“DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Siyəzən rayon sakini Quliyev Ruslan tərəfindən videomüraciət daxil olub.
Ruslan Quliyev müraciətində Siyəzən rayon “Yenikənd” kəndində yaşayan 6 nəfərdən ibarət bir aztəminatlı ailədən bəhs edib.
Hansı ki, ailənin başçısı Cığalıyev Arif Kiçikağa oğlu hazırda işsizdir. Həyat yoldaşı Cığalıyeva Cahan Mürvət qızı yataq xəstəsidir. 4 azyaşlı övladları var.
Sözügedən ailənin heç bir gəlir yeri yoxdur. Nə ailədə pensiya alan var, nə də ünvanlı sosial yardım.
Yaşadıqları evin (ev demək olarsa) şəraiti də bu fotolarda gördüyünüzdür.
Ailənin halına acıyan bəzi rayon sakinləri onların durumu haqqında dəfələrlə rayon icra hakimiyyətinə və rayonda fəaliyyət göstərən digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq, sözügedən ailə müraciət edilən qurumlar üçün hələ də “gözəgörünməz” olaraq qalır. Ya da rahatlıqları naminə özləri görməzdən gəlirlər.
Ruslan Quliyev iddia edir ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov “Yenikənd” kəndinin ərazisində 30 hektar torpaq sahəsini mənimsəyib.
Deyəsən İcra başçısı Novruz Novruzov təkcə kəndin ərazisindən deyil, həm də sakinlərin evinə gələn hər “tikə”dən də xəbərdardır.
Ruslan Quliyev deyir: – “Rayonda dövlət işində çalışan bəzi insanlar bu ailəyə maddi yardımlar edirdilər. Bundan xəbər tutan kimi icra başçısı Novruz Novruzov həmin şəxsləri işindən azad edib ki, “özünüzü yaxşı adam edirsiniz, məni pis”.”
Əslində Novruz Novruzov istəsəydi özü də “yaxşı adam” ola bilərdi.
Yəni tabeliyində olan rayonun sakinlərinə, bu aztəminatlı ailəyə kömək etmək 67 yaşlı İcra başçısı Novruz Novruzovun vəzifə borcudur.
Milyonlarla ölçülən sərvətlərin sahibi İcra Hakimiyyətinin büdcəsindən 5-10 manat ayırıb, bu ailənin evini təmir etməyə qadir deyilmi?
Yoxsa o qədər tender keçirən rayon İcra Hakimiyyətinin büdcəsində aztəminatlı, daha doğrusu təminatsız bir ailənin həyətində bir hamam, bir ayaqyolu tikəcək qədər vəsait yox idi ki, bir xanımın təşəbbüsü ilə rayon sakinləri toplaşıb o ailəyə hamam, ayaqyolu tikdirib. Hazır tikilmiş balaca yerin təmirinə belə rayon İcra Hakimiyyətinin “gücü çatmadı”?…
(Siyəzən rayon İcra Hakimiyyətinin keçirdiyi tenderləri hər dəfə yalnız bir qurumun udması özü də biraz şübhə doğurur. Bu da ayrı mövzudur. Növbəti yayımlarımızda bu mövzuya qayıdacağıq.)
67 illik ömrünün 27 ilini Siyəzən də daxil olmaqla, digər rayonlarda İcra başçısı vəzifəsində çalışan İcra başçısı görünür bu qədər iş təcrübəsində yalnız sərvət toplamaq öyrənib. Rayon sakinlərinin problemi ilə maraqlanmaq və aradan qaldırmaq bunca illik icra başçısı fəaliyyətində olmadığı üçün bu gün Siyəzən sakinləri rəhbər qayğısından məhrum edilib.( Belə deməyə Novruz Novruzovun əvvəllər başçılıq etdiyi Goranboy, Şabran, hazırda Siyəzən rayonlarının sakinlərinin ümumi narazılıqları əsas verir.)
Bu gün sözügedən ailənin dolanışığı və kommunal xərcləri “Yenikənd” kəndinin sakinləri tərəfindən ödənilir.
Kənd bələdiyyəsinin, kənd İcra nümayəndəsinin və rayon İcra başçısının isə başları nə “mühüm işlər”ə qarışıbsa, 44.000(qırx dörd min)lik rayon əhalisinin vəziyyəti Allah ümidinə qalıb.
P.S: Qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Siyəzən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev və Başçının müavini-İctimai-siyasi-humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova ilə telefon əlaqəsi saxladıq. Lakin, təəssüflər olsun ki, telefonlara cavab veren olmadı.
Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.az
Daha ətraflı aşağıdakı videogörüntüdə:
[bt_youtube url=”‘https://www.youtube.com/embed/Eg3jm2JlzEQ’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.