fazilıjpg 1595665128

Fazil MUSTAFA,

Deputat

***

Azərbaycanda el arasında ümumişlək bir söz var: ağzıgöyçək. Burada anlaşılan məcazi məna əsasən dedi-qodu üzərindən boş-boş mühakimə yürüdən şəxsləri işarə edir.

Yəni kişili, qadınlı əsassız ittiham irəli sürən, rəy söyləyən hər kəsi bu anlayışın içində təsəvvür etmək mümkündür. El arasında bu cür insanlar əsasən şaiyələrin yayılmasında önəmli rol oynayırlar. Ağzıgöyçəyin də müxtəlif növləri var və düşünürəm ki, bu növlərdən ən təhlükəlisi Ağzıgöyçək Vətənpərvərlikdir. Yəni adam vətənpərvərlik maskası ilə ağzıgöyçəklik edir, kimlərisə məhz vətənpərvərlik mövqeyindən əsassız ittiham edir və özü ilə eyni qafada olan ağzıgöyçəkləri də şüursuz formada öz dəstəkçisinə çevirir.

Niyə bu qədər sərt başladım? İki gün öncə İranda yeni seçilmiş prezidentin andiçmə mərasimində iştirak etmək üçün işçi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarova həm İran Parlamentinin sədri, həm də İranın yeni prezidenti ilə görüş keçirdi. Parlament sədri ilə görüşdə hər iki dövlətin bayraqları protokola uyğun olaraq salonda yerləşdirilmişdi. Prezidentlə görüşdə isə protokola uyğun olaraq yalnız İran bayrağı var idi. Xatırlayırsınızsa, bu görüşlərdə xanım Qafarova çox ciddi bir məsələni də gündəmə gətirmişdi: İran niyə Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmir? Qeyd edim ki, bu səfər işçi səfər olduğundan bütün proseslər də iki ölkə arasında razılaşdırılmış beynəlxalq protokol qaydalarına tam uyğun olaraq gerçəkləşdirilmişdir. Azərbaycan prezidentinin protokolunda da hansısa ölkənin prezidenti və ya baş naziri rəsmi səfərə gələrkən həmin ölkənin bayrağı Azərbaycan bayrağı ilə yanaşı salonda yer alır. Başqa ölkənin parlament sədri ilə görüşdə isə yalnız salonda Azərbaycan bayrağı olur. Xatırlayırsınızsa, ötən ilin sentyabr ayında Türkiyədə rəsmi səfərdə olan Milli Məclisin sədri Türkiyə Prezidenti ilə də görüşərkən salonda yalnız Türkiyə Cümhuriyyətinin bayrağı yer alırdı. Bəlkə yazasınız ki, Qarabağ savaşında bizə ən böyük dəstəyi verən Ərdoğan da bizə hörmətsizlik edib. İran Prezidenti ilə görüşdə də fərqli bir hadisə baş verməyib ki. Milli Məclisin keçmiş sədri də İranın keçmiş prezidenti ilə Tehranda görüşərkən yenə də salonda yalnız İran bayrağı olmuşdu. Paşinyan Ermənistan hökumətinin başçısıdır, burada söhbət ranq məsələsindən gedir, ranq! Azərbaycan Prezidenti ilə görüşdə də protokola uyğun olaraq salonda mütləq Azərbaycan bayrağı olur. O halda siz ağzıgöyçək vətənpərvərlər, ziyalı bir xanıma qarşı bu nə şüvən, bu nə ədəbsizlikdir nümayiş etdirirsiniz? Sanki bunlardan başqa bayrağın, Vətənin, dövlətin təəssübünü çəkən qalmayıb. İrad olar, tənqid olar, ancaq böhtanla, məsuliyyətsizliklə dövlətlərarası münasibətləri korlamaq üçün bu qədər korazehinlilik etmək şəxsiyyətli bir vətəndaşa yaraşmaz. Maraqlıdır ki, burada qəsdən Milli Məclisin sədri üzərindən bütün Milli Məclisi töhmət altında saxlamaq istəyən nadanın biri guya tanınmış tarixçidir, digəriləri də guya tanınmış siyasətçilərdir. İndi görək yazdıqları təhqirlərə görə savadsızlıqları ifşa olunduqdan sonra dönüb bir ziyalı Azərbaycan xanımından üzr istəyəcəklərmi?

Müdriklər yüz dəfələrlə söyləmiş, siyasətdə də, dində də, elmdə də, insan münasibətlərində də hər hansı bir məsələni ağlınızın süzgəcindən keçirmədən fikir söyləməyə tələsməyin. Xüsusilə də kimsəni haqsız, dəlilsiz ittiham etmək yolverilməzdir, ərdəmsizlikdir, ədalətsizlikdir. Unutmayaq, vətənpərvərliyi qəlbin tələbinə deyil, gündəlik iş yerinə çevriləndə buradan ancaq Ağzıgöyçək Vətənpərvərlik cücərə bilir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.