bandicam 2021 08 10 14 14 33 915

Ötən həftə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Modern.az-a verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

Xüsusilə, ADP sədrinin siyasətçilər və partiyalar haqqında səsləndirdiyi “Elçibəyin partiyasından çıxan və Elçibəyin ideyalarını daşıyan bir nəfər də tanımıram” fikri tənqidlərə tuş gəldi.

S.Cəlaloğlunun siyasət cameəsində birmənalı qarşılanmayan çıxışına Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da münasibət bildirib.

araz.az bildirir ki , o, Modern.az-a açıqlamasında deyib ki, siyasətçilərin boynunda Elçibəyin ideyasını daşımaq kimi bir vəzifə yoxdur:

“Elçibəyin ideyası Azərbaycanın müstəqilliyidir. Elçibəyin ideyası demokratiyadır, bundan imtina etmişik? Bu ümumi fikirlər tək Elçibəyin ideyası deyildi. Azərbaycanın gələcəyini, inkişafını düşünən hər kəsin ideyası idi. Xudu Məmmədovun, Adil İsgəndərovun – o dövrdə çox ziyalının fikri bu idi. Və bu ideyalar qalib gəldi. Siyasətdə Əbülfəz Elçibəyin 30 il bundan öncə dediyi bütün fikirlərin təkrar edilməsi kimi bir tələb yoxdur. Elçibəyin fikirləri bu günümüzlə uyğunlaşmaya bilər. “Elçibəyçiyəm” deyib, 30 ildə heç bir şey yaratmayan, ortaya yeni düşüncə qoymayan adamlar siyasətdə mövcudluğunu davam etdirib. Elçibəy öz missiyasını yerinə yetirib. Bundan sonra hansı ideyanı gerçəkləşdirmək lazımdır? Bütöv Azərbaycan ideyasını deyirsinizsə, bugünkü şərtlərdə aktual deyil”.

Fazil Mustafa xatırladıb ki, Elçibəy xəstə olanda, ağır vəziyyətində, ona qarşı hücumlarda, sona qədər yanında dayanan, dəstək verən adamlar çox az idi:

“Bu gün həmin adamlar ideyanın daşıyıcısına çevriliblər? Çevrilib Azərbaycan xalqına, siyasətinə yaxşı nə veriblər? Bunu populizm mövzusuna çevirib, kimsə Elçibəyin ideyasını davam etdirirsə, müsbət adamdır, kim davam etdirmirsə, mənfi adamdır deyə müzakirə düzgün deyil. Kim Azərbaycanın xeyrinə fəaliyyət göstərirsə, siyasət anlayışı varsa, Azərbaycanın inkişafına yardım edirsə, Elçibəyin ideyasını həyata keçirir deməkdir. Kim nə bilir, bəlkə də Elçibəy indi sağ olsaydı, bəzi fikirlərindən özü imtina edərdi.

Siyasəti əqidə məsələsinə çevirməkdən böyük axmaqlıq yoxdur. Siyasət əqidə ilə deyil, real situasiyaya uyğun yaranan mövqelər üzərində formalaşır. Uzun müddət bir mövqedə qalmaq mənə görə, sadəcə “odun” mahiyyəti daşıyır. Odun da heç cür dəyişmir. Ona da “əqidəli odun” deyək?”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.