Azərbaycan Banklar Assosiasiyası (ABB) kartları sahəsində yeni fırıldaqçılıq hallarına dair məlumat yayıb.
ABB-dən verilən məlumata görə, bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir: “Belə hallarla qarşılaşdığınız zaman kart məlumatlarınızı təqdim etməyin və dərhal ödəniş kartının üzərində qeyd olunan bankınızın rəsmi qaynar xətti və ya əlaqə telefonları ilə əlaqə saxlayın”.
Qeyd olunub ki, ödəniş kartına pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir: “Heç bir halda ödəniş kartının PİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər”, – deyə məlumatda bildirilir.
ABB qeyd edir ki, ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.