1628495321 ap

Bir müddət əvvəl “Caspian Service” MMC-nin dələduzluq cinayətinə məruz qalması və təqsirkar şəxslərin məsuliyyətdən yayınmasına dair xəbərlər saytımızda təqdim olunub.

araz.az bildirir ki , MMC-dən Reyting.az-a daxil olan yeni məlumatda bildirilir ki, hazırki mərhələdə son qərar 09.08.2021-də (bu gün) Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyev tərəfindən veriləcək və şirkət qanunsuz qərarın qəbul ediləcəyindən narahatdır…

Belə ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyev Səbail Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarından heç bir prosessual və konstitusion hüququ pozulmayan şahidin şikayətinə baxacaq.


Əli Seyfəliyev

MMC bildirir ki, Səbail Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı tam əsaslı və qanunidir. Qərarda deyilir ki, cinayət işinin başlanmasına dair qərarı ləğv edən Bakı şəhər prokurorunun o vaxtki müavini Mehman Qocayev işə əlavə edilən mülki qərarlara istinad etsə də, mülki icraatla cinayət icraatının tərəflərinin eyni olub-olmamasını, dələduzluq yolu ilə mənimsənilən pul məbləğlərinin mülki işlə eynilik təşkil edib-etməməsini əsaslandırmayıb. Başqa sözlə, Mehman Qocayev mülki qətnamələrə istinad edərək, hesab edib ki, cinayət işi başlanılmamalı idi. Bundan əlavə, prokuror ləğv edilən qərarın hansı hissədə qanunsuz və əsassız olmasını əsaslandırmayıb. Ən vacibi isə, müstəntiqin cinayət işinin başlanmasına dair qərarını ləğv edən prokuror Mehman Qocayev (hansı ki, belə bir prosedur prosessual məcəllədə nəzərdə tutulmamışdır) elə həmin cinayət işi üzrə bir müddət əvvəl xitam qərarını ləğv edib və istintaqın həyata keçirməli olduğu hərəkətlər barədə yazılı göstəriş verib.

Bütün bunlara istinad edən Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova 02.02.2021-ci ildə qanuni və ədalətli qərar qəbul edib. Eyni zamanda həmin qərardan Bakı Şəhər Prokurorluğu şikayət (protest) verməyib. Deməli, şəhər prokurorluğu hesab edib ki, hakimin qərarı qanunidir və Mehman Qocayevin qərarı ləğv edilməlidir. Əgər elə deyilsə, onda Bakı şəhər prokuroru İlqar Abbasov bugünki məhkəmədə prokurorluğun əməkdaşının iştirakını təmin etsin və onlar keçmiş prokuror müavini Mehman Qocayevin qanunsuz qərarının təkrar qüvvəyə gətirilməsinə münasibət bildirsin. Yəni, prokurorluq əsaslandırsın ki, nəyə görə Səbail Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı qanunsuzdur və ləğv edilməlidir.

MMC bildirir ki, əgər Bakı Şəhər Prokurorluğunun əməkdaşı məhkəmə iclasında olmayacaqsa, o zaman hakimə onların iştirakının təmin edilməsinə dair vəsatət – xahiş təqdim ediləcək.


İlqar Abbasov

02.02.2021-ci il tarixli qanuni qərarda göstərilib ki, cinayət-prosessual qanunvericiliyində cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi nəzərdə tutulub. Amma cinayət işinin başlanması barədə qərardan nə şikayət verilməsi, nə də həmin qərarın ləğv edilməsi institutu mövcud deyil.

“Caspian Service” MMC hesab edir ki, Səbail məhkəməsinin qanuni qərarı apellyasiya məhkəməsində ləğv ediləcək. Şirkətin belə qənaətə gəlməsinə kifayət qədər əsas var. Belə ki, şahid Hüseynov Elmaz Arif oğlu “şikayətçi” olduğu 02.02.2021-ci il tarixli qərarı 21.06.2021-ci ildə əldə edib. Bu halda o, həmin qərardan 3 gün müddətində “şikayət” verə bilərdi. Amma şikayət 8 gün sonra, yəni 29.06.2021-ci ildə verilib və prosessual müddət üzrlü səbəb olmadan bərpa edilmib. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Seyfəliyev 03.08.2021-ci il tarixdə olan iclasda bildirib ki, şahidin sözügedən qərardan şikayət vermək hüququ var. Halbuki, belə bir hüquq prosessual qanunvericilikdə nəzərdə tutulmayıb. Qanunvericiliyin şərhinə dair aktlarda, maraqlarına toxunan şəxs kimi cinayət prosesinin iştirakçılarının hüquqlarına toxunan qərarlardan şikayət vermək hüququ nəzərdə tutulsa da, bu hal həmin şəxslərin konstitusion və ya prosessual maraqlarına toxunduğu zaman yaranır. Hazırki işdə isə şahidin heç bir konstitusion hüquq və azadlığı pozulmayıb. Həmçinin şahidin üzrsüz səbəbdən buraxmış olduğu müddəti 14.07.2021-də bərpa edən Səbail məhkəməsi iclasda şikayətçi Rəhim Sultanovun iştirakını təmin olunmayıb. Həmin iclasda Bakı Şəhər prokurorluğu da iştirak etməyib.


Mehman Qocayev

MMC bildirir ki, cinayət işində Elmaz Hüseynovdan başqa digər şahidlər də mövcuddur. Necə olur ki, cinayət işində 5-6 şahiddən birinin qeyri-qanuni şikayəti üzrə 6 il əvvəl başlayan, 30 dəfə dayandırılaraq təzələnən, uzun müddət ərzində heç bir istintaq hərəkəti aparılmayan, şahidləri istintaqa gəlməyən və istintaqı saymayan, son üzləşmələr zamanı isə təqsirkar şəxsləri tam ifşa olunan və bir-birinə qarşı ziddiyyətli ifadələr verilən cinayət işi, özünün son qərar qəbul edilmə anında xətm edilsin və bitsin? Deməli, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməməsində maraqlı olan şəxslər qanunsuz qərarların qəbuluna nail olur və növbəti mərhələ Bakı Apellyasiya Məhkəməsidir.

Bakı Apellyasiya Məhkəməsi şahidin şikayətini təmin edərək, Səbail məhkəməsinin 02.02.2021-ci il tarixli qanuni qərarını ləğv etdiyi halda, cinayət təqibi sona çatacaq. Bu isə istintaqa təsirdir və bir qrup şəxs tərəfindən hazırki dəyəri yarım milyon manatdan çox olan mənzilin mənimsənilməsi deməkdir. Şirkət rəhbərliyi və kollektivi bildirir ki, onlar bu haqsızlıqla heç zaman barışmayacaqlar və Bakı Apellyasiya Məhkəməsi qanunsuz qərar qəbul etdiyi halda ondan daha ali instansiyalara, həmçinin birbaşa olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət edəcəklər.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.