Yeni tədris ilinin başlamasına az qalsa da, bəzi məktəblərdəki problemlər həllini tapmayıb. Bu dəfə yazıdığımız problem məktəbin özündə deyil, həyətində quraşdırılan “Azərişıq” ASC-nin transformatorları ilə bağlıdır. İllərdir transformatorlar orada olsa da təhlükəsizliyi baxımından heç nə edilməyib. Onların üstü açıq, ətrafı hasarlanmamış vəziyyətdə, uşaqlara əlçatan yerdədir.
Lənkəran şəhərindən Reyting.az-a yazılan şikayət məktubunda transformator baxımından təhlükəli məktəblərin adları da sadalanıb. Məsələn, Lənkəran şəhər A. Məhərrəmov adına 7 nömrəli tam orta məktəb məktəblə yanaşı daha daha bir neçə təhsil müəssisəsində təhlükəli vəziyyət hökm sürür. Bunlar – Lənkəran şəhəri R. Məmmədov adına 5 nömrəli tam orta, Lənkəran şəhəri M. Bağırov adına 1 nömrəli tam orta məktəb, Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey və Lənkəran Peşə Liseyidir.
Məktubda qeyd olunur ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) rəhbərliyi yeni tədris ilində şagirdləri qapıları olmayan, sökülmüş, ölümə səsləyən, texniki normalara uyğun olmayan transformator məntəqələri ilə qarşılayacaq.
Şikayət məktubunda yazılır:
“Artıq uzun illərdir ki, Lənkəran EŞ-nin balansında olan bu transformator məntəqələrində narkomanlar yurd-yuva salıbar. Tranformatorların tikililəri qəzalı vəziyyətdədir, qapı və pəncərələri yoxdur. Qapısı olan yerlərdə isə qıfıl əvəzi paslı məftillərdən istifadə olunub. Bəzi yerlərdə köhnə dəmir çarpayıların dəmir torlarından qapı kimi istifadə olunub. Məntəqələrin ətrafında olmalı qoruyucu hasarlar ümumiyyətlə yoxdur. Təbii olaraq çox maraqlıdır, bu işlər üçün ayrılan pullar hara və kimlərin cibinə gedib? “Azərişıq” ASC rəhbərliyinin Lənkəranda baş verən bu biabırçılıqdan xəbəri varmı?”.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu məsələ ilə bağlı Reyting.az-a bildirib ki, “Azərişıq” ASC tərəfindən demək olar, bütün regionlarda yenidənqurma və təmir-bərpa işləri aparılır: “O cümlədən, Lənkəran rayonu ərazisində son bir neçə ay ərzində orta ümumtəhsil məktəblərinin ərazisində və təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən transformator məntəqələrində yenidənqurma işləri görülür. Bəzi hallarda isə həmin ərazilər KTM-lərlə təmin edilir”.
V. Aydınoğlu qeyd edib ki, hazırda 6 təhsil ocağının ərazisində təmir-bərpa işləri görülür və yeni tədris ili başlayanadək bütün işlər yekunlaşacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.