mir-cefer-baq.jpg

…2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən Aydın Kazımzadənin “Kino və Zaman” kitabı oxuculara təqdim olundu. Kitab C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının yaradıcılığı yoluna həsr olunur.
Kitab 1923-2016-cı illəri əhatə edir. 784 səhifəlik kitab “Şərq Qərb” ASC mətbəsində çap olunmuşdur.

Aydın Kazımzadə Ələskər oğlu, Azərbaycanın Əməkdar İncəsət xadimi, Prezident təqaüdçüsü, Jurnalist, Kino tədqiqatçısı respublikamizda kino mətbuatının- “Kino” qazeti və “Film” jurnalının yaradıcısı, kinemotoqrafiya əlaçısı və s. mükafatlarının laureatıdır və bir çox vəzifələrdə çalışmışdır. ADMİU-nun dosentidir. 1963-cü ildə mətbuatda Azərbaycan Kino tarixinə, kino sənətinin müxtəlif problemlərə dair elmi və publisistik məqalələri ilə çap olunur. Azərbaycan Kinosunun yaşının 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktını üzə çıxarılıb sübuta yetirilməsi onun fəaliyyəti ilə bağlıdır.
1945-ci ildə Bakı kinostudiyasının “Arşın mal alan” bədii filimindən sonra 1947-ci ildən “Fətəli xan” filmi ekran həyatına başlayır. Kitabın 258-ci səhifəsinə yazılmışdır. “1944-cü il avqust ayının 18-də kinonun bədii şurasında filmin rejissor ssenarisi müzakirə zamanı tənqid olunur. Rejissorlara düzəlişlər aparmaq tövsiyyə edilir.” 1947-ci il dekabrın 30-da “Fətəli xan” filiminin Azərbaycan variantı studiyaya verildi. Film ideoloji təbliğat əsəri kimi yaradılmışdır. Yəni burda SSRİ kino rəhbərlərinin təkidi və tələbi ilə Azərbaycanın Rusiya ilə birləşdirilməsi, bununla da ölkənin “İran və Türkiyənin təcavüzündən” birdəfəlik xilas olması ön plana çəkilmişdi. Buna baxmayaraq müəlliflər müəyyən dərəcədə əsas ideyadan uzaqlaşdıqlarına görə, eyni zamanda Cənubi Azərbaycanda milli azadlıq hərəkatının yaradıldığı, Azərbaycan milli hökumətinin devrildiyi bir vaxtda Fətəli xanın ekrandan gur səslə “..Azərbaycan vahid olmalıdır. Əgər birləşməsək İran bizə qalib gələcək” deyirdi…”.
***
…Daha sonra kitabın 261-cü səhifəsi: “… Buna qədər isə Rəsul Rza “Fətəli xan” kinolentini qayçılamağa icazə vermədiyinə görə Moskva filmi geri qaytarmış və o vaxtlar Azərbaycan Komunist Bolşeviklər Partiyasının I katibi olan Mir Cəfər Bağırov flmə baxandan sonra onun bir kəlmə “ubrat” (yəni, “rədd eliyin”) deməsi ilə bu məsələnin üstünə bir daha qayıdılmamışdır. Mir. Cəfər Bağırov vəzifəsindən azad ediləndən bir neçə il sonra, yəni 1958-ci ildə “Fətəli xan” filminin Azərbaycan variantı, 1959-cu ildə isə rus variantı ekranlara buraxıldı, amma hər iki variantdan bir neçə hissə kəsilib atılandan sonra! Xoşbəxtlikdən “Fətəli xan” filminin qayçılanmamış rus variantından bir surət kinostudiyanın bazasında qalıb. Hazırda həmin yeganə surət Azərbaycan Dövlət filim fondunda saxlanılır”.
Hörmətli kino aliminin yazdığı həmin bu faktlarla heç bir arxiv sənədləri ilə uzlaşmır. Ona görə də oxucuları arxiv sənədləri ilə olan məlumatlara cəlb etmək istədim. Oxucuların nəzərinə çatdırıram ki, M.C. Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövrdə heç vaxtı Rusiyada Azərbaycanın könüllü birləşməsi haqqında heç bir tədbir keçirməmişdir. İlk könüllü birləşmə tədbiri 1954-cü ildə N.Xruşovun göstərişi ilə Rusiyanın Urkrayna ilə birləşməsinin 300-illiyi təntənəli surətdə qeyd edilmişdir. Həm də Krım Rusiyadan alınıb Ukraynaya verilmişdi. 60-cı illərdə isə Rusiyanın Azərbaycanla könüllü birləşməsinin 150 illiyi təntənə ilə qeyd edilmişdir.
Tarixi fakt: Dağıstanda 1997-ci ildə “Yupiter” nəşriyyatı tərəfindən buraxılmış kitabda “Əziz Əliyev Dağıstanda işlədiyi 1942-1948-ci illdərdə Dağıstan Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmış Əbdürəhman Daniyalov vəfatından bir müddət qabaq, 1981-ci ildə yazırdı. (Bax: adı çəkilən kitab, səhifə 243-244): “…1943-cü il idi. Tehran Konfransından sonra, bir gün səhər M.C.Bağırov Dağıstanda idi, görüş zamanı o, mənə şəxsən Stalinlə olmuş söhbətin məğzini açdı. Dedi ki, Dağıstanın düşdüyü çətinliklərlə əlaqədar, Dağıstanın Azərbaycanla birləşdirilməsini və ya Dağıstan MSSR-in Azərbaycana verilməsini Stalinə təklif etmişdir. Stalin cavabında demişdir: “Bu təklifə Dağıstanlıların özləri necə baxılar?” M.C.Bağırov cavabında “Zənnimcə, pis baxmırlar”, – demişdir. Mən M.C.Bağırova dedim ki, bu məsələ barədə yoldaşlarla məsləhətləşmək lazımdır. Belə bir şəraitdə Dağıstanın Azərbaycanla birləşdiriləcəyi təklifi fəallar içərisində baş alıb yayıldı, bundan sonra M.C.Bağırovla görüşlərimizdə bu mövzuya toxunulmadı. Ə.Əliyev tərəfindən də təşəbbüs olmadı. Mən də bu məsələyə əhəmiyyət vermirdim. Ancaq bir dəfə RSFSR Xalq Səhiyyə Komissarının Dağıstana gəlişi zamanı Vilayət Ali Sovetinin sədri Adilgəray Taxtarov qonağın şərəfinə ziyafət təşkil etmişdi. Qonaqlar arasında Leninqrad sualtı məktəbinin rəisi (Müharibə illərində Mahaçqalaya göçürülmüşdü) Kontr-admiral Skrıqanov da vardı. Ziyafət şən keçirdi. Yeyirdilər, içirdilər, qələbə şərəfinə badə qaldırırdılar. Birdən Kontr-admiral mənə yanaşdı və dedi “Abduraxman Daniyaloviç, sən yəqin ki, cənuba deyil şimala, Moskvaya istiqamət götürürsən?” Bu replika məni vadar etdi ki, Dağıstanın Azərbaycana verilməsini və bunun siyasi nəticələrini özlüyümdə götür-qoy edim və bu təklifə mənfi münasibətimi bildirim. Bu barədə Ə.Əliyevlə danışarkən o, zənnimin tam əksinə olaraq, Dağıstanın Azərbaycanla birləşdirilməsinin qəti əleyhdarı olduğunu söylədi: “İndi biz birbaşa ÜİK (b) PMK-lə təmasdayıq, əgər Azərbarbaycanın tabeliyinə keçsək, Azərbaycan K (b) PMK- ya da tabe olacıyıq. Bundan əlavə T. Quliyev Dağıstana RSFSR hökumətindən çox pul ayırmayacaqdır.” Bu söhbət mənim Ə.Əliyevə olan hörmətimi daha da artırdı, aramızdakı qardaşlıq münasibəti möhkəmləndi. Ə.Əliyev beynəlmiləlçi, uzaqgörən siyasətçi kimi gözümdə yüksəldi. Görünür M.C.Bağırov Ə.Əliyevi Dağıstana yola salanda, Dağıstanın Azərbaycan tabeliyinə veriləcəyi təklifinə dair Stalinlə söhbətinin məzmununu ona çatdırmışdır. Ancaq bütün hallarda Ə.Əliyev M.C.Bağırovun iradəsi qarşısında əyilməmişdir. M.C.Bağırov təkcə Azərbaycanda deyil Bütün Zaqafqaziyada və Dağıstanda böyük səlahiyyət sahibi idi. ÜİK (b) PMK-nın və Zaqafqaziya cəbhəsinin üzvü idi. Biz ona böyük nüfuzlu yoldaş kimi hörmət edirdik. Məhz 1937-1938-ci il tufanından sonra yalnız o bütün Qafqazda salamat qalmışdı. Bundan başqa, biz M.C.Bağırovun Dağıstana münasibətini də başa düşürdük. Bir dəfə SSRİ- Ali Sovetinin Sessiya günlərində axşamdan xeyli keçmiş Ə.Əliyev, Taxtarov və məni Bağırovun dəvəti ilə onun mənzilinə qonaq apardı. M.C.Bağırov sevinc içində idi və bizi qarşılayanda təxminən bu sözləri dilinə gətirdi: “Mən bir az əvvəl Stalinin bağ evində süfrə arxasında idim. Dağıstanın Azərbaycana verilməsi prinsipi etibarı ilə həll olunmuşdur. Siz Stalin yoldaşa bu məzmunda rəsmi məktub göndərin” deyəndə biz bir-birimizin üzünə baxdıq. Ə.Əliyev cavab verdi ki, ətraflı düşünərik və sabah qərara gələrik. Mehmanxanaya qyıtdıq. Öz aramızda yekdil rəyə gəldik ki, ən azı Vilayət Partiyasının Komitəsinin Plenumunda baxılmadan Stalinin Dağıstanın Azərbaycana verilməsi barədə məktub yaza bilmərik və şərtləşdik ki, Ə.Əliyev bu haqda Bağırov yoldaşa bildirsin. Bu belə də oldu”.
***
Mən əlbəttə Ə.Əliyevlə M.C.Bağırov arasındakı söhbətin necə getdiyini deyə bilmərəm. Ancaq bundan sonra Ə.Əliyevə də, mənə də, Dağıstana da C.Bağırovun gizli qəzəb və nifrəti yarandı, müharibənin son günlərinədək o, Dağıstana gəlmədi. İkinci dünyan müharibəsi illərində M.C.Bağırov yaranmış vəziyyətdən istifadə edərək, vahid Azərbaycan uğrunda mücadilə aparırdı. Onun Stalinə yazdığı məktublarda qədim Dərbənd şəhərinin vurğulanması da bu yanğının nişanəsi idi, “Fətəli xan” filminin çəkilişi də bu məsləkdən doğurdu. Dərbənd Azərbaycan dövlətləri olan Qafqaz Albaniyası, Şirvanşahlar, Səfəvilər və Fətəli xanın başçılıq etdiyi Şimal-Şərqi Azərbaycan Dövlətinin tərkibində olmuşdur. 1796-cı ildə rus qoşunları tərəfindən işğal olunandan sonra Dərbəndi Azərbaycanın əzələi torpağlarını təcrid etmək siyasəti yeridilmişdir.
Məlum olduğu kimi Azərbaycan Cümhuriyyəti dövründə Dağıstan xalqları ilə qardaşcasına münasibət mövcud olmuş, Dərbənd Azərbaycan şəhəri kimi qəbul edilmişdir. Yer gəlmişkən, Azərbaycan Cümhuriyyəti hökumətinin Nəsib bəy Yusifbəylidən sonra ikinci maarif naziri Dağıstanın Xasayurt şəhərində anadan olmuş, 1910-cu ildə Parisdə Sorbonna Universitetinin hüquq fakultəsini bitirmiş Rəşidxan Qaplanov olmuşdur. Parlamentinin qərarı ilə xarici ölkələrə ali təhsil almağa göndərilən 100 nəfə arasınadan beşi Dərbənd və Dağıstanın başqa yerlərindən idi.
1920-ci il martın 25-də 11-ci Qızı Ordu Dərbəndi işğal etdi. Sonra da, Qubada , Xaçmazda, Bakıda, Gəncədə, Lənkəranda və Azərbaycanın digər şəhərlərində qan tökdü. 1920-ci il martın 25-də Dərbəndin, aprelin 28-də Bakının işğal günüdür. İndi soydaşlarımız Dərbəndə, Dərbənddən Bakıya xarici pasportla gedib gəlmək məcburiyyətində qalıb.
Bakı kinostudiyasının istehsal etdiyi “Bakının işıqları” bədii filmi haqqında da həmin kitabın 266-cı səhifəsində yazılmışdır:
“Filmin qadağan olunması və ekranlara buraxılmaması barədə sənədlər bu günə kimi aşkar olunmayıb. Stalin ölümündən sonra bu filimdə ayrı-ayrı epizodlar kəsilib götürülmüş və film ekrana buraxılmışdır.
Hörmətli kino alimi Aydın Kazımzadə həmin kitabın 267-ci səhifəsində yazır: “O dövrdə Stalin kimi Respublika rəhbərləri də öz kinostudiyalarında çəkilən filimlərə mütləq baxırdılar. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırov da Bakı kinostudiyasında yaradılan filimlərə tamaşa edirdi. “Bakının işıqları” filmi hazır olandan sonra onu M.C. Bağırova göstərdilər. Kinorejissor Məmməd Əlilinin dediyinə görə, filmi MK-ya o aparmışdır. Ona görə də bu filimlə bağlı gedən söhbətlərdən xəbərdar idi. Filim qurtaran kimi Bağırov barmağını yelləyib bircə kəlmə söz demişdir. “Ubrat” yəni “bunu rədd edin”. Bundan sonra Əlili filmi kinostudiyaya qaytarır və filim uzun illər unudulmağa məcbur edilir.
Təəssüflər olsun ki, hörmətli dosent həqiqi şahidlər və arxiv sənədləri əsasına yox, rəvayətlər əsasında Mir Cəfərin “Ubrat” sözü ətrafında fərziyələrə əsaslanmışdır. Qayçı məsələsi də öz yerində.
“Bakının işıqları” haqqında arxiv sənədlərinə müraciət edək:
“Azərbaycan K/B/P katibi M.C.Bağırov yoldaşa
Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin qərarına əsasən, yazıçılardan Mehdi Hüseynov, Ənvər Məmmədxanlı və İmran Qasımov neft mövzusunda bədii film üçün ədəbi ssenari yazmışlar. Həmin ssenari variantları içərsində İmran Qasımovun hazırladığı ədəbii mətn “Bakının işıqları” şərti adla qəbul olunmuşdur.
Bu ssenari SSRİ Kinomotoqrafiya Nazirliyi və Bədii şurası tərəfindən əsasən bəyənilmişdir. Filmin rejissor variantının hazırlanması və çəklişi ilə əlaqədarı aşağıdakıları məqsədəuyğun hesab edirik.:
1. SSRİ Kinomotoqrafiya Nazirliyinin və onun Bədii şurasının rəyinə müvafiq olaraq, neftçilər haqqında bədii filmin yaradılması üçün “Bakının işıqları” ssenarisi əsas götürülsün.
2. Stalin mükafatı laureatı Rza Təhmasib “Bakının İşıqları” filiminin quruluşçu rejissoru, Əlisəttar Atakişiyev filmin baş operatoru təsdiq olunsun.
3. Rza Təhmasib və İmran Qasımov yoldaşlara tapşırılsın ki, 2 ay müddətinə Bədii Şuranın bütün iradlarını nəzərə alaraq filimin ssenarisi əsasında rejissor variantını hazırlasınlar.
4. Studiyanın bədii rəhbəri E.L.Dzidan yoldaşın Moskva şəhərinə daimi işə getməsini nəzərə alaraq SSRİ Kinomotoqrafiya Nazirliyindən xahiş edilsin ki, “Bakının İşıqları”nın məsləhətçi və bədii rəhbəri vəzifısində çalışmaq üçün peşəkar sənət xadimlərindən birini ayırsın.
Yoldaş Bağırov! əgər təkliflərimiz təqdir olunarsa, Respublika Nazirlər Soveti filmin istehsalata buraxılması ilə əlaqədar bütün təsərrüfat məsələlərini həll edəcəkdir.
Sizin göstərişinizi gözləyirik”
22 aprel 1948-ci ildə M.C.Bağırovun məktubunda deyilir ki, “…öz tərəfimdən məsləhət görərdim ki, bir daha neftçilərlə görüşüb söhbət edəsiniz, ssenarini Karasyov, Əlizadə, Məlikpaşayev, Heydərov, Orucov və başqaları ilə birlikdə oxuyub müzakirə edəsiniz. Bunu nə qədər etsəniz, o qədər faydalıdır. Bizim tərəfimizdən heç bir ləngitməyə yol verilməyəcəkdir”.
Oxucuların nəzərinə çatdırıram ki, “Bakının işıqları” filmi ilə əlaqədar Bağırovun iradları 1948-ci ildə filimin ssenarisinin Mərkəzi Komitədə oxunuşu zamanı edilmişdir, Rza Təhmasib orada iştirak etməmişdir. Bu barədə Manaf Süleymanov 1996-cı ildə Xəzər Universiteti Nəşriyyatı tərəfindən buraxılmış “Son bahara çatdıq” kitabında (səh. 151) belə yazır: “İmran Qasımov Mərkəzi Komitədə öz əsərini oxuyurmuş. Bağırov görür ki, İmran Qasımov hər surətin sözünü tipikləşdirərək xüsusi intonasiya ilə tələffüz edir. (ümumiyyətlə o, bu cür oxuyurmuş). Bağırov onu tez-tez “eynəkli adam gəldi, eynəkli adam gəldi” tipli ifadələr işlətdiyini görüb soruşur ki, bu eynəkli adam kimdir axı? İmran Qasımov da fərəhlə deyir ki, mən sizi nəzərdə tutmuşam. Bağırov özündən çıxıb qışqırır. “Elə onda zibilləmisən də, çıxarın”. Heç kim cəsarət etməzdi ki, onun obrazını yaratsın, onu tərifləsin, mədhiyyə oxusun. Yüyəni bir balaca boşaltsaydı, məddahlar minlərlə seir, yüzlərlə poema, onlarla povest və hekayə yazardılar. Heç kəs nə sözdə, nə dildə onu tərifləyə bilmirdi…”
Ümumiyyətlə, Aydın Kazımzadənin “Kino və Zaman” kitabında bir çox məsələlər öz əksini tapmışdır. Bu kitab Kino tariximiz haqqında çoxlu maraqlı hadisələrlə zəngindir.
Məmməd Tağı
16.04.2018
(Xüsusi olaraq “Təzadlar” üçün)

araz.az xəbər portalı.