Rüşvət almaqda şübhəli bilinərək İyul ayının 23-də həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb.
araz.azxəbər verir ki, məlumatı Unikal.org saytı yayıb.
Adətən, rəsmi qurumlardan bir neçə saat və ya gün əvvəl məlumatları tirajlayan nəşrə inanmamaq üçün hələlik heç bir səbəb yoxdur. Nədən ki, Vüsal Babayevin azadlığa çıxmaq xəbəri hələ də rəsmən təkzib olunmayıb. Üstəlik, nəzərə alanda ki, onun həbsi xəbərini də ilk əvvəl Unikal.org yaymış, daha sonra Baş Prokurorluq faktı təsdiqləmişdi, bu media qurumunun həmin mövzuda ciddi mənbələrə istinad etdiyi aydın olur.
“Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – Baş Prokurorluğun “Unikal”dan sonra yaydığı rəsmi açıqlamasında belə deyilirdi. Ardınca, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumat “Unikal”ın yaydığı, Baş Prokurorluğun təsdiqlədiyi xəbəri doğrulamaqla qalmadı, həm də Vüsal Babayevin iş fəaliyyətində yol verdiyi cinayətin bəzi detalları da ortaya qoydu. Dövlət Xidmətindən mediaya verilən məlumatda bildirilirdi: “2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib. Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.
Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”.
Bu məlumatdan da aydın olur ki, Vüsal Babayev həqiqətən rüşvətxorluğa görə saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Özü də fəaliyyətində yol verdiyi nöqsanlar düz bir il araşdırıldıqdan sonra. Bu isə onu göstərir ki, V.Babayevin rüşvət alması tam dəqiqləşdirildikdən sonra prokurorluq orqanları həbs qətimkan tədbirimə imza atmağa qərar veriblər.
Di gəl ki, cinayəti rəsmən elan edilmiş bu adamın həbsi uzun çəkmir. Cəmi 1 həftə, 1 gündən sonra adam əlini-qolunu sallaya-sallaya azadlığa çıxır. Bir azdan onun hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunduğunu eşitsəniz, təəccüblənməyin. Çünki belə şeylər Azərbaycanda nadir hal hesab olunmur və Vüsal Babayev niyə bu “hüquq”undan faydalanmasın?
Bəs, Vüsal Babayevin ittiham olunduğu rüşvətxorluq maddəsində adi müttəhimi nə qədər iş gözləyir? Gəlin, bu suala cavab tapmaq üçün Cinayət Məcəlləsinin 311-ci maddəsinə nəzər salaq:
Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;
3.11.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 311.3.3-cü maddəsində “külli miqdar” dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.
Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, rüşvət alan adi vətəndaşlar 4 ildən 12 ilə qədər azadlıqdan məhrum olunurlar. Vüsal Babayev isə cəmi 1 həftə 1 gün ərzində özünü məsuliyyətdən azad edə bilib. Düzdür, o, hələ məhkəmədə də öz əməllərinə görə cavab verməli olacaq. Amma inanmaq olmur ki, Hərbi Məhkəmənin qərarı Hərbi Prokurorluqdan daha fərqli ola. Ən azı ona görə ki, Vüsal Babayev veriləcək cəzasının bir qismini məhkəməyə qədər də çəkə bilərdi. Görünür, bir “ağ adam” kimi onu gözləyən cəza bu müddətdən çox olmadığından Vüsal müəllimi tələm-tələsik azadlığa buraxıblar.
Növbəti sual doğur: Bəs Vüsal Babayev deyilən bu “ağ adam”ı adi vətəndaşlardan ayıran hansı keyfiyyətidir?
Bax, onun müstəsna hüququnu də elə bu sualın cavabı müəyyənləşdirir. Vüsal müəllim Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur. Belə çıxır ki, dayısının uzun illər ölkə rəhbərlərinə xidmətinin bəhrəsini indi bacı oğlu görür.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/S2SG6n0krRs’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Amma inanırıq ki, Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevin komandasında Vüsal müəllimə “neynim, Vaqif Axundovun qohumusan” deyən tapılacaq. Çünki Prezident İlham Əliyev məhz bu inamına görə Kamran müəllimi indiki vəzifəyə qoymuş və elə ilk gündə ona çox vacib göstərişlər verərək demişdi:
- “Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var”.
- “İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil… Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.
- “Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.