Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq, qəbul edilib.
Birinci məsələ Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, 3 d ünvanında yaşayan Radə Abbasın (Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri) azerbaycanreallıqı.com və xeberfakt.az saytlarına qarşı şikayəti ilə bağlı olub. Şikayətçi saytların onun barəsində yalan məlumatlar yaydığını iddia edib. Hər iki sayta tövsiyə edilib ki, tənqid obyektinin mövqeyi öyrənilmədən, fikirlərin çatdırılması, tam şərait yaradılmadan, həmin tənqid obyekti haqqında bilgilərin yayılması “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinə ziddir. Tədbirdə hər iki tərəf dinlənilib və onlar arasında anlaşma əldə edilib.
İclasda müzakirəyə çıxarılan ikinci məsələ Şamaxı rayonunun Sabir qəsəbəsi sakini Zümrüd Arif qızı Atakişiyevanın ReallıqTV-nin əməkdaşı, Sabirabad rayonunun Nizami kəndinin sakini Kazım Cəbrayılova qarşı şikayəti olub. Şikayətçi qarşı tərəfin onun şəxsi həyatına aid səhih mənbələrə əsaslanmayan, işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli yalan məlumat yaydığını bildirib.
Zümrüd Atakişiyevanın şikayəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, ReallıqTV-də şikayətçi ilə bağlı hər hansı informasiya yayılmayıb. Sadəcə, məsələ məişət mübahisəsi xarakteri daşıyıb. Buna görə də, aidiyyatı üzrə dövlət qurumuna müraciət edilməsi tövsiyə edilib.
Ağcabədi rayon sakini Fəridə Mikayılova isə, Azərbaycan Mətbuat Şurasına müraciətində ARX TV (Azərbaycan Real Xəbərləri) yayımının rəhbəri B. Əyyubov haqqında ölçü götürülməsini, bu KİV-də özünün və həyat yoldaşının barələrində yayımlanan məlumatla bağlı, qarşı tərəfin münasibətinin öyrənilməməsinə görə, tədbir görülməsini xahiş edib.
ARX TV ilə, şikayətçi arasında mübahisəli durum aradan qalxdığından, Şura şikayətin baxılmasına xitam verib. Bu istək şikayətçinin quruma ünvanladığı məktubda da əksini tapıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.