CAHANGIR57

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tamamilə yenidən təşkil olunacaq.

AAAF-dan verilən məlumata görə, qurumun prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, həmçinin baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov Federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Yenidən təşkil haqqında qərar Federasiyanın vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin keyfiyyətsiz yerinə yetirilməsi ilə əlaqədar qəbul edilib. Rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmağa davam edirdilər.

Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub.

Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb.

“Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcək”, – deyə Cahangir Əsgərov bildirib.

Onun sözlərinə görə sentyabrın sonunadək Federasiyanın yeni baş məşqçisi və baş katibi təyin ediləcək.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.