bandicam 2021 08 08 09 41 44 761“Düşünürəm ki, yol polisi sahəsində olan özbaşınalıq, avtomobil qeydiyyat nişanlarının alış-satışı ilə bağlı məsələlər, sürücülük vəsiqəsinin verilməsi ilə bağlı qanunsuzluq son bir ildə yenidən tüğyan etməyə başlayıb. Bu məsələlərlə bağlı ciddi ölçü götürülməlidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Müdafiə Xətti İnsan Haqları Təşkilatının həmtəsisçisi, ictimai fəal Zaur Əkbər deyib.

O, quruma daxil olan şikayətlərin əksəriyyətinin yol polisinin fəaliyyəti ilə bağlı olduğunu bildirib:

“Fakt kimi deyə bilərəm ki, bizim təşkilata hər gün onlarla şikayət daxil olur. Bu şikayətlərin əksəriyyəti regionlardan daxil olur. Bu şikayətlər arasında yol polislərinin özbaşınalığı ilə bağlı xeyli narazılıqlar var. Yol polisləri heç bir səhvi və qayda pozuntusu olmadığı halda vətəndaşları saxlayır, onları təhdid edir, qorxudur və rüşvət tələb edirlər. Bayram günlərində isə bu məsələ daha dəhşətli hal alır. Yol polisləri insanları saxlayıb, “bayram payı”, “şirinlik” istəyirlər. Hətta onlar dilənirlər desək, daha doğru olar. Məncə, bu korrupsiya halları, sürücülük vəsiqələrinin rüşvət qarşılığında verilməsi həm də insanların gələcəyi üçün böyük təhlükədir. Xüsusilə Bakıda baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də budur. Tıxac olarkən sürücülərin qeyri-peşəkar və qeyri-mədəni davranışları məhz bu prosesin nəticəsidir. Buna görə də, müvafiq orqanlar bu sahədəki korrupsiyanın qarşısını almaq üçün ciddi tədbir görməlidir. Bu, həm də insanların indiki və gələcək təhlükəsizliyinin təmin olunması baxımından vacib məsələdir”.

Aygül QARAYEVA,
Demokrat.az

araz.az xəbər portalı.