1627983926 ytytyty

“Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və Nəzarət-Təftiş Komissiyasının üzvü kimi deputat Eldəniz Səlimovun hərəkətləri məni həm məyus, həm də narahat edir. Çünki Eldəniz Səlimovun deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüşdü. Onun hərəkətləri partiyamız üçün də münasib deyil. Deputat bir növ Hüseynbala Mirələmovun hərəkətlərinin davamını edib. Mən bunu qınayıram.

YAP iqtidar partiyasıdır, 800 minə yaxın üzvümüz var. Hər bir YAP üzvü kimliyindən asılı olmayaraq məsuliyyətini dərk etməli, etik davranış qaydalarına riayət etməli, qayda-qanunu pozmamalıdır”.

Bu sözləri Reyting.az-a Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan keçmiş deputat Musa Musayev deyib.

Musayev xatırladıb ki, dünyanın bir hissəsi kimi Azərbaycan da pandemiyaya qarşı mübarizə aparır: “Bu mübarizədə Azərbaycan polisi ön cərgədədir. Hər bir vətəndaşımızın borcudur ki, Operativ Qərargahın qayda-qanunlarına və təlimatlarına riayət etsin. Amma millət vəkilinin, üstəlik, YAP üzvünün belə hadisə törətməsi qəbuledilməzdir. Bu hərəkət ən ciddi formada cəzalandırılmalı, bu, hər bir deputata və YAP üzvünə dərs olmalıdır. Yəni hər bir kəs qanunlara tabe olmalı, qanundankənar hərəkət etməməlidir”.

M. Musayev bildirib ki, deputat E. Səlimovun hərəkətləri əslində xuliqanlıqdır: “Sən polisə niyə zor tətbiq etməli, nizam-intizamsız hərəkət etməlisən? YAP-ı yaradanlardan biri kimi bu hal məni narahat edir. Sözsüz ki, parlament düzgün qərar verib. Hər kəs görməlidir ki, biz cəzasızlıq mühitində yaşamırıq. Hər bir cinayətin cəzası var və hər bir şəxs törətdiyi əməlinə görə, kimliyindən asılı olmayaraq cəzasını almalıdır.

Eldəniz Səlimovun əməli çox pisdir və qınayıram. Özü də bu, birinci hal deyil. Bundan əvvəl Hüseynbala Mirələmovun hərəkətlərini gördük. Bəzi icra başçılarının korrupsiyaya qurşandığını və buna görə həbs edildiklərini də müşahidə etdik”.

M. Musayev əlavə edib ki, yazılarında dəfələrlə islahatların davam etməsini vurğulayıb:

“Görünür, baş verənlər bəzi adamlar üçün dərs olmur. Belə hərəkətlər hörmətsizlik, vətəndaşda inamsızlıq yaratmaq cəhdidir. Əlbəttə, cinayətə görə cəza da olmalıdır”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.