Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Həyat Sığorta” ASC arasında, gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Memorandum imzalanıb.
BANM-dən araz.az-a daxil olan məlumatda bildirilir ki, tərəflər arasında bu əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.
6 avqust 2021-ci il tarixində imzalanmış Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, Ali Məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Eyni zamanda, Ali Məktəbin tələbə kontingenti üçün, Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının Ali Məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.
Məlumatda o da qeyd olunub ki, Memorandumda Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, Ali Məktəb tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində Ali Məktəb tələbələrinin, Şirkətin təşkilatçılığı ilə, Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işə götürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
Əməkdaşlıq sazişini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb.
“Biz Azərbaycanın intellektual əsgərlərini yetişdiririk. “PAŞA Həyat Sığorta” ASC ilə imzaladığımız Əməkdaşlıq Memorandumu bu istiqamətdəki fəaliyyətimizi sürətləndirəcək. BANM-nin tələbələrinin “PAŞA Həyat”da təcrübə keçməsi onların gələcək karyeralarında mühüm rol oynayacaq. Eyni zamanda, bu onların gələcəkdə “PAŞA Həyat”da işlə təmin olunmalarına imkan yaradır. Ali Məktəbimizin məzunları “PAŞA Həyat”da çalışarsa, bununla qürur duyaram”, – deyə, BANM-in rektoru Elmar Qasımov bildirib.
“PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov isə, xüsusi olaraq onu vurğulayıb ki, hər bir şirkətin uğurunun sirlərindən biri də onun potensiallı kadrlarıdır: “Biz BANM-in tələbələrinə təcrübə keçmələri üçün hər cür şərait yaradacağıq. Tələbələrin təcrübə qazanması, onların gələcək karyeralarında mühüm rol oynayır. Digər tərəfdən, tələbələrin “PAŞA Həyat”da təcrübə keçmələri onlara iş imkanları yaradır. Biz gələcəkdə tələbələr üçün işçi bazası yaratmağı düşünürük. BANM-in çox uğurlu məzunları, yüksək səviyyəli tələbələri var. İstəyirik ki, “PAŞA Həyat”da məhz belə mütəxəssislər çalışsın. Belə tələbələr yetişdirdiyiniz üçün, Elmar müəllim, sizə təşəkkür edirik. Əməkdaşlığımızın dövlətimiz, cəmiyyətimiz üçün yararlı olacağına əminəm.”
Məlumatin sonunda, lider sığorta şirkəti — “PAŞA Həyat Sığorta” ASC haqqında məlumat da verilir, bu Şirkətin 2010-ci ilin noyabr ayından fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, 31 dekabr 2020-cu il tarixinə Şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Ümumiyyətlə, bu Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
- araz.az xəbər portalı.
araz.az xəbər portalı.