Grand Plaza MMC yaşayış evini söküb, ev sakini xəstəxanaya yerləşdirilib
Şənbə günü, aprelin 14-də Grand Plaza MMC tikinti şirkətinin ekskavatoru Bakının Nəsimi rayonunda X.Ələsgərov, S.Rüstəm, Q.Quliyev və X.Şuşinski küçələrində yerləşən məhəllədə çoxmənzilli yaşayış binasını söküb. Binada olan sakin Vaqif İsgəndərov ekskavatorçudan baş verənlərin səbəbini soruşmağa çıxıb və evinin dağıldığını görüb. Vətəndaş keçirdiyi şokdan xəstəxanaya düşüb, xəstəxana palatasında tikinti şirkətinin sahibi İlqar Həsənov və Bakının Nəsimi rayon icra başçısı ona baş çəkib. Bu evdə baş verən hadisə polis tərəfindən araşdırılır, bir neçə fəhlə rayon polis idarəsinə aparılıb, bu barədə Turan-a sökülən Bakı məhəlləsinin sakinləri bildiriblər.
Grand Plaza MMC Nəsimi rayon İcra Hakimiyyətindən Bakının mənzil fondunun renovasiyası üzrə “pilot layihə” çərçivəsində köhnə binanın yerində yeni çoxmərtəbəli yaşayış binası tikmək hüququ əldə edib. Şirkətin şərtləri ilə razılaşıb evini tərk edən sakinlərin mənzilləri ən qısa zamanda sökülür ki, sökülən mənzillərin altında yaşayan insanların təhlükəsizliyi təhdidə məruz qalsın.
Altı evin sakinlərinin Grand Plaza şirkəti ilə qarşıdurması beş aydır davam edir. Sakinlərin bir hissəsi tikinti şirkətinin təklifi ilə razılaşıblar və mənzillərini tərk ediblər. Digərləri daşınmaz əmlakın dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi hüquqlarının təmin edilməsini tələb edirlər, belə ki, təhvil verilən mənzilin bir kvadrat metri üçün 1500 manat ölçüsündə təzminat bu insanların Bakının eyni rayonunda eyni şəraitə malik mənzil almasına imkan vermir.
Turan Agentliyi narazı vətəndaşlarla görüşüb. Sakinlərin bəziləri (Solmaz Cəfərova) deyirlər ki, tikinti şirkəti onlara yazılı müqavilə təklif etmir, bütün vədlər şifahidir. Şirkətdən iki il ərzində müvəqqəti mənzil kirayəsi üçün aylıq 300 manat verməyi vəd edirlər, bundan sonra sakinlər sökülmüş evin yerində tikilən yeni evə köçəcəklər. Şəhərin bu rayonunda 300 manata 2-3 otaqlı mənzil kirayə tutmaq mümkün deyil. Sakinlər razılaşmasa zorla köçürüləcəklər, ev isə söküləcək. Elə həmin sakinlər təşkilatlana və birlikdə hərəkət edə bilmədiklərindən gileyləniblər, dövlət orqanlarına göndərilən şikayətlərə isə ya cavab verilmir, ya da cavabların xeyri olmur.
Digər sakinlər (Ermənistan qaçqını Gilas Əliyeva) bildirirlər ki, Grand Plaza-nın təklif etdiyi müqavilədə yeni binada ailənin yaşayacağı, bu binanın tikintisi başa çatdıqdan sonra köçəcəkləri blok və mərtəbə dəqiq göstərilməyib. İnsanlar qorxurlar ki, 2 il ərzində şirkət iflas edəcək və ya fors-major hadisəsi baş verəcək: tikinti şirkəti yoxa çıxacaq, insanlar isə küçədə qalacaq. Dövlət vətəndaşlarla müqavilə şərtlərini pozan özəl şirkətə görə məsuliyyət daşımır. MMC və sakinlər arasında müqavilədə dövlət zəmanəti haqqında bənd yoxdur.
Turan-ın suallarını cavablandıran Grand Plaza MMC-nin ofis-meneceri Rüstəm Əhmədov bu evlərin 60 sakininin şirkətlə müqavilə bağlayıb könüllü şəkildə öz mənzillərini tərk etdiklərini bildirib. Bağlanmış müqavilələr müxbirə göstərilib, imzalayanlar arasında məhəllə sakini Anatoli Kudryavtsev də var. Bu insanlar müvəqqəti mənzil kirayəsi üçün aylıq 400-700 manat alacaqlar. 24 ay sonra isə yeni, təmirli, əvvəlki mənzildən 20 kv m artıq sahəsi olan mənzillərə köçəcəklər. Sakinlər vədlərə inanmırlarsa, Grand Plaza MMC iki illik kirayə məbləğini bütünlüklə verməyə hazırdır.
R.Əhmədov vətəndaş Vaqif İsgəndərov evinin söküldüyünü gördükdə həqiqətən onda şikəstlik və ya sağlamlığında hər hansı başqa pozuntu yarandığına inanmır. Tikinti şirkətindən deyirlər ki, İsgəndərov özünü xəstə kimi göstərərək, aldadır. Şirkət ekskavatorçu fəhləni İsgəndərovun əmlakına ziyan dəydiyinə görə ittiham edir və İsgəndərovun korlanmış mebelinin əvəzini ödəməyə hazırdır.
R.Əhmədov Grand Plaza MMC ilə müqavilə bağlamaqdan imtina edən və şikayətlə mətbuata və dövlət orqanlarına müraciət edən vətəndaşları “təxribatçı” adlandırıb. Onun sözlərinə görə, bu insanlar dövlətə qarşı çıxır, şirkətdən hər kvadrat metr üçün 3 min manat ölçüsündə təzminat tələb edirlər. “Bakıda əvvəlki illərdə başqa şirkətlər bu məbləğləri ödəyib. Biz sakinlərin tələb etdiyi ölçüdə təzminat verə bilmərik”, deyə Grand Plaza MMC nümayəndəsi əlavə edib.
Tikinti şirkətinin işçiləri hesab edirlər ki, Konstitusiyada zəmanət verilmiş mülkiyyət hüququnun yerinə yetirilməsini tələb edən vətəndaşlar dövlətin maraqlarına qarşı çıxırlar, belə ki, “pilot layihə” hökumət tərəfindən təsdiq edilib.
Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Bakının Nəsimi rayonunda elə həmin yaşayış məhəlləsində 40 kv metr sahəsi olan ikiotaqlı birmərtəbəli ev yanıb. Bir ev sakini yanıq xəsarətləri alıb. Yanğın təxminən gecə saat 2-də S.Rüstəmov küçəsində, sahibi Grand Plaza tikinti şirkətinin şərtləri ilə razılaşmayaraq, daşınmaz əmlakını tərk etməkdən imtina edən evdə baş verib. Qonşularının evləri əvvəlcədən bu şirkətin fəhlələri tərəfindən sökülmüşdü.
araz.az xəbər portalı.