1627978166 2

Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Konstitusiyasına yaxın vaxtlarda dəyişiklik edilməsi məqsədi ilə referendium keçiriləcəyi, habelə Milli Məclisin təkrarən buraxılacağı barədə “məlumat”lar yayılmaqdadır. – Bəzi sözləri dırnaq içində yazmağa məcburam, çünki o iddialar əsassızdır, həqiqətə uyğun deyil.

Açıq desək, bu “məlumat”lar, gözləntilər nə dövlətin, nə cəmiyyətin, nə də dövlətçiliyin dəyərini yüksək tutan vətəndaşın maraqlarına cavab vermir və biləvasitə bəlli radikal siyasi dairələrin maraqlarına xidmət edir.

Belə olan halda – bir dar siyasi çevrənin, radikalların maraqlarını cəmiyyət, dövlət maraqları səviyyəsinə qaldırmaq olarmı? – Bu, ritorik sualdır, əlbəttə və cavabı “Əlbəttə, olmaz”dır!

Diqqət edin: Referendum yaxın keçmişdə olub, cəmiyyətin müzakirələri, xalqın səsi nəticəsində 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik edilib.
Yəni “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendumun üzərindən heç 5 il keçməmiş növbəti bir referendium barədə müzakirələr köklü səbəblərə əsaslanmır. Ölkədə hakimiyyət bölgüsü məlumdur, qurum və quruluşların işi günün tələbləri səbiyyəsində qurulub; gərəkən islahatlar dövlət başçısının kamil rəhbərliyi ilə həyata keçirilir və xalqın rəğbəti ilə qarşılanır. Yalnız Vətən Müharibəsini, müharibədəki tarixi zəfərimizi vurğulamaqla dövlətimizin, dövlət orqanlarımızın Prezidentin rəhbərliyi ilə necə çalışdığını bütün dünyanın gördüyünü ifadə edə bilərik. Görünür, dünyanın gördüyünü bizim bəzi radikal çevrələr görə, idrak edə bilmir. Bir sözlə, respublikamızda təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və konkret hakimiyyət bölgüsü vardır; müxtəlif dövlət orqanları, qurum və quruuluşlar bir-birinin fəaliyyətini tamamlayır. 28 sentyabr 2016-cı ildəki referendiumdan, 11 aprel 2018-ci ildəki Prezident və 09 fevral 2020-ci ildəki parlament seçkisindən sonrakı şəkillənmə və yeniliklərlə dövlət orqanlarının fəaliyyətinin, koordinasiyasının effektivliyi daha da artıb.
Milli Məclisin necə çalışması barədə danışmaqsa mənimçün daha rahatdır. Çünki özüm də Milli Məclisin üzvüyəm, Məclisin işinə yaxından bələdəm. Məclisin istər say tərkibi, istərsə də tərkibin formalaşdırılması üçün tətbiq olunan mövcud seçki sistemi illər ərzində sınaqdan uğurla çıxıb və günün tələblərinə uyğundur.

Nələri xüsusi fərqləndirə bilərik?
– VI çağırış Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici
siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılıb, uğurlar əldə edilib;
-Milli Məclisdə islahatlarla yanaşı Məclis özü islahatlara töhfə verən bir mühüm hakimiyyət qolu kimi özünü doğruldub;
– 2020-ci ilin fevralındakı seçkilərdən sonra formalaşmış heyət, ötən müddət içində qanunvericilik fəaliyyətində yaddaqalan bir dönəm keçirib. Özəlliklə Şuşa şəhərinin Mədəniyyət Paytatxı statusu ilə bağlı cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə göndərdiyi Qanun layihəsinin Komitələrdə və plenar iclaslarda müzakirələri, səsvermənin keçirilməsi hər birimizin deputatlıq fəaliyyətimizdə xüsusi hadisə olub;
-Beynəlxalq əlaqələr daha da intensivləşib. O cümlədən Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası (üçtərəfli) əməkdaşlıq formatının rəsmiləşdirilməsi ən yeni dövr tariximizin önəmli hadisəsidir;
-Vətəndaşlarla iş intensiv xarakter alıb, minlərlə vətəndaşın müxtəlif səpgili müraciətləri cavablandırılıb, istər məktubla bildirilmiş, istərsə biləvasitə görüşlərdə qaldırılmış problemlər öyrənilmiş, müvafiq qaydada həll olunmuşdur. Bu mənada, Məclis üzvlərinin fəallığının artırılması xüsusi qeyd olunmalıdır;
-Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələr daha da sıxlaşmışdır. Özəlliklə şəhid ailələri, yaralı qazilərlə bağlı, sosial müdafiəyə ehtiyacı olan seçicilərlə bağlı məsələlər Məclisin, Məclis üzvlərinin diqqətindən əskik olmamışdır;
-Bəllidir ki, ötən ilin martından qlobal pandemiya ilə mübarizə içindəyik. Bu mübarizədə ölkəmiz cənab Prezidentin mükəmməl rəhbərliyi ilə ümumdünya miqyasında yadda qalan addımlar atmış, beynəlxalq humanitar təşəbbüslərlə seçilmişdir. Ölkə daxilində də mühüm addımlar atılmışdır ki, Milli Məclis istər qanunlara müvafiq əlavə və düzəlişlərin qəbulunda, istərsə, vətəndaşlarla iş sahəsində yaddaqalan işlər görmüşdür.
Hər bir Məclis üzvü, ali dövlət rəhbərliyinin fəaliyyətini bundan sonra da özü üçün örnək hesab etməkdə haqlıdır.

44 günlük Vətən Müharibəsi ilə əlaqədar görülən işlər – müharibə dövründə və müharibədən sonra, ikitərəfli, çoxtərəfli parlamentlərarası əlaqələr, qəbul edilən müxtəlif müraciətlər, bəyanatlar, qətnamələr Məclisin məsuliyyətli fəaliyyətinə sübutdur. Həmkarlarımın KİV-lərdə çoxsaylı məqalələri, müsahibələri, sosial mediadakı fəallıqları da bu yerdə minnətdarlıqla qeyd olunmalıdır. Bura, ötən ilin iyulunda Tovuzda, dövlət sərhəddində baş vermiş döyüşlər vaxtı və döyüşlərsonrası görülən işləri də şamil edirəm.
Qalib ölkənin Milli Məclis üzvü olmaq nə qədər şərəflidirsə, bir o qədər məsuliyyətlidir. Çox şadam ki, tam əksər həmkarlarımız məhz bu şərəf və məsuliyyətin dərin fərqindədir.

DÖVLƏTİMİZ VAR OLSUN!
Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri.

araz.az xəbər portalı.