ABŞ-Rusiya, İsrail-İran qarşıdurması: Azərbaycanı nə gözləyir?
İsrailin Baş naziri Naftali Bennet iyulun 29-da İsrail gəmisinə hücumla bağlı açıqlamalar verib. Hökumət başçısı hucumun İran tərəfindən həyata keçirildiyini bir daha bəyan edərək, bu ölkəyə qarşı cavab addımlarında təkbaşına hərəkət edə biləcəklərini də vurğulayıb.
“Bu məsələdə bütün dünyanı bir araya gətirmək üçün çalışırıq, amma təkbaşına da hərəkət edə bilərik”, – deyə o bildirib.
Bu isə öz növbəsində regionda yeni münaqişə ocağının yaranacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Gərginləşən İran-İsrail münasibətləri fonunda ABŞ və Qərbin Rusiyaya qarşı maliyyə sanksiyaları, rəsmi Kremlə qarşı hədələyici bəyanatları da səngimək bilmir. Bəs, görəsən baş verənlər yerləşdiyimiz regiona hansı təhlükələr vəd edir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, regionda kifayət qədər ciddi siyasi proseslər baş verir: “Qabaqlar da regionada vəziyyət həssas idi, lakin son dövrlər daha ciddi mərhələyə qədəm qoyub. Xüsusən Co Baydenin iqtidara gəlməsi, demokratların Rusiyaya olan münasibəti, Moskvaya yönəlmiş hücumlar, o cümlədən İranla bağlı məsələlər bu qəbildəndir. Hesab edirəm ki, qarşıdakı dövrlərdə münasibətlər daha şiddətli xarakter alacaq. Bu hücumlar artacaq və münasibətlər qırmızı xəttə yaxınlaşacaq. Lakin bunun müharibə ilə nəticələnəcəyini güman etmirəm”.
“Yaxın gələcəkdə regionda yalnız bir müharibə ehtimalı mövcuddur. Bu da Ermənistanın təxribatları fonunda anti-terror əməliyyatları ola bilər. Dəfələrlə qeyd etmişik ki, bizim də səbrimizin bir həddi var. Bu gün dünyada ədalət yoxdur. Beynəlxalq münasibətlərdə haqlı tərəf yoxdur, yalnız güc amili var. Əgər belə olmasaydı, BMT-nin qətanəmələri kağız üzərində qalmazdı. Azərbaycan, nəhayət uzun illər sonra məhz güc yolu ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun şücayəti nəticəsində torpaqlarımızı işğaldan azad edib. Ermənistan təxribatçı əməllərinə davam edərsə, “Dəmir yumruq” yenə onların başına dəyəcək”, – deyə ADİP sədri bildirib.
Deputatın sözlərinə görə, İsraillə İran arasında hədə ritorikası təcrübədə ilk belə hal deyil: “Uzun illərdir biz İranın İsrailə, İsrailin də İrana qarşı oxşar davranışlarını müşahidə edirik. Vaxtaşırı olaraq onlar bir-birini müharibə bəyanatları ilə hədələyir. Bu, yalnız təzyiq cəhdləridir və müharibəyə gətirib çıxaracağı ehtimalları çox aşağıdır. Sadəcə münasibətlər günü-gündən pisləşir və səslənən qarşılıqlı ittihamlar da məhz bundan qaynaqlanır. Bu gün regionda kifayət qədər ciddi problemlər var. İran məsələsi artıq o problemlərdən biridir. Buna qədər isə birincisi idi”.
“Rusiyaya gəldikdə isə, Qərb NATO-nun, Kreml KTMT-nin güclənməsinə çalışır. Qərbdə belə hesab edirlər ki, Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatının güclənməsi dünya üçün böyük təhdiddir. Bu mənada ABŞ ilə Rusiya arasında mübarizə davam edəcək. Regionda maraqlar uğrunda mübarizə şiddətlənəcək. ABŞ Rusiyanı iqtisadi cəhətdən çökdürməyə çalışacaq. Eyni zamanda siyasi təzyiq üsullarını işə salacaq. Rusiyaya yaxınlığı şübhə doğurmayan ölkələrə, əsasən də Belarusa qarşı müqavimət artacaq. Qarşıdakı dövrlərdə daha ciddi hadisələrin şahidi olacağıq”, – deyə Mollazadə vurğulayıb.
Politoloq İlyas Hüseynov da AYNA-ya şərhində İran ilə İsrailin Yaxın Şərqi nəzarətə götürmək uğrunda mübarizə apardığını söyləyib: “Bu münasibətlər kifayət qədər gərginləşib. Oman sahillərində gəmilərə hücumla bağlı iddialar vəziyyəti daha da qəlizləşdirib. İsrailin dünyada ən yaxın müttəfiqi ABŞ-dır. Amerikada çox güclü yəhudi lobbisi fəaliyyət göstərir. Gəmi insidentində İsraillə yanaşı, ABŞ, İngiltərə və Rumıniya birgə fəaliyyət göstərir. Çünki hadisə zamanı Britaniya və Rumıniya vətəndaşları da həlak olublar. Bütün bu gərginliyin fonunda eskalasiya ehtimalları daha da artıb. Digər yandan İsrail ilə Fələstin, daha doğrusu, İsrail ilə “Həmas” arasında baş verən toqquşmalar zamanı İsrailə böyük zərbə dəydi. Həm mülki infrastruktura, həm də şəhər təsərrüfatına”.
“Nüvənin zənginləşdirilməsi və digər problemlərdə İsrail hər zaman İranı günahkar çıxarır. Bu xüsusda müharibə ehtimalları yenidən gündəmə gəlib. İsraildə formalaşan yeni hökumət açıq şəkildə bəyan edir ki, İran məsələsində daha ciddi addımlar atacaq. Artıq bunun təzahürləri də ortadadır. Onlar açıq şəkildə hərbi eskalasiya məsələsini gündəmə gətirirlər. Hesab edirəm ki, beynəlxalq oyunçuların, dünya güclərinin müdaxiləsi müharibə ehtimallarının qarşısını alacaq. Digər yandan, İran İsraillə ərəb dövlətləri arasında yaxınlaşma cəhdlərini də qəbul etmir”, – deyə analitik qeyd edib.
Hüseynov baş verənlərin regionda təhlükəsizliyə ciddi təhdid yaratdığını diqqətə çatdırıb: “Əgər İran nüvə tədqiqatlarında irəliləsə, regionda hətta nüvə müharibəsi riskləri də artmış olacaq. Bu isə, heç şübhəsiz, böyük faciələrə, hətta bəşəriyyətin məhvinə səbəb ola bilər”.
“Azərbaycanın da bu regionda yerləşməsini nəzərə alsaq, nüvə ilə bağlı istənilən tədbirlərin həyata keçirilməsi, nüvə silahına müraciət olunması regionda böyük dağıntılara, ekoloji fəlakətlərə və kütləvi insan tələfatlarına gətirib çıxaracaq. Zatən, bu gün dünyada su çatışmazlığı müşahidə olunur. Su uğrunda müharibə ehtimalları hər gün daha da artır. Meşə yanğınları fonunda regionda nüvə müharibəsi riskinin meydana gəlməsi regionun bütövlükdə gələcəyini sual altına qoyur. Ona görə də dünya birliyi bunun baş verməməsi, müzakirələrin siyasdi-diplomatik müstəviyə daşınması üçün hərəkətə keçməlidir”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.
araz.az xəbər portalı.