sulheddin-akber-11-768x563.jpg

1993-cü ilin aprelində, Kəlbəcər rayonunun işğalından bir həftə sonra Azərbaycanın silahlı bölmələri qədim Zəngəzur torpaqları istiqamətində, müvəqqəti də olsa, qələbə ilə nəticələnmiş bir hücum əməliyyatı keçirib.

Ötən həftə Moderator.az saytı bununla bağlı maraqlı bir material tirajladı. Yazıda bildirilirdi ki, Ermənistanın Zəngilan rayonunun kəndlərini işğal etməsinə cavab olaraq, Qafan-Mehri istiqamətində keçirilən uğurlu əməliyyat nəticəsində hətta Naxçıvana dəhliz açılmasına az qalırmış…

Üstəlik, Türkiyənin də əməliyyatda iştirakı məsələsi razılaşdırılıbmış. Lakin Azərbaycan rəhbərliyi, konkret olaraq prezident Əbülfəz Elçibəy xarici təzyiqləri əsas götürüb əməliyyatı dayandırır.

Strateq.az xəbər verir ki, bütün bunlar haqda Elçibəy hakimiyyətində təmsil olunmuş, sabiq milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər “Yeni Müsavat”a ilginc məlumatlar açıqlayıb:

– Sülhəddin bəy, 25 il əvvəl Azərbaycan hərbi bölmələrinin Mehri dəhlizini açmaqla bağlı əməliyyat keçirməsindən xəbəriniz var idimi?

– Mən özüm həmin əməliyyatın hazırlanmasında iştirak etmişəm. Xatırlayırsınızsa, həmin dövrdə Füzuli istiqamətində də ağır vəziyyət yaranmışdı və İsa Qəmbər başda olmaqla bir sıra dövlət rəhbərləri cəbhədə vəziyyəti normallaşdırmaq üçün həmin bölgəyə getmişdilər. O zaman İsa Qəmbərlə bərabər mən də milli təhlükəsizlik nazirinin 1-ci müavini kimi orda olmuşam. Dövlət müşaviri Arif Hacılı da ordaydı. O vaxt biz İsa bəylə ölkədəki həm ictimai-siyasi vəziyyəti, xüsusən də hərbi vəziyyəti geniş müzakirə etdik, vəziyyətdən çıxış yolları haqqında variantları götür-qoy elədik. Bir sıra prinsipial qərarlara gəldik və bu qərarları prezidentlə bölüşmək fikri ortaya çıxdı. Həmin vaxt prezident Elçibəy də Füzuliyə səfər etdi və onunla da fikir mübadiləsi apardıq. Demək istədiyim odur ki, həmin dövrdə  biz ölkədə yaranmış ağır hərbi-siyasi və ictimai-siyasi vəziyyəti müzakirə etdik. Ondan sonra bizim İsa bəylə birlikdə bir ideyamız ortaya çıxdı. Biz ölkədə hərbi-siyasi durumu öz lehimizə yenidən dəyişmək üçün hansı addımları ata bilərik, bunun üçün hansı siyasi, hərbi, ya hərbi-siyasi qərarlar lazımdır, təhlükəsizlik sahəsində hansı addımlar atılmalıdır, hətta hansı kadr dəyişiklikləri olmalıdır, bu barədə geniş fikir mübadiləmiz oldu. Həmin dövrdə İsa bəyin müdafiə naziri postuna keçməsi fikri ortaya çıxdı. Bizim İsa bəylə razılaşmamız beləydi ki, əgər Əbülfəz bəy razılıq verərsə, İsa bəy müdafiə naziri olur, kəşfiyyat təhlükəsizlik qüvvələri birləşdirilir, mən də müdafiə nazirinin müavini postuna keçməyi düşünürdüm, daha doğrusu, danışığımız beləydi.

– Hərbi əməliyyat qərarı da orda verildi?

– Həmin dövrdə biz bir sıra hərbi-strateji əməliyyatların keçirilməsi haqqında fikir mübadiləmiz oldu və bu kontekstdə Zəngilanın icra başçısı İlham Hüseynovla görüşdük. Oranın hərbi rəhbərliyi ilə görüşümüz oldu və o zaman biz yoxlama kəşfiyyat yürüşü, hərbi səfəri ideyası ortaya çıxdı. Bu zaman Mehri dəhlizini açmaq ideyası var idi. Təbii ki, biz bu zaman Türkiyənin də dəstəyi haqqında düşünürdük. Biz ora yoxlama hərbi ekspedisiya yürüşünün təşkil olunmasını istədik və çox uğurlu bir hərbi yürüş oldu. Həmin dövrdə hərbi rəhbər polkovnik Şabanov idi, kifayət qədər peşəkar hərbçi, Əfqanıstan təcrübəsi olan alay komandiri idi, hərbi detalları haqqında daha dəqiq məlumat verə bilər. Bizi əsasən məsələnin hərbi-strateji tərəfi maraqlandırırdı. Oradakı erməni qüvvələrinin mövqeləri, nə qədər gücləri var, hərbi əməliyyatın güclənməsi üçün bir yoxlama yürüşü idi. Yəni kəşfiyyatın yoxlama döyüşü idi. Səhv etmirəmsə, bir itki olmuşdu, o da döyüş itkisi deyildi, hərbçilərimizin ehtiyatsızlığı üzündən baş vermişdi.  Demək olar ki, heç bir müqavimətə rast gəlməyən əməliyyat uğurla nəticələndi. Ancaq mən indi neçə kilometr irəli getdiyimizi dəqiq deyə bilmərəm.

– Söhbət 1993-cü ilin aprelindəki əməliyyatdan gedir?

– Bəli. Biz ondan sonra Bakıya yüksək əhval-ruhiyyə ilə qayıtdıq ki, deməli, bizim planlarımız reallıqdan uzaq deyil.

– Ancaq uğurlu əməliyyatdan sonra mövqedən geri çəkildi. Burada beynəlxalq güclərin təsiri nə dərəcədə oldu?

– Bu, sadəcə, yoxlama döyüşü idi. Digər tərəfdən, bu hərbi yürüşdən, demək olar ki, heç kəsin xəbəri olmadı.

– Bəs, Elçibəyin bu əməliyyatın dayandırılması və qüvvələrin geri çəkilməsi barədə tapşırıq verməsi barədə iddialar nə dərəcədə əsaslıdır?

– Mən o barədə bir söz deyə bilmərəm. Bunun şahidi olmamışam. Dediyim kimi, məqsədimiz oraya girib, orda mövqe tutmaq deyildi. Bizim məqsədimiz yoxlama idi. Burada hərbi-strateji hədəf gələcəkdə bu dəhlizi açıb Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi. Yadımda qalan odur ki, bizim qüvvələrimiz nəzərdə tutulduğundan daha irəli getmişdilər.

– Səhv etmiriksə, 1992-ci ildə də Naxçıvan istiqamətindən Mehri əməliyyatının keçirilməsi nəzərdə tutulurdu. O barədə nə deyə bilərsiniz?

– Mən onun iştirakçısı olmamışam.

– Bu əməliyyatda Türkiyənin hansı şəkildə iştirakından söhbət gedirdi?

– Türkiyənin iştirakı olmayıb. Bu, Ərdoğanın termini ilə desək, yerli və milli əməliyyat idi.

– Bəs, əgər savaş qızışacaqdısa, o halda Türkiyənin müdaxiləsi olacaqdı?

– Bu əməliyyat elə birdən-birə ortaya çıxmadı ki. Kəşfiyyat əməliyyatları aparıldıqdan, informasiyanı topladıqdan sonra yoxlamanı dərinləşdirmək məqsədilə keçirilib. Bu dərin yoxlama da bizim ilkin məlumatlarımızı təsdiq edib. Yəni orda nə ermənilərin, nə Rusiyanın ciddi bir qüvvəsinin olmadığı haqqında məlumatımız var idi. Sadəcə birbaşa, praktiki olaraq bunu yoxlamaqla təsdiq etmək istəyirdik. Qeyd etdiyim kimi, məqsədimiz daha ciddi əməliyyat keçirmək, Mehri dəhlizini açmaq, Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi. Ondan sonra Türkiyə ilə bu istiqamətdə danışıqlar da aparılırdı və Türkiyənin də analoji əməliyyat planı var idi. Amma Türkiyənin əməliyyat planı daha geniş idi. Həm hakimiyyət dövründə bu danışıqlar olub, həm də biz hakimiyyətdən getdikdən sonra Türkiyə rəhbərliyi ilə bununla bağlı müəyyən danışıqlar olub.

– Artıq üstündən xeyli keçdiyi üçün artıq bunun detalları barədə danışmaq olar. Söhbət konkret nələrdən gedirdi?

– Söhbət Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan üzərindən Qarabağa çıxışından gedirdi. Birbaşa Laçın və Şuşaya çıxışından. Orda lap qədim dövrlərdən hərbi yürüş yolları olub, onlar da, yeni yaranmış situasiya da nəzərə alınırdı. Yəni bu, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının planlaşdırması idi.

– Bu söhbətlər nə vaxt dayandı?

– İyun qiyamından sonra. Həmin dövrdə bizim geniş planlarımız var idi. Təkcə bu istiqamətdə deyildi ki. Eyni zamanda mən iştirakçısı olduğum başqa məsələni də deyə bilərəm. Türkiyə NATO-nun üzvü olduğu, Azərbaycan isə münaqişəsi olan ölkə olduğundan Ankara bizimlə rəsmi şəkildə hərbi əməkdaşlıq müqaviləsi imzalaya bilmirdi. Bizim həm MİT-lə gizli əməkdaşlıq protokolumuz var idi. Eyni belə bir əməkdaşlıq planı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə həyata keçirmək istəyirdik. Əgər qiyam baş verməsəydi, 6 iyunda mənim Ankara səfərim var idi və 8 iyunda baş qərargah rəisi Doğan Günəşlə görüşüm olacaqdı. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının hazırlanması haqqında bizim protokol imzalamağımız nəzərdə tutulurdu. Təbii ki, bu protokol gizli olacaqdı.

– Mehridən dəhliz açmaq nə dərəcədə mümkün idi – İran, Rusiya faktorunun olması və bu ərazinin Ermənistan üçün nəfəslik olması halında?

– Bu yoxlamanı etməkdə məqsədimiz bu idi ki, görək biz ölkədə hərbi-siyasi vəziyyətə nəzarəti götürə bilərikmi? O zaman biz belə qərara gəldik ki, milli qüvvələr hakimiyyəti saxlamaq üçün mütləq müharibədə qalib gəlməlidir. Yəni əgər biz müharibədə uğura və qələbəyə nail olmasaq, hakimiyyətdən çəkilməliyik. Biz siyasi hədəfə çatmaq üçün hərbi sahədə bu yoxlamaları aparırdıq. Bu yoxlamalar kəşfiyyat, təhlükəsizlik, hərbi-siyasi sahədə, informasiya siyasəti, kadr siyasəti sahəsində aparılırdı. Yəni hərtərəfli, kompleks tədbirlər planı nəzərdə tuturduq. Ölkədə radikal dəyişiklik nəzərdə tutulurdu.

– Ancaq demədiniz ki, iki böyük qonşu dövlətin bu əməliyyata reaksiyası nəzərə alınmışdımı?

– Həmin dövrdə biz düşünürdük ki, Türkiyənin dəstəyini ala biləriksə, de-fakto durum yarada bilərik. Siz Rusiyanın indiki gücü, təsiri ilə düşünürsünüz. Bir qədər geriyə gedin… Biz həmin dövrdə Rusiya ilə də müəyyən razılığa gələcəyimizi, siyasi danışıqlara gedə biləcəyimizi düşünürdük.

– İran necə?

– İranla da xüsusi problem olacağını düşünmürdük. Həm də bu, gizli nəzərdə tutulan əməliyyat idi. Təbii ki, əməliyyat həyata keçirilərkən Rusiya və İranla, hətta Qərblə də danışıqlar qaçılmazdır. Onun siyasi-diplomatik təminat məsələsi artıq başqa məsələdir. Yəni həmin dövrdə bu, yalnız bizim fikrimiz halındaydı, dövlət siyasəti halına gəlməmişdi. Biz onu dövlət siyasəti halına gətirə bilmədik.

– Bu, faktdır ki, Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılması əslində Azərbaycanla Türkiyənin əlaqələrini kəsmək niyyətindən irəli gəlirdi. Belə olan təqdirdə beynəlxalq güclərin sizin əməliyyata münasibəti nəzərə alınırdımı?

– Şübhəsiz. Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması və Zəngəzurun verilməsində başlıca məqsəd bu idi. Sonra da Naxçıvanın alınması nəzərdə tutulurdu. İstəyirdilər bu dəhlizi daha da genişləndirsinlər və Türkiyənin Türk dünyası ilə əlaqəsi tamamilə kəsilsin.

– Vaxtilə Levon Ter-Petrosyan da etiraf etmişdi ki, İran Ermənistan üçün Qarabağ müharibəsi illərində nəfəslik rolunu oynayıb. Elə isə Mehri dəhlizinin açılması real görünürmü? Naxçıvanla Azərbaycanın digər əraziləri arasında birbaşa quru əlaqənin bərpasına nail olmaq mümkündürmü?

– Vallah, indiki halda bu, bir qədər real görünmür. Çünki vəziyyət köklü şəkildə dəyişməyib – həm ölkədə, həm regionda. Eyni zamanda da bunun üçün hakimiyyətdə milli iradə ilə seçilmiş milli hökumət olmalıdır. Həmçinin məqsədyönlü, uzunmüddətli, strateji hazırlıq və plan olmalıdır. Yəni bu, sadəcə, sözlə olan məsələ deyil.

– Xatırladaq ki, Sədərəyin Kərki kəndinin işğal olunması ilə faktiki olaraq Qars müqaviləsinin şərtləri pozulub.

– Yenə deyirəm, milli hökumət olmalıdır və o hökumətin strateji planı olmalıdır, qısa, orta, uzunmüddətli. Bunun siyasi-diplomatik, iqtisadi, sosial, hərbi tərəfləri, kəşfiyyatı, təhlükəsizliyi, kibersiyasət məsələsi var və sair.

– Bir ölkənin ərazisi məcburi şəkildə digər ərazilərindən ayrılıb. Bu məsələni Qarabağla bağlı aparılan danışıqlar masasına gətirmək mümkündürmü?

– Tamamilə mümkündür. Birincisi, Azərbaycan bu məsələdə haqlıdır, əsas budur. Məsələnin tarixi dərinliyini də gündəmə gətirmək olar. Ən başlıcası isə döyüş meydanında de-fakto durum yaratmaq lazımdır. Əsas odur. Azərbaycan güclü müttəfiqliklər, tərəfdaşlıqlar qurmalıdır, güclü əməkdaşlıq sistemi yaratmalıdır. Yəni bu, çox ciddi, uzunmüddətli bir dövlət siyasəti tələb edən bir məsələdir. Bunun üçün də dövlətin milli strateji siyasəti olmalıdır. O milli strateji siyasət kontekstində də konkret bu məsələnin həlli üçün strateji plan işlənib hazırlanmalıdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

araz.az xəbər portalı.