Tanınmış jurnalist, Binəqədi bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Niyaz Niftiyev barəsində Milli Məclisin ötən həftə baş tutan iclasında müzakirə açılması və onun həbsinin ədalətsiz sayılmasının dərhal ardından Baş Prokurorluq açıqlama yaydı.
Hər şeydən öncə Baş Prokrorluğun “narahat”lığı və dərhal məsələyə reaksiya verərək, informasiya hücumuna keçməsi diqqət çəkirdi.
Digər tərəfdən, Baş Prokurorluq yaydığı açıqlamada məsələnin artıq millət vəkillərinin diqqətində olmasını “görməzdən gəlməyə” çalışmış, guya, “bəzi kütləvi informasiya vasitələrində” həbsin qanunsuzluğu barədə gedən yazılardan dolayı açıqlama yaymağa məcbur olduğunu göstərmək istəmişdi. Əgər doğrudan da Baş Prokurorluğun mediada yazılanlara reaksiya vermək həvəsi vardısa, bunu MM-də müzakirədən ən azı bir gün qabaq press-reliz yaymaqla, “şayiələrə” son qoya bilərdi.
Baş Prokurorluğun yaydığı son müraciətdə əslində, bunlar da deyil, Niyaz Niftiyevə elan olunan Cinayət Məcəlləsinin maddələri marağımıza səbəb oldu. Bəlkə də indiyə qədər diqqət etməmiş və nəzərdən qaçırmışdıq. Ancaq bu həyəcanlı açıqlama xırdaca araşdırma aparmağa bizi sövq etdi və olduqca dəhşətli faktları üzə çıxarmağımıza səbəb oldu.
Niyaz Niftiyev niyə saxlanılmışdı?
Niyaz Niftiyev 7 aprel 2020-ci ildə Binəqədi bələdiyyəsinin sədri seçilib, bundan cəmi bir həftə sonra isə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.
Diqqət edin: DİN BMCMİ-nin əməliyyatı nəticəsində saxlanılıb Niyaz Niftiyev. Hətta DİN bununla bağlı video-material da yayıb tirajlamışdı.
DİN-in yaydığı video-material hanı?
Axtarış apara bilərsiniz: o video-material DİN-in sosial şəbəkə hesabından silinib. Olduqca maraqlı məsələdir: niyə silinib?
Hazırda internetin imkanları həddən artıq genişdir və yayılan məlumatlar artıq “yoxa çıxmır”, mütləq hardasa ilişib qalır. Biz də bu “ilişib qalanlar”a baxırıq, görürük ki, DİN BMCMİ-nin yaydığı məlumatda Niyaz Niftiyevin 431 arayış satdığı əks olunub.
Amma nədənsə sözügedən videoda yalnız bir arayış 2-3 dəfə göstərilir və yalnız orada Niyaz Niftiyevin imzası olduğu görünür. Niyə bu videoda göstərilən arayışa diqqət çəkirik? – buna qayıdacağıq.
Beləliklə, N. Niftiyevə ittiham elan olunur: Niyaz Niftiyev 16 aprel tarixində CM-nin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilir, 17 apreldə istintaq müddəti üçün azad edilir, 18 apreldə isə yenidən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilir.
Maddələrə diqqət etdinizmi?
Bir daha xatırlayaq: Niyaz Niftiyev CM-nin 139-1.1 və 320.1-ci maddələri ilə saxlanılıb, 431 arayış satmaq ittihamı ilə.
Maddə 139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda – iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma – üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi, CM-də elan olunan maddələr istintaq müddətində şəxsin həbsini zəruri etmir – heç bir xüsusi təhlükəlilik dərəcəsi yoxdur və buna görə də 17 apreldə N.Niftiyevin azad edilməsi qərarı verilir.
Bəs onda niyə 18 apreldə – bir gün sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçir?
DİN “cinayəti” özündən rədd edir
Bunları ona görə xatırladıq ki, ötən gün Baş Prokurorluğun yaydığı açıqlamada N.Niftiyevin ittiham olunduğu maddələri gördük.
İstintaq indi Baş Prokurorluqda davam edir? Niyə? DİN istintaqı axıra çatdırmaqda Baş Prokurorluqdan “təcrübəsizdir”, yoxsa Niyaz Niftiyev daha təhlükəli cinayətkardır?
Deyəsən, ikinci variantdır və Baş Prokurorluğun N.Niftiyevə elan etdiyi ittihamları görəndə təəccüblənməyə bilmirsən:
Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri.
Tamamilə doğru gördünüz – hazırda elan olunan ittihamların heç biri 16 aprel 2020-ci ildə Niyaz Niftiyevə aid edilmirdi. Və yaxud, Niyaz Niftiyev 16 aprel 2020-ci ildə saxlanılanda ona qarşı elan edilən və cinayət işi açılan maddələrdən heç biri hazırda yoxdur!
Bu, hələ hamısı deyil, rüsvayçılıq qarşıdadır.
Adi bir məntiqdir: cəmi 1 həftədir bələdiyyə sədri olan şəxs hansı böyük qanunsuzluğu edə bilər ki, ona qarşı hazırkı ittihamlar irəli sürülsün?
CM-in 309, 311 (təkrar törədildikdə) və 313-cü maddələri ilə adamı ittiham etmək üçün vəzifədə ən azı illərlə oturması lazımdır. Üstəlik, bu maddələrlə şəxsin həbs olunması üçün əvvəlcədən məlumat daxil olmalı, əməliyyat məlumatları toplanmalı, fakt yoxlanmalı və əməliyyat qurulmalı, sonra onun icrası üçün işə başlanmalı, cinayətkarı suç başında yaxalamaq niyyəti ilə rüşvət verilən zaman qəfil “üstünə çıxmalı”, iş yerində və evində axtarışlar aparılmalı və s. olmalıdır.
Ən azı ən son XİN-də aparılan əməliyyatlar zamanı bunları müşahidə etdik.
Niyaz Niftiyevə elan olunan maddələrlə onu saxlamaq ən azı ona görə mümkün deyildi ki, buna cəmi bir həftədir vəzifəyə gəlmək kifayət etmirdi.
Üstəlik: Baş Prokurorluqda aparılan araşdırma zamanı ilkin irəli sürülən maddələr “göyəmi uçdu”? Adamı pandemiyaya görə saxlamamısınızmı? Bəs, hanı “pandemiya maddəsi”? Niyaz Niftiyevə o maddə ilə heç bir sübut təqdim edə bilməmisinizmi?
Əlbəttə! Bax indi sözügedən videoya qayıdırıq. Həmin videoda da görünür ki, Niyaz Niftiyev verdiyi arayışda sahibkara e-icazə.gov.az saytında qeydiyyatdan keçməsini tələb edib. Yəni arayışda şəxsin işlədiyini təsdiqləyib, bununla bərabər, arayışda pandemiya şəraitində hərəkət etməsi üçün rəsmi icazə portalında qeydiyyatdan keçməsi tələb olunub. Başqa arayışlar görüntülənmir deyə, heç bir iddia səsləndirmək olmaz. Ancaq fakt odur ki, o maddələr kimi, “431 arayış satıb” ittihamı da yoxa çıxıb.
Bəs, onda adamı 18 apreldə həbs etməyinizin səbəbi nədir? 8 aydan sonra başqa maddələr irəli sürmək üçün? Adamı əvvəlcə həbs edib, sonra cinayət törədib-törətmədiyini müəyyənləşdirmək üçün CM-in ələk-fələk etmək nə deməkdir axı?
Görünür, çox tələsik keçirilib əməliyyat. Səbəbi nəymiş bəs bu tələsikliyin?
Baş Prokurorluğun ittihamlarına baxaq
Niyaz Niftiyevin cəmi 3 arayışda imzası var, ancaq sübut etmək istəyirlər ki, 20-dən çox arayış satıb – həm də bir həftə ərzində yox, 2020-ci ilin yanvarın 7-dən, bələdiyyə sədrinin müavini olandan üzü bəri. İttihamı belə əsaslandırıblar ki, Niyaz Niftiyev həmin vaxt sədrin imzasını “saxtalaşdırıb”, onun yerinə qol çəkirmiş.
N.Niftiyevin imzanı saxtalaşdırıb-saxtalaşdırmasını müəyyən etmək üçün ekspertizaya verilib. Məhkəmə Xətşünaslıq Ekspertizası tərəfindən DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim olunan rəydə göstərilib ki, Niyaz Niftiyev 6 apreldə (sədr olmamışdan bir gün qabaq) keçmiş sədr M.Nəsibovanın imzasını oxşatmaqla 59 arayış imzalayıb.
Baş Prokuror yanında Karrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 05 noyabr 2020-ci il tarixli rəydə Niyaz Niftiyevin 20 arayışa imza atdığı “üzə çıxıb”.
Ekspertiza rəyi ilə tanış olanda çox maraqlı bir məqam ortaya çıxır. Ekspertiza müəyyən edib ki, M. Nəsibovanın (əvvəlki sədrin) yerinə 50-dən çox arayışa N.Niftiyevdən başqa üçüncü şəxs də imza atıb. Belə görünür ki, əslində istintaqın sübut kimi göstərdiyi arayışlar ya keçmiş sədr, ya da həmin üçüncü şəxs tərəfindən imzalanıb. Amma bu üçüncü şəxsin kimliyi heç kimə bəlli deyil! Bunun araşdırılmasına heç kim vaxt sərf etməyib.
Ümumiyyətlə, hələ müəyyən edə bilməyiblər ki, Niyaz Niftiyev neçə sənədin yerinə sədrin əvəzindən “saxta” imza çəkib.
N. Niftiyev iddia edir ki, arayışlardan pul alınması məsələsi yoxdur, sadəcə, arayış almaq istəyənlərə yığılıb qalmış zibil pulu ödətdirilib. Bunları da bir kənara qoyaq və inanaq ki, ittiham aktı həqiqəti əks etdirir.
İttiham aktında nədir?
Niyaz Niftiyev 7 apreldən, sədr olduqdan sonra Bələdiyyənin Vergi şöbəsi iki arayışdan pul alıb: birindən 19 manat, digərindən 30 manat.
Əvvəlki sədrin əvəzinə 6 apreldə guya, saxta imza atmaqla isə 20 arayış verib və bu arayışlardan yalnız 7-dən ümumilikdə (Yenə də Vergi şöbəsi) 165 manat pul alınıb. Beləliklə, 9 arayış üzrə N. Niftiyevin aldığı 214 manata görə o boyda maddələrlə adam 1 il 2 aydan çoxdur ki, içəridədir.
Bir daha təkrar edirik: bu ittihamların heç birini Niyaz Niftiyev qəbul etmir. Sadəcə, ittihamçılara inansaq, 214 manatlıq rüşvətə görə Niyaz Niftiyev həbs edilib və “külli miqdarda rüşvətə görə” ittihamı irəli sürülür.
1. Niyaz Niftiyev niyə 20 arayışı saxtalaşdırır və cəmi 7-dən pul alır? Niyə digərlərindən pul almayıb? Axı, “standart” qiyməti varsa bu arayışın, niyə bəzilərindən 20-30 manat alınır, əksəriyyətdən bir qəpik də alınmır?
2. 214 manat külli miqdardırmı? Halbuki cəmi bir həftə ərzində N. Niftiyevin zibilin daşınması üçün Bakı meriyasını köçürdüyü rəqəmlər ortaya çıxır və bəlli olur ki, Niyaz Niftiyev borc alaraq onları ödəyib ki, camaat zibil içində boğulmasın.
İstintaq bunu nəzərə almır.
Əməliyyat zamanı “rüşvətxor” Niyaz Niftiyevin otağından və cibindən cəmi 70 manat pul çıxır.
Adam sadəcə xəcalət çəkir: bir bələdiyyə sədrinin cibindən çıxan pula da, onun üçün bir il müddətində hazırlayıb “külli miqdara” çatdırdıqları 214 manata görə də…
Əlbəttə, bəllidir ki, Niyaz Niftiyevin rüşvət alması bəhanədir və hətta bəhanə olmasa, bir həftədir sədr seçilən Niyaz Niftiyevin “dəhşətli əməlləri” üzə çıxsa belə, hər bir halda yuxarıda xatırlatdığımız XİN yüksək vəzifəlilərinin, yaxud Mədəniyyət Nazirliyindəki yüksəkçinli məmurların cinayəti ilə müqayisə edilə bilməz. Onlardan axtarışlar zamanı sözün hər mənasında külli miqdarda vəsait götürülmüşdü, faktlar ələ keçirilmişdi, rüşvət siyahısı ortaya çıxmışdı və insanlar kamera qarşısında etiraf da etmişdilər.
Etiraf etmişdilər ki, rüşvət alıblar, dövlətin vəsaitini talayıblar, həm də milyonlarla vəsaitini.
Necə ola bilir ki, Niyaz Niftiyevə ittihamlar 8 aydan sonra dəyişdirilir və sözügedən məmurların ittihamına yaxınlaşdırılır, ancaq həmin milyonları talayanlar ev dustaqlığındadır, Niyaz Niftiyev isə həbsdə?
Kimdir bir jurnalisti həbsdə çürütmək istəyən? Niyə mediada və seçildiyi Binəqədi rayonunda hamının hörmətini qazanan Niyaz Niftiyevə qarşı bu qədər əsassız ittihamlarla özlərini və müstəntiqləri çətin vəziyyətə salırlar? Kimdir onun həbsini tələb edən?
Niyaz Niftiyevlə bağlı hazırda “Youtube”da yerləşdirilən videoların hesabatını təqdim edirik:
Elnur
BakuPost
araz.az xəbər portalı.