“Məhkəmə iclaslarının uzun müddət sonraya təyin olunması bəzi işlərin illərlə çəkməsinə gətirib çıxarır. Bu da vətəndaşların narazılığına səbəb olur”.
araz.az bildirir ki, bu sözləri e-huquq.az-a açıqlamasında vəkil Səbuhi Axundov deyib. Vəkil bu problemlə daha çox inzibati məhkəmələrdə qarşılaşdıqlarını bildirib.
“Bu kimi hallar həm birinci instansiya, həm apelyasiya, həm də Ali Məhkəmədə yaşanır. Lakin inzibati məhkəmələrdə vəziyyət daha pisdir. Bakı İnzibati Məhkəməsində işi götürüb 6-7 ay sonraya salırlar. 2019-cu ildən icraatda olan iş var ki, hələ də yekunlaşdıra bilməmişik. Prosesi hər dəfə 3 ay, 5 ay, 6 ay uzadırlar. Belə olduqda vətəndaş vəkildən şübhələnir ki, iş niyə bu qədər uzanır? İzah edə bilmirik ki, inzibati məhkəmələr işə ağlabatan müddətə baxır. Ağlabatan müddət dedikdə isə ağlabatan ən yaxın müddət nəzərdə tutulur. Bizdə isə məhkəmələr ağlabatan müddəti ən uzaq müddət hesab edirlər. Bu, düzgün deyil. Ən qısa müddətdə işə baxıb bitirmək lazımdır”.
S.Axundov qeyd edib ki, məhkəmələr bunu iş yükünün çox olması ilə əsaslandırırlar: “Tutaq ki, vətəndaşa zərər dəyib, biri evini itirib və ya evini söküblər. O bununla bağlı məhkəməyə müraciət etdikdə iki il gedib-gəlməli olur. Bəs iki il ərzində həmin şəxs nə etməlidir? Vətəndaş bunu süründürməçilik kimi qiymətləndirir, deyir ki, mən niyə bu qədər gözləməliyəm? Məhkəməyə narazılığımızı bildirdikdə isə işlərin çox olmasını əsas gətirirlər”.
Bakı İnzibati Məhkəməsinin Böyük məsləhətçi Ramin Şükürov e-huquq.az-a açıqlamasında iclasların 6-7 ay sonraya təyin olunması ilə bağlı fikirlərin doğru olmadığını bildirib.
“Qayda belədir ki, iddia ərizəsi məhkəməyə daxil olduqda icraata qəbul olunmuş sayılır. Əgər iddia ərizəsində hər hansı bir nöqsan varsa, onun aradan qaldırılması ilə bağlı hüquqi yardım üçün vaxt qeyd olunur. Yəni, göstərilir ki, bu nöqsanlar aradan qaldırılsın. Eyni zamanda tərəfin iddia ərizəsində göstərilən halların araşdırılması üçün aidiyyəti orqanlara müvafiq sorğular verilir. O sorğulara cavab gələnə qədər iclas təyin olunmur. Cavab gəldikdən sonra, yəni, iş tam hazır olduqdan sonra iclas təyin olunur. İclasın vaxtının təyin olunması sorğulara cavabın gəlməsindən asılıdır. Bəzən aidiyyəti orqandan cavab gec gəlir, yaxud natamam gəlir. O zaman hakim məcburdur ki, iş üzrə təkrar sorğu göndərsin. Natamam hallar aradan qaldırılsın”.
Proseslərin uzanması ilə bağlı isə R.Şükürov bildirib ki, məhkəmədə iş yükü olduqca çoxdur: “Bir hakimin icraatında tutaq ki, 100 iş var. Onları müəyyən günlərə təyin edir. Növbəti iş gəldikdə isə sonrakı günlərə təyin edilməlidir. Artıq təyin edilmiş işlərdən əvvələ və ya eyni vaxta təyin edə bilməz”.
Xəyalə BÜNYATOVA
araz.az xəbər portalı.
araz.az xəbər portalı.