Aprelin 18-də İlham Əliyev rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. 2013-cü ilin oktyabrın 23-də Milli Məclisdə and içərək prezident səlahiyyətlərinin icrasına başlayan İ.Əliyev dərhal Nazirlər Kabinetinin yeni tərkibini elan etdi. Gözlənilirdi ki, bu dəfə də andiçmə mərasimi başa satdıqdan sonra yeni kabinetin tərkibi elan olunacaq. Mediada bu xüsusda bir xəbər ajiotajı da hiss olunmaqda idi. Amma İ.Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzaladı.
Sərəncamda deyilir ki, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək nazirlər (eləcə də komitə sədrləri) səlahiyyətlərinin icra edəcək.
Yada salaq ki, 2013-cü ildə seçkilərdən sonra açıqlanan yeni kabinetdə müdafiə naziri Səfər Əbiyevin, əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və kənd təsərrüfatı naziri İsmət Abbasovun adları yox idi. Müdafiə naziri postu Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri postu isə Səlim Müslümova həvalə olundu. İsmət Abbasov işsiz qalmadı və yeni hökumətdə (artıq köhnə də deyə bilərik) baş nazirin müavini vəzifəsi tutdu. Onun yerinə isə kabinetdə yerini saxlayan nəqliyyat naziri Ziya Məmmədovun qudası Heydər Əsədov təyin olundu. Daha bir dəyişiklik isə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla bağlı oldu. O da baş nazirin müavini vəzifəsinə təyin olundu. Xüsusilə, S.Əbiyevin kabinetdən uzaqlaşdırılması mediada uzun müzakirələrə səbəb oldu ki, bu da təbiidir.
Yada salaq ki, hazırda Rusiyada da medianın əsas müzakirə etdiyi mövzulardan biri Putinin yeni kabinetində kimlərin ola biləcəyi, kimlərin gedəcəyi ilə bağlıdır.
Musavat. com ekspertlərin, eləcə də hökumətə yaxın mənbələrin bəzi ehtimalları əsasında yeni kabinetdə kimlərin gedə biləcəyi, kimlərin isə öz postunu saxlayacağı ilə ilgili bir siyahı tərtib edib. Onu diqqətinizə çatdırırıq.
Baş nazir: Artur Rəsi-zadə ilin sonuna kimi qala bilər. Onu isə gedəcəyi halda NK-da əvəzləyəcək iki müavinin şansı var: Əli Əhmədov və ya Eyyub Yaqubov. Gözlənilməz bir şəxsin də namizədliyinin irəli sürülməsi mümkündür (Baş nazirin namizədliyi parlamentdə təsdiqlənməlidir).
Baş nazirin digər müavinləri – Abid Şərifovıa, İsmət Abbasovun postlarını qorumaq şansları qalır. Elçin Əfəndiyevin isə gedəcəyi deyilir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yenidən postuna təsdiq edilə biləcəyi deyilir.
Xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovun, ədliyyə naziri Fikrət Məmmədovun, daxili işlər naziri Ramil Usubovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yeni kabinetdə yer alacağına ekspertlər şübhə etmir.
Müdafiə sənayesi naziri Yavər Camalov bu nazirliyi “sıfır”dan qurub və xidmətləri danılmazdır. Amma onun səhhətində problemlər olduğu deyilir. Bu səbəbdən ekspertlər “gedə biləcək” nazirlər arasında onu ön sıraya qoyur. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev görəvlərini davam etdirəcəklər.
Maliyyə naziri Samir Şərifovla bağlı bəzi iddialar var, amma onun potensialının tükənmədiyi söylənilir. Energetika naziri Pərviz Şahbazov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vəzifələrində təzədirlər və onların hökumət kabinetində olacağına şübhə edən yoxdur. Eləcə də vergilər naziri Mikayıl Cabbarovun.
İqtisadiyyat naziri Şahin Mustafayevin də xüsusi narahatlığı olmadığı deyilir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov isə hökumətdən uzaqlaşdırıla bilər. Bu məsələdə Ziya Məmmədov faktorunun olduğu da istisna edilmir, amma iddialar var ki, iqtidar onun 5 ilik fəaliyyətindən razı deyil.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da “yerinin möhkəm” olduğunu söyləmək mümkündür. Səhiyyə naziri Oqtay Şirəliyevin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, eləcə də gənclər və idman naziri Azad Rəhimovun NK yeni tərkibində olacağını da bizimlə rəylərini bölüşən ekspertlərdə şübhə doğurmur.
Təhsil nazirinin kim olacağı ilə bağlı iddialar və hətta ən ağlagəlməz versiyalar var. Ekspertlər bu məsələdə “baş sındırmağı” heç kimə məsləhət görmür. Çünki prezident İlham Əliyev 15 illik hakimiyyəti dönəmində işdən çıxardığı hansısa nazirin yerinə kimin təyin ediləcəyi məsələsində mediaya hər zaman “qalib gəlib”. Yəni onlarla ad çəkilsə də, prezident heç kimin ağlına gəlməyən şəxsi vəzifəyə təyin edib. Elə S.Əbiyevin yerinə Z.Həsənovun təyinatını yada salmaq kifayətdir…
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yeni kabinetdə olacağı proqnozlaşdırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın ya əvəz ediləcəyi və ya komitəsinin birləşdiriləcəyi mümkündür.
Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hökumətdə yerlərini qoruyacaqları proqnozlaşdırılır.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun taleyi ilə bağlı ekspertlər həvəsli danışmır. “Hər ikisinin haqqında mediada tənqidi materiallar var. Onların dəyişməsi NK tərkibində dəyişiklik hesab oluna bilməz” deyərək…
Musavat.com və ekspert qrupu
araz.az xəbər portalı.