƏSİR AĞAYEVLƏ: AZADLIQ FƏDAİSİ \”OD PÜSKÜRDÜ\” – Birinci Yazı

araz.az xəbər portalı.