Ermenistan 2

“Baş verən proseslər Ermənistanın məsuliyyətini daha da artıracaq”.

İyunun 1-də Ermənistanın istəyi ilə fəaliyyətini dayandıran Ermənistan, Azərbaycan və Rusiyadan ibarət üçtərəfli komissiya məhz Ermənistanın istəyi ilə fəaliyyətini yenidən bərpa edəcək. Məlumata görə, üçtərəfli komissiyanın bərpası Ermənistanda hökumət formalaşdıqdan sonra mümkün olacaq. Belə ki, Ermənistanda hökumət formalaşdıqdan dərhal sonra regional kommunikasiyaların açılması üçün yaradılmış üçtərəfli komissiya işini bərpa edəcək.

Nurlan Qələndərli, politoloq

Mövzunu KONKRET.az-a dəyərləndirən politoloq Nurlan Qələndərli bildirib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonası adlandırılan ərazilərimizdə Ermənistanın qeyri-leqal, beynəlxalq hüquq normalarına zidd fəaliyyətlə məşğul olması yolverilməzdir: “Bu, ilk növbədə beynəlxalq hüquq normaları və Üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, ərazi bütövlüyü və suverenlik prinsiplərinə tamamilə ziddir”.

“Digər tərəfdən, bu qeyri-leqal fəaliyyət Rusiya sülhməramlılarının özünə qarşı provokativ xarakterli addımlardır ki, sülhməramlılar da bu məqamda öz mandatları və səlahiyyətlərindən istifadə edərək, məsuliyyət zonaları adlandırılan ərazilərimizdə ermənilərin təxribat cəhdlərinə, qeyri-leqal fəaliyyətlərinə qarşı qəti və konkret addımlar atmaladırlar. Çünki bu, ilk növbədə Üçtərəfli bəyanatın, digər tərəfdən isə geniş mənada beynəlxalq hüquq normalarının tələbləridir”-deyə, politoloq vurğulayıb.

Politoloq Samir Hümbətov da KONKRET.az-a açıqlmasında bildirib ki, üçtərəfli komissiyanın fəaliyyətinin Ermənistan tərəfindən dayandırılması, daha sonra isə elə Ermənistan tərəfindən komissiyanın fəaliyyətinin bərpası ilə bağlı addımların atılması ilə bağlı fikirlərin səslənməsi onu göstərir ki, baş verən proseslərdə ölkədaxili vəziyyətə uyğun addımlar atılır: “Hesab edirəm ki, Ermənistan tərəfindən üçtərəfli komissiyanın fəaliyyətinin dayandırılmasında əsas məqsəd seçkiqabağı dövrü əhatə edirdi və seçkinin nəticələrinə təsir etmək və seçkidə xal qazanmaq niyyəti güdürdü. Amma artıq seçkilər arxada qalıb, Paşinyan yenidən hakimiyyətə gəlib və yeni dövrdə görünür ki,onunn fəaliyyəti daha geniş miqyası əhatə edəcək”.

Samir Hümbətov, Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekspert

“Təbii ki, Paşinyan başa düşür ki, ölkəni vəziyyətdən çıxarmaq və iqtisadi blokadanı aradan qaldırmaq üçün ən uğurlu yol Azərbaycanla Üçtərəfli bəyannamələrin şərtlərinə əməl etməkdən keçir. Ən azından, kommunikasiya əlaqələrini təşkil etmək lazımdı ki, bununla da Azərbaycanın və Türkiyənin vasitəsi ilə iqtisadi əlaqələri genişlənə bilsin. Təbii ki, atılan addımların Zəngəzur dəhlizinin açılmasına, yaxud kommunikasiyaların qurulacağına xidmət etdiyini deyə bilmərik və görünən odur ki, danışıqlar prosesi uzun müddət davam edəcək. Şübhə etmirəm ki, bu danışıqlar prosesində də Ermənistanın növbəti dəfə hansısa bir cığallığa əl atacaq. Yəni, Ermənistan istənilən vaxt komissiyanın fəaliyyətini yenidən dayandıra bilər”-deyə, Hümbətov vurğulayıb.

O, Ermənistanın atdığı addımlarda Rusiyanın da mühüm təsirləri olduğunun qənaətindədir: “Görünən odur ki, Rusiya hələ ki, üçtərəfli komissiyanın fəaliyyətinin davam etdirilməsini daha məqsədəuyğun hesab edir və ona görə də uzun müddətdir özünün for-postu hesab etdiyi Ermənistana bu və ya digər formada təzyiq edərək yenidən üçtərəfli komissiyanın fəaliyyətini bərpa etməyə çalışır. Hesab edirəm ki, Ermənistanın burada nə Azərbaycan, nə də Türkiyəyə qarşı yaxşı niyyəti yoxdur və atlan addımlar da ola bilsin ki, məcburiyyətdən doğur. Bütün baş verən situasiyaların nəticəsi olaraq onu qeyd edə bilərik ki, Ermənistan siyasi baxımdan özünün hansı istiqamətdə olduğunu hələ də təyin edə bilmir, ölkə baş verən proseslər fonunda kortəbii və siyasi proseslərə adekvat omayan bir şəkildə idarə edilir. Hesab edirəm ki, bu addımların son nəticəsi regionda qeyri-stabilliyə təsir edəcək və baş verən proseslər Ermənistanın məsuliyyətini daha da artıracaq”.

Mərahim Nəsib,

KONKRET.az

araz.az xəbər portalı.