“Bütün hakimiyyətlər məni öz adamı etmək istəyiblər, mən isə öz yolumu getmişəm”
“Azərbaycana gəldiyim ilk günlərdən Vətənimə qulluq etmişəm, bunu da, başqaları kimi, gizlində yox, açıq etmişəm. 1989-cu il SSRİ-nin gur vaxtında Sumqayıt həqiqətlərini dilimə gətirmişəm. Sonralar “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazıb, azərbaycan, rus, ingilis, alman, türk dillərində bütün dünyaya yaymışam. 1993-cü il rəhimlər, sürətlər dövlət çevirilişi edəndə, bu gün sinəsinə döyənlər siçan deşiyinə girəndə fikrimi Milli Məclisin tribunasından demişəm. 1994-cü ilin yanvar-fevral aylarını Krasnodar, Stavropol diyarlarında, Rostov vilayətində erməni tərəfində döyüşən rus kazaklarının geri çağırılması üçün əlimdən gələni etmişəm və istəyimə nail olmuşam. Bu yazdıqlarım söz yığını, populistlik deyil, sənədlərlə təsdiq olunan faktlardır. Kitabımı oxusanız bunları sübutlarla görərsiniz”.
araz.az bildirir ki, bunu Aslan İsmayılov deyib. Daha sonra tanınmış hüquqşünas qeyd edib ki, onun 1995-ci ildən sonrakı fəaliyyətini arxivlərdən görmək olar: “1991-ci ildən bu günə qədər mənə dəfələrlə ən yüksək vəzifələr təklif olunub, imtina etmişəm. Bu gün də, hələ sağ olan çox tanınmışlar bunu bilir. Bircə faktı deyim. 1994-cü ilin iyun ayında Prezident Aparatında Ramiz Mehdiyev Aparatın keçmiş İşlər İdarəsinin müdiri Akif Muradverdiyevin yanında mənə Nazirlər Kabinetində, Respublika Prokurorluğunda, Ədliyyə Nazirliyində idarə rəisi vəzifələrini təklif edib. Mən isə, imtina edib, demişəm ki, davam vəzifə yox, dövlətçilik davasıdır. Mətbuat nümayəndələrindən xahiş edirəm, heç olmasa ondan soruşun. Akif Muradverdiyev bu gün də sağdır və bildiyim qədər, bu fikiri mən olmadan başqalarına da deyib. Çox təəssüf edirəm ki, belə faktlar çox olsa da, biri də cəsarət tapıb bunu dilinə gətirmir. Bu gün onlardan xahiş edirəm, bir dəfə mərdlik edib, olanları desinlər. Yox, əgər kimdənsə vəzifə, pul istəmişəmsə, onu da deməsələr, kişi deyillər. Bütün hakimiyyətlər məni öz adamı etmək istəyiblər, mən isə, öz yolumu getmişəm. Bu gün də, vəzifədə olan və olmuşların bir çoxlarının mənə nifrəti də buradan qaynaqlanır. Mən onları, onlar da məni çox yaxşı tanıyırlar və mənim yanımda həmişə gözləri kölgəlidir. Fikirlərimdə, ehtimallarımda da çox vaxt düz olmuşam. Həm ölkə daxilində, həm də xaricində bütün fəaliyyətim dövlətimlə bağlı olub. Yeganə günahım onda olub ki, başqaları kimi oyun oynamamışam, hakimiyyət, pul davası aparan ayrı-ayrı qruplarda olmamışam, fikirlərimi həmişə açıq və düzünə demişəm. Dövlət maraqlarını hər şeydən üstün tutmuşam, buna görə də, görünür, çoxlu düşmən qazanmışam”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.