“Tam məsuliyyətlə deyərdim ki, Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi tam adekvat və ədalətli qərar oldu və həqiqəti özündə ehtiva edir. Deputata mandat verən Azərbaycan xalqıdır, o, özünün davranışı, hərəkətə ilə hər baxımdan nümunəvi olmalıdır. Deputat hər zaman cəmiyyətin xüsusi diqqətində olan şəxsdir, çünki onların əhali, seçicilərlə əlaqələri olur. Deputatlar bu amilləri nəzərə almalıdır”.
araz.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məlisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı danışan deputat bu cür addımların yolverilməz olduğunu bildirib:
“Deputat xalq tərəfindən seçildiyini unutmamalıdır. Bu baxımdan kiməsə görə üzülmək, məsələdə günahın kimdə olduğunu araşdırmaq kimi fikirlərə yol vermək olmaz, fakt ortadadır. Eldəniz Səlimov Milli Məclisin deputatı kimi həm seçicisinə, həm də dövlət məmuruna, bizim təhlükəsizliyimizi qoruyan polisə zorakılıq tətbiq edib. Növbədənkənar plenar iclasda da bildirdim ki, kiminsə bu adama yazığı gəlmək üçün haqqı yoxdur. O, uşaq deyil, heç qoca da deyil. Eldəniz Səlimov orta yaşlı, ağlı başında olan, bir neçə dəfə deputat seçilən şəxsdir. Onun bu əməli bağışlana bilməz. Bu hərəkətin lazımi səviyyədə araşdırılması üçün prokurorluğun təqdim etdiyi müraciətə müsbət cavab verməli idik. Belə fikirlər var ki, guya məsələdə başqa nüanslar var, ona təhdid və təzyiqlər olub, mən bununla da razı deyiləm. O, iclasda bu barədə çox danışmadı, baş verən hadisəyə görə peşman olduğunu və üzr istədiyini bildirdi və əlavə etdi ki, hadisənin səbəblərinin obyektiv şəkildə araşdırılmasını istəyir”.
Fəzail Ağamalı məsələ ilə bağlı keçirilən növbədənkənar plenar iclasda bəzi deputatların fərqli fikirlər səsləndirməsi, cəzanın adekvat olmaması ilə bağlı düşüncələrə də toxunub:
“Deputatlardan biri bildirdi ki, Milli Məclis istintaqa nəzarət etsin, mən də bildirdim ki, Milli Məclisin buna səlahiyyəti yoxdur. Bəzi şəxslər müəyyən qədər emosional yanaşdılar. Hüquqi, siyasi, etik baxımdan deyil, emosional yanaşmalar oldu, iclasda bununla bağlı da fikirlərimi bildirdim. Hər kəs vəzifəsindən asılı olmayaraq, qanun qarşısında məsuliyyət daşıyır. İnsanların hüquq qarşısında bərabərliyi var. Kimsə fikirləşirsə ki, bu, Milli Məclisin nüfuzuna mənfi təsir edəcək, bununla razı deyiləm. Hazırda Milli Məclisdə 119 deputat var və onlardan 118-i öz üzərinə düşən vəzifəni başa düşür, gücü və intellekti kifayət etdiyi qədər dövlətə xidmət edir. Öz vəzifəsini başa düşməyən bir nəfərə görə niyə 118 nəfər niyə məsuliyyət daşımalı, utanmalıdır? Niyə həmin bir nəfərə görə Milli Məclisin fəaliyyətinə kölgə düşməlidir? İclasda çox mülayim fikir səsləndirənlər vardı, mən bununla razılaşmıram. Dövlətçilikdə güzəşt olmamalıdır. Milli Məclisdəsənsə, vəzifəni layiqincə yerinə yetir. Bacarmırsansa, istefa mədəniyyətin olsun, de ki bacarmıram, get. İclasda da bildirdim, Eldəniz Səlimovun hərəkətləri və davranışları Milli Məclisin fəaliyyətinə kölgə sala bilməz. Kölgə yalnız onun özünə, adına düşə bilər. O, hərəkəti ilə öz seçicilərinə hörmətsizlik etdi. Öz seçicisinə qarşı zorakılıq edən şəxs necə deputat olaraq davam edə bilər? Eldəniz Səlimovun ona qarşı təhrik və təzyiqlərin olması ilə bağlı sözlərinə də ciddi etiraf kimi yanaşmıram”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.