trrrferfePNG 1628158824

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın pandemiyanın təsirlərindən çıxmaq üçün 650 milyard dollarlıq əlavə ehtiyat aktivlərinin ayrılmasını təsdiqləyib.Belə ki,Avqust 2-si 2021-ci ildə BVF İcraiyyə Şurası Xüsusi Borcalanma Hüquqlarının ümumi ayrılmasını təsdiqləyib (BVF-nin hesab vahidi olan SDR nağdsız formaya malikdir və dəyəri hər gün əsas valyutaların bazar məzənnələrinə əsasən müəyyən edilir). Dünyanın likvidlik qaynaqlarını artırmaq üçün 650 milyard dollara (təxminən 456 milyard SDR) bərabər məbləğdədir. Bəs bu ehtiyatdan yararlanan ölkələr sırasında Azərbaycan da var?

araz.az xəbər verir ki , mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a danışıb:

“Azərbaycanla Beynəlxalq Valyuta Fondunun və dünya bankının tamam başqa proqramlar çərçivəsində əlaqələri mövcuddur. Bundan öncə də pandemiya ilə əlaqəli müxtəlif ölkələrə vəsaitlərin ayrılması proqramı müzakirə olunurdu. Azərbaycan tərəfi Beynəlxalq Valyuta Fondu ilə əlaqəli bu layihənin müzakirəsinə çox da böyük həvəs göstərmədi. Çünki burda yardım proqramından söhbət getmir. Yəni yardım proqramında verilən vəsaitin geri qaytarılmasına göz yummaqdan söhbət getmir. Bunun kiçik bir hissəsi yardım proqramı çərçivəsində olur. Amma, əslində, Beynəlxalq Valyuta Fondu bu yardımları hökumət tərəfindən atıla biləcək müəyyən addımların müqabilində ayırır. Açığı, çox zaman işlərinə müdaxilə edilməsi bəzi ölkələrin xoşuna gəlmir. Ona görə də, Azərbaycan tərəfi bu yardımların alınmasında o qədər də maraqlı deyil. Çünki orda müəyyən hissəsi çox aşağı faizlə və hər halda kreditlərlə olur. Müəyyən hissəsi isə müxtəlif layihələrin maliyyələşdirilməsinə xərclənir, bu da həmişə Azərbaycan tərəfdən heç də xoş qarşılanmır. Bunun müxtəlif səbəbləri var. Azərbaycan hökuməti son açıqlamalarının birində demişdi ki, bu, bizim daxili qərarvermə mexanizmlərimizə qarışmaqla əlaqəlidir. Amma, düşünürəm ki, burda başqa məsələlər də var. Məsələn, ola bilər ki, Azərbaycanın ümumdünya ticarət təşkilatına üzvlüyü ilə bağlı israr var və Azərbaycan hökuməti bundan narahatdır. Ona görə də, əgər ayrılacaq yardımlar texniki məsələlərlə bağlı olsa, ola bilər ki, Azərbaycana müəyyən yardımlar olsun. Amma ümumilikdə Azərbaycan tərəfi bu tipli proqramlardan çox vaxt kənarda qalmağa üstünlük verir”.

Aytac ASLAN

araz.az xəbər portalı.