1627906154 a41b25d9 cd97 41c4 9930 ae65bf6bd2d4

“DogruXeber.az” informasiya agentliyi həmişə vətəndaşların şikayət və gileylərini, məlumatlarını, başlarına gələnləri, yaxud gətirilənləri yazır.

Bu dəfə isə sizlərə öz başımıza gələnləri, daha doğrusu gətirilənləri danışacağıq.

Demək, İyul ayının 27-də ofisə gələcək bir məişət əşyası üçün “166 yükdaşıma xidməti”nə zəng etdik. Qısa yol üçün təklif etdikləri yüksək qiymət bizi qane etmədiyi üçün razılaşmadıq və sağollaşdıq.

Səhəri gün, yəni iyul ayının 28-də xidmətin əməkdaşı olan bir xanım yenidən bizə zəng etdi. Xidmətdən niyə imtina etdiyimizi soruşdu.
Cavab verdik ki: – “qiymət bizi qane etmədi”.

Bu zaman xanım bildirdi ki: – “Adınızı müştəri olaraq qeyd edirik, bundan sonra lazım olanda zəng edin sizə endirim edək”.

Bura qədər hər şey yaxşıdır.

Onun da səhəri gün, yəni iyulun 29-da yenidən bizə yük maşını lazım oldu. Biz yenidən sözügedən yükdaşıma xidməti ilə əlaqə saxladıq.

Amma, yenə də dedikləri qiymət “ulduzlara yaxın” idi.

Nə etmək olar?!…

Razılaşdıq.

Fəhlə qüvvəsi ilə birlikdə gəlmələrini istədik.

Dedilər: – “bir saat gözləməli olacaqsınız”.

Axşam saatları olduğundan biz razılaşmadıq. İş qaldı səhərə.

Ertəsi gün – İyul ayının 30-da təqribən saat 12:00-13:00 radələrində təkrar xidmətlə əlaqə saxlayıb fəhlə və maşın göndərmələrini xahiş etdik.

Sürücünün bizimlə əlaqə saxlayacağını bildirdilər.

Aradan biraz vaxt keçdikdən sonra şirkətin sürücüsü zəng edib biraz gözləməli olduğumuzu bildirdi.

Bu biraz oldu saat 15:00.

Biz yenidən əlaqə saxladıq.

Sürücü dedi: – “mən hələ adam gözləyirəm. Gözləyin.”

Biraz da gözlədik.

Yenidən zəng etdikdə sürücü telefonu açıb bizə sual verdi ki: -“operator sizinlə danışmadı?”

“Yox”- dedik.

Sürücü əsəbi halda: -“Hələ dedim müəllimə zəng elə”. -deyib telefonu söndürdü.

Biz artıq səbrimiz və əsəblərimiz pik nöqtəsində olduğu üçün operatora zəng edib, bizi məsul şəxslə əlaqələndirməsini istədik.

Operator məsul şəxsin özü bizimlə əlaqə saxlayacağını bildirdi.

Aradan qısa zaman keçdikdən sonra özünü “bizimlə danışan operatorun şöbə müdiri Günel xanım” kimi təqdim edən bir xanım bizimlə əlaqə saxladı.

Göstərdikləri xidmətin çox aşağı səviyyədə olması, bizi iki gün gözlədərək zamanımızı aldıqları, əsəblərimizi oyatdıqları, bizə iki gün yaşatdıqları stress, eyni zamanda iki gün görəcəyimiz bütün işlərimizdən etdikləri üçün irad bildirdik.

Operator kimi şöbə müdiri də yaranmış vəziyyətə görə üzr istədi.

Lakin, maraqlısı budur ki, sadəcə üzr istəyirlər.

Mövcud problemi aradan qaldırmaq isə ya hələ də ağıllarına gəlmirdi, ya da buna qadir deyillər.

Baxın!

İki gün zamanımızı sözün əsl mənasında oğurlayan “166 yükdaşıma xidməti” ikinci günün başa çatmaqda olduğu halda, üzr istəyir və yenə də gözləməmizi xahiş edir.

Əsəbləşib xidmətdən imtina etdik.

Daha sonra “188 yükdaşıma xidməti”nə zəng etdik.

Onların da dedikləri qiymətlə əvvəl razılaşdıq. Lakin, sonra nədənsə operator xanım bizi 2-3 dəqiqə xətdə gözlədib, yanında olan kiminləsə, nəysə danışdı və təzədən bizimlə danışmağa davam edərək gözləməli olduğumuzu bildirdi.

Operator xanımın müştəridə qıcıq yaradan bu hərəkətinə irad bildirdik. Həmçinin bütün bunlar haqda mətbuatda məlumat dərc edəcəyimiz barəsində xəbərdarlıq etdik.

Operator xanım isə yəqin ki, rəhbərliyindən aldığı “ürəklə” “antireklam özü də bir reklamdır” deyə bizə kinayəli bir “naz da satdı”.

Yəqin, əvvəllər daşınma zamanı əşyalarını qıraraq, yararsız hala salmaqla, 4.000 manat məbləğində ziyan vurduqları, heç ziyanını da ödəmədikləri müştərinin sosial mediada yayımlanan şikayəti, həmçinin avans verib işə aldıqdan sonra aylarla aldadaraq işlədib, maaşlarını vermədikləri sürücülərin mətbuatda yayımlanan şikayətləri onlar üçün “yaxşıca reklam” olub deyə, “ağızlarında şirə qalıb”.

Dəyərli oxucularımız, dəyərli xalqımız, düşünürük ki, bu cür şirkətlərin, qurumların elə bu cür harınlamasına şəraiti yaradan xalq olaraq biz özümüzük.

Onların 1-2 belə səhvindən sonra xidmətlərindən imtina etsək, müştəri azlığını onlara yaşatsaq bizə hörmət etməyi öyrətmiş olarıq.

Onlar o qədər sözün əsl mənasında harınlayıb ki, artıq müştəri olan bütün vətəndaşları özlərindən çox-çox aşağıda görürlər.

Yazıda adı keçən hər iki şirkətin bir məmura məxsus olması, bir masaya “vurulan yumruğa sitayiş etməsi” onların eyni ölçüdə “şişməsi”nə şərait yaradıb.

Nədənsə, bəzi qurumların ən adi işçilərində belə onların “toxunulmaz” olduqları kimi absurd bir hiss var.

Səbəb isə “başlarında duran böyükləri”nin hər hansı bir məmur olmasıdır.

Amma, bir şeyi unudurlar ki, hüquqi dövlətdə “toxunulmaz” deyə bir vəzifə sahibi yoxdur. İstənilən halda hər kəsə toxunmağın bir yolu var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.