Azərbaycan İsrail hərbi sənaye şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır. Bu məlumatı İsrailin “İsrael Hayom” (“İsrael Today”) qəzeti yayıb.
Nəşr yazır ki, Azərbaycan Müdafiə Nazirliyinin təyyarələri xüsusən son günlər İsrail aeroportlarına tez-tez enir, onlar müxtəlif tipli döyüş sursatları, o cümlədən ballistik raketlər daşıyırlar.
Bildirilir ki, Azərbaycanda İsrailin hərbi sənaye şirkətləri öz mərkəzlərini açıblar. Bundan başqa, İsrail şirkətləri təhlükəsizlikdən tutmuş kənd təsərrüfatına qədər bütün sahələrdə təmsil olunublar, azad edilmiş ərazilərdə aparılan tikinti işlərində iştirak edirlər. Qəzet Azərbaycanın İsraildə səfirlik açmasını da mümkün hesab edir.
İsraillə əməkdaşlıq Azərbaycan üçün nəyi ifadə edir?
Müstəqilliyini elan etdiyi gündən ərazi bütövlüyü uğrunda müharibə aparan, 28 il sonra öz tarixi və hüququ torpaqlarını düşmən işğalından azad etmiş Azərbaycan kimi bir dövlət üçün hərbi sənaye və ordu quruculuğu dövlətin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biridir. Lakin İsrail sadəcə Azərbaycanın öz ordusunu müasir texnoloji standartlara cavab verən hərbi avadanlıqlar və silahlarla təmin etmək üçün deyil, həm də geosiyasi müvazinətini saxlaması üçün olduqca strateji əhəmiyyət daşıyan müttəfiq dövlətlərdən biridir.
Belə ki, Azərbaycan İsraillə əməkdaşlığı hesabına sadəcə ondan silah almır, eyni zamanda onun və yəhudi lobbisinin diplomatik dəstəyini alır. Qərbdə erməni lobbisinin bütün təzyiq və təxribatlarına qarşı yəhudi lobbisilə edilən əməkdaşlıq Azərbaycana qarşı yönələn siyasi təzyiqlərin qarşısını almağa istiqamətlənir. Geosiyasi baxımdan İsrail Azərbaycan üçün ABŞ-la münasibətləri tənzimləmək və İranın imperialist Qafqaz siyasətini dayandırmaq üçün etibarlı və güclü müttəfiq hesab edilir.
Azərbaycan-İsrail iqtisadi əlaqələri
İsrail həmçinin Azərbaycan üçün sərfəli iqtisadi əməkdaşdır. Ötən il yayımlanan SOCAR hesabatlarına görə, Azərbaycan neftinin ən çox ixrac edildiyi 10 ölkə arasında İsrail 8-ci yerdədir. 2020-ci il ərzində İsrail Azərbaycandan 385 min 500 ton neft ixrac edib və bu, Azərbaycanın 2020-ci il üzrə ümumi neft ixracının 4,3%-ni əhatə edib. 2021-ci ildə isə bu rəqəm 707 min 700 tona yüksəlib və Azərbaycanın ən çox neft ixrac etdiyi 10 ölkə arasında İsrail 4-cü sıraya yüksəlib. Bununla birlikdə, Azərbaycan İsraillə iqtisadi əməkdaşlığı qeyri-neft sektoruna istiqamətləndirmək üçün kifayət qədər əhəmiyyətli addımlar atıb.
Azərbaycanın yeni xarici siyasət strategiyası və İsrailin bu strategiyada rolu
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il iyulun 22-də Azərbaycan Televiziyasına geniş müsahibəsi yayımlanıb.
“Biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora?! Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır” – deyən İlham Əliyev üstü örtülü şəkildə İranı tənqid edib.
Prezidentin İrana yönəltdiyi bu açıqlamadan bir həftə sonra Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailə rəsmi səfərə gedib. Cabbarov rəsmi səfər çərçivəsində ilk olaraq İsrailin Xarici İşlər naziri Yair Lapidlə görüşüb. Görüşdə Cabbarovun səsləndirdiyi fikirlərə diqqət yetirək: “İsrail 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonra Azərbaycanı daim dəstəkləyib, Ermənistanın təcavüzü ilə bağlı İsraildə Azərbaycana dəstək xarakterli müxtəlif tədbirlər təşkil edilib, bəyanatlar səsləndirilib və İsrail Qarabağda bizə həqiqətən də kömək edən ilk dövlətlərdən biri idi”.
Prezidentin İrana “yumşaq ultimatumu”ndan bir həftə sonra Cabbarovun İsrailə səfəri və verdiyi bəyanatlar əslində Azərbaycanın yeni xarici siyasət strategiyasından xəbər verir.
Belə ki, Vətən müharibəsi Azərbaycan üçün yeni xarici siyasət strategiyasını müəyyən etməyə fürsət yaratdı. Bu strategiya isə müharibə dövründə Azərbaycana dəstək verən ölkələrlə daha sıx əməkdaşlıq və müttəfiqlik əlaqələrinin qurulmasına, dəstəyini və yardımlarını Ermənistana yönəldən ölkələrə isə “göz dağı” verməyə istiqamətlənir. Cabbarovun İsrail səfərindən 2 həftə sonra Azərbaycan Xarici İşlər Nazirliyinin İrana nota verməsi və bununla paraleldə İsraillə yeni hərbi əməkdaşlıq müqaviləsinin imzalanacağının hər iki ölkənin mətbuatına “sızdırılması” bu strategiyadan irəli gələn siyasətin təzahürü və nəticəsidir.
M.Cabbarovun səfəri zamanı İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliyinin açılmasını da xüsusilə qeyd etmək lazımdır. Belə ki, “bu, daha bir tarixi hadisəyə – Azərbaycanın İsraildə yaxın vaxtlarda səfirliyinin açılmasına aparan yolda bir mərhələdir”, – İsrail Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı verdiyi rəsmi açıqlmasında deyilir. Qeyd edək ki, İsrailin Azərbaycanda 1992-ci ildən səfirlik açmasına baxmayaraq, Azərbaycanın hələ də bu ölkədə səfirliyi fəaliyyət göstərmir. Bu rəsmi Bakının müsəlman dövlətləri ilə əlaqələrini qorumaq cəhdi hesab edilir. Lakin Vətən Müharibəsində İrandan Ermənistana silah-sursat və texnika daşınması və İsrailin tam əksinə Azərbaycana siyasi dəstəyini artırması bizə onu deməyə əsas verir ki, artıq sözügedən faktor Azərbaycan-İsrail münasibətlərində nəzərə alınmayacaq. Görünür, Tel-Əvivdəki Azərbaycan səfirliyi İran üçün növbəti “göz dağı”na çevriləcək.
Son dövrlərdə yüksəlişdə olan Azərbaycan-İsrail Hərbi əməkdaşlığı
Xüsusilə 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan hərbi əməkdaşlıqda Rusiyaya alternativlər axtarmağa başlayıb. Bu çərçivədə Pakistan, Türkiyə və İsraillə hərbi əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi Azərbaycan üçün əsas xarici siyasət prioritetlərindən birinə çevrilib. İsraillə sözügedən sahədə əldə edilən razılaşmaların nəticəsində 2016-cı ildə Prezident İlham Əliyev Azərbaycanın İsraildən 4,85 milyard dollar dəyərində silah aldığını bildirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 %-i məhz İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 %-i də Azərbaycana göndərilib.
Hazırda Azərbaycanın hərbi arsenalında 12.7 mm NSV pulemyotlu SandCat-Stormer zirehli maşınları, SPIKE-ER, NLOS, LAHAT tank əleyhinə idarə olunan raketləri, 120 mm SPEAR minaatanları, çoxsaylı PUA-ları (Orbiter-1KM, Orbiter-2B, Orbiter-3B, Orbiter-4, Aerostar-BP, Heron, Hermes-450, Hermes-900 və Harop), Barrak-8 hava hücumundan müdafiə kompleksləri və digər müasir hərbi texnikalar mövcuddur. Yaxın günlərdə imzalanması gözlənilən yeni hərbi əməkdaşlıq müqaviləsindən sonra Azərbaycan-İsrail hərbi əməkdaşlığı daha da inkişaf edəcək. Qeyd edək ki, İsraillə hərbi əməkdaşlığı intensivləşdirmək eyni zamanda Ermənistanın əsas hərbi təminatçısı olan Rusiya ilə eyni tipli əməkdaşlıqdan imtina etmək deməkdir.
Nicat İsmayılov
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
araz.az xəbər portalı.
araz.az xəbər portalı.