1628447468 tural

 
Əldə etdiyimiz məlumatlara görə, Naxçıvanda iyunda 4 ay həbsə atılan “Şərq qapısı” qəzetinin sabiq baş redaktoru Tural Səfərov azadlığa buraxılıb.

Ovqat.com-un mənbələrinin bildirdiyinə görə, jurnalist hazırda Şahbuz rayonunda ev dustaqlığındadır.

Qeyd edək ki, jurnalist iyun ayının ortalarında Bakıdan Naxçıvana çağrılaraq saxlanılmışdı. Bir gün göz altında tutulduqdan sonra təcili məhkəməsi keçirilmiş və 4 ay azadlıqdan məhrum edilmişdi.

Jurnalistin həbsinin bəhanəsi onun Naxçıvan aeroportu barəsində yazdığı tənqidi status olmuşdu. Statusunda aeroportda yüklərin qanunsuz qeydiyyatından bəhs edən jurnalistin ən böyük günahının isə “Şərq qapısı” qəzetinə Baş redaktorluq etdiyi dövrlərdə manşetdən verdiyi bir xəbərlə əlaqədar olduğu bildirilir. İddiaya görə, Mehriban Əliyevanın vitse prezident təyinatı xəbərini manşetdən verməsi Naxçıvan MR hakimiyyətinin qəzəbinə səbəb olmuş və Tural Səfərov işdən uzaqlaşdırılmışdı.

İşdən çıxarıldıqdan sonra jurnalistin Bakıya gəldiyi və paytaxtda öz hüquqları uğrunda mübarizəyə başladığı, daha doğrusu, müvafiq kanallarla görüşdüyü iddia olunur. İddialara inansaq, onun həbsinin əsas motivi də məhz bununla bağlı idi.

Naxçıvan hakimiyyətinin jurnalisti tələm-tələsik həbsə atmasına baxmayaraq, dörd divar arasında çox saxlaya bilməsinin səbəbi müxtəlif amillərlə izah olunur. Ən inandırıcı mülahizəyə əsasən, Naxçıvan rəhbərliyinin  muxtar hüquqlarla “nə gəldi etmək” özbaşınalığını qarışdırması, prezidentin qərar və iradəsinə məhəl qoymadığını nümayiş etdirməsi paytaxtın sərt təpkilərinə yol açıb. Bu belə, Naxçıvan hakimiyyətini 1 ay “Huh deyib, peyğəmbər deməməsinin” qarşını ala bilməyib. Sonunda daha artıq inadlaşmanın “tünd sirkə” effektini verə biləcəyini və “bu hənanın o hənadan olmadığını” anlayan Muxtar Respublika rəhbərliyi geri atmaq məcburiyyətində qalıb. Beləcə, Tural Səfərovun həbsi də ev dustaqlığı ilə əvəz olunub.

Bildirilir ki, Naxçıvan “xanlığ”ının “xala xətrin qalmasın” geri çəkilişi Bakının qəzəbini soyutmayıb. Hazırda Naxçıvanla bağlı ciddi tədbirlərin görülməsi barədə düşünüldüyü istisna edilmir. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.