“Ölkədə bir qrup (sayları barmaqla sayılacaq qədər) insan var ki, “Qadın qətlləri siyasidir!” deyib var-gəl edir. Son bir ayda həyat yoldaşları tərəfindən öldürülmüş kişilərin sayından bixəbər olanlar bunun statistikasını aparmadan haray-həşir salıblar.
Siyasi qətl siyasi motivin olduğu qətldir. Məsələn, Rusiyada Nemtsovun, Azərbaycanda Elmar Hüseynovun qətli siyasi motivli idi. Hazırda olan qətllər isə ailə-məişət zəmnində baş vermiş cinayətlərdir. Hansı ki, bunun siyasətlə, dövlətlə əlaqələndirmək çox gülüncdür… Bu məntiqlə sabah bir başqa qrup da çıxıb meydana “İntiharlar siyasidir!” desə, təccüblənmərəm… Bu “məntiq”lə ölkədə cinayət törədərək həbs edilmiş xanımlar da “siyasi məhbusdur”… Bu prosesdə ən uyğunsuz, ən məntiqsiz məsələ hansısa bir cinayəti cinsiyyətə, irqə, milliyətə, dinə görə bölməkdir”.
araz.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu bildirib ki, mahiyyətindən, törənmə yerindən və törənmə səbəbindən asılı olmayaraq qətl cinayətdir: “Təbii ki, bu ölkədə kişili-qadınlı (cins fərqi olmadan) yüz minlərlə vətəndaşımızın hüquqları müxtəlif sahələrdə pozulur. Amma burada “qatil dövlətdir!” deyə bağırmaq heç də problemlərin həlli deyildir. Dövlət nə zamandan qatil olub? Anlamıram. Absurd fikirlərdir. Dövlət qatildirsə, deməli, dövlətə qulluq edən milli ordunun zabitləri də qatildir, yanğın söndürmədə xidmət edən əməkdaş da qatildir, siyasətçi də qatildir, sadə vətəndaş da qatildir! Bu şüar yalnız dövlətə, Azərbaycanın dövlətçiliyinə qarşı olan hücumlardan növbətisidir. Görünür, feministlərə qrant verən müəyyən dairələr nə zamansa, bu layihədən Azərbaycan dövlətinə təzyiq vasitəsi kimi istifadə edəcək. Bu məqsədlə də indidən şüurlu formada zəmin hazırlayır. Qrant əsnasında danışan “feminist xanımlar” qeyri-ciddi şüarlarla ortaya çıxmaq əvəzinə, qadınların öz hüquqlarını bilməsi istiqamətində maarifləndirmə işləri aparsalar, düşünürəm ki, daha faydalı iş görmüş olarlar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.