1523952844_islahat.jpg

Martin Buber: “Teatrı ac-yalavac durumla üz-üzə qoymaq isə ən dəhşətli quldarlıq metodunun hökm sürməsidir”

Azərbaycan addım-addım sənaye, istehsal və digər sahələrdə gəlişən ölkələr sırasında yer almaqdadır. “Made in Azerbaijan” brendi ilə dünya bazarına öz istehsalımızı ixrac etməyə başlamışıq.

Bütün bunlar qürurverici olsa da, uluslararası kültür düzənində təəssüflər olsun ki, teatr, musiqi, rəssamlıq, etnofolk sənətimizdə uzlaşa bilmirik. Ona görə ki, bu sahəni inzibati amirlik metodu ilə idarə edən məmur-oliqarxiya düşüncə tərzi mövcuddur. Beləliklə də, kültür sahəmiz menecer-texnokrat standartlarına cavab vermir.

Teatrlarımız nədən böhran durumundadır?

Ölkəmizin sosial-iqtisadi yaşamında bir sıra uğurlar olsa da, kültür düzənində hər hansı bir başarının olduğunu demək olmaz. Bürokratik düzənlə Azərbaycanda 26 dövlət teatrı, 50-yə yaxın xalq teatrları, 13 Teatr Studiyası fəaliyyət göstərir. “Teatr və teatr fəaliyyəti” (2006-cı il), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi” (2007-ci il) və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” (2008-ci il) dövlət proqramı haqqında ölkə prezidenti sərəncamlar imzalayıb. Bu qanunlar çağdaş Azərbaycan teatrının gəlişməsi yönündə strateji sənədlər sayılır. 
MTN nazirinin müavini Ədalət Vəliyev isə “BBC-Azərbaycan” radiosuna açıqlamasında: “Rejissorlar heç vaxt indiki kimi azad və sərbəst olmamışlar. Hər bir rejissor respublika teatrlarında öz arzusu ilə tamaşa hazırlamaq hüququna malikdir və bu hüquqdan məqsədyönlü şəkildə istifadə edir” bildirib. Gəlişigözəl deyim olsa da, gerçəklikdə bunun tamamilə əksini görürük. Faktiki olaraq bu gün Azərbaycan teatrlarının inzibati-amirlik metodu ilə idarəçiliyi sayəsində rejissorların hüquqları qalmayıb. Direktorların gözü 25 ildir “əbədi nazir müavini” postunu tutmuş, teatr və kino sahəsinə sorumlu Ədalət Vəliyevə dikilib. Ona görə də teatr sənətində ölgünlük yaşanılır. Sanki bu sahə ötən yüzilin 70-ci illərindəki “durğunluq illəri”nin ənənəsi ilə nəfəs alır və mürgüləyir. Teatrda tamaşaçının mənəvi tələbatının oyanması ilə bağlı zamanın ritmi, yaşadığımız dönəmin ruhu perik düşüb. Teatrlarda seyrçi problemi məhz buna görə yaranıb. Keçmiş Sovetlər Birliyi dönəmində “ezop dili” ilə rejissorlar və dramaturqlar cəsarət tapıb fikir ortaya qoyurdularsa, indiki bağımsızlıq dönəmində açıq, rəvan və daha təsiredici anlamlar gündəmə gətirilməlidir. 

Çağdaş kültür düzənindəki böhranların anatomiyasıƏbədi və müdrik nazir müavini Ədalət Vəliyevin kəraməti sayəsində və inzibati-bürokratik yolla bütün bunlar yasaqlanıb. Teatrlarımızı öz çiynində apara biləcək dramaturqlarımız isə demək olar ki, yoxdur. Teatrlarda çalışan aktyorların və digər mütəxəssislərin maaşları günün tələbatına və ehtiyac zənbilinin standartına uyğun deyil. Halbuki mövcud qanunlara istinad etməklə dövlət büdcəsinə toxunmadan bu problemləri çözmək çox asandır. Yetər ki, MTN və teatrların direktorları özlərində cəsarət tapsınlar. Onlar dramaturqların, rejissorların, aktyorların və teatr sənəti ilə bağlı digər peşə sahələrinin sayəsində mövcuddurlar. Buna görə ən yüksək səviyyədə maaş alırlar. Özləri üçün “komfort” yaşam düzəni qurublar. Elə buna görə də dramaturqlar, rejissorlar, aktyorlar və teatrla bağlı digər sənət sahələrində çalışan mütəxəssislər dilənçi kökündə yaşayırlar. Halbuki qanuni yolla teatrlar öz maddi-sosial imkanlarını çözmək imkanları əldə edə bilərlər. Bu prosesin MTN və yedəkdə gedən direktorların inzibati-amirlik metodu ilə qarşısı alınıb. 

Sosial bəlalar və sorunlar işində çabalayan teatr düzəni 

Ölkənin akademik statuslu Akademik Milli Dram Teatrı və Akademik Opera və Balet Teatrından başqa bütün teatrlarda, mədəniyyət ocaqlarında çalışan mütəxəssislərin maaşları və üz-üzə qaldıqları ağır və məşəqqətli yaşam düzəni quldarlıq çağından fərqli olaraq daha dözülməz biçimdədir. Ötən 25 il ərzində nə müdrik və əbədi nazir müavini Ədalət Vəliyev, nə də onun inzibati-amirlik metodu ilə idarəetmə düzəninə tabe olan dikertorlar ordusu bu problemləri bircə dəfə də olsun gündəmə gətirməyiblər. Bölgə teatrlarında ən yüksək dərəcəli aktyorun maaşı 192 manatdır. Halbuki indi ölkədə bir nəfərin acından ölməməsi üçün minimum bazar zənbili ehtiyacı 650 manat təşkil edir. Həyatını sənətə və ulusal kültürün gəlişməsinə bağlayan insanların bunca dözülməz yaşam düzənində çabalamağa məcbur edilməsi quldarlıq rejimində belə müşahidə olunmayıb. Halbuki bəşəriyyətdə hər zaman sosial sorunların çözümündə incəsənətin önəmli rolu olub. 

Çağdaş kültür düzənindəki böhranların anatomiyasıCəmiyyətin həyatında və çağdaş sosial-kültürün funksiyası, teatr prosesi və onun nizamlanmasının yönləri, teatrın bazar münasibətləri ilə formalaşma infrastrukturu, teatrın fəaliyyətində marketinqin rolu, teatrın daxilindəki sistem, dövlət və teatr, dövlətin kültür siyasətində teatrın yeri, çağdaş şərtlərlə teatrın maliyyələşdirilməsi və hüquqi baxımdan nizamlanması yönündə bir dəfə də olsun mövcud sorunların çözüm yolu ortaya qoyulmayıb. Ona görə də demokl qılıncı kimi “BİƏT TEATRI” anlayışı məmur-oliqarx ilgisinə pərçimlənib. Əskidən belə bir deyim var idi: “Çarlıq Rusiyasında topraqların 90 faizi mülkədarlara, 10 faiz torpaqlar isə 90 faiz əhaliyə məxsusdur”. İndi həmin qavrayış Azərbaycan teatrına pərçimlənib. Yaradıcı insanların üzərində bu sahədə inzibati amirlik metodu siyasətini yürüdən məmurların hüquqları və hökmləri yetərincə statusa malik olsa da, aktyor, rejissor və dramaturqların hüququ qalmayıb. MTN-nin və direktorlar ordusunun himayə etdiyi “şablon müəlliflər”dən savayı, başqa dramaturqların, özəlliklə də gənclərin üzünə bütün teatrlar qapalıdır. Gəncliyin inkarı bu sənət sahəsinin gələcəyinin tamamilə yox edilməsi deməkdir. Gənclik artıq Azərbaycan teatrının gələcəyində özünü görmür. Ona görə ki, sosial-iqtisadi və yaradıcılıq mühiti baxımından bu qutsal sənətin necə iflasa uğradılması prosesində iştirak etmək istəmir. Teatrların üzləşdiyi rəzalətin içində boğulmaq istəmir. Çağdaş kültür düzənində ulusal ənənələrin və bədii fəlsəfi düşüncə sisteminin idenfikasiyasının abstrakt estetik baxışların ifadəsini görmür. MTN və yandaş direktorlar zümrəsi teatrlarda rizomik postmodern fəlsəfi fikrinə kəskinliklə qarşı çıxırlar. Teatrların öz gücünə yaşaması imkanlarına mane olunduğu üçün rejissorlar, dramaturqlar və aktyorlar inzibati amirlik metodunun qılıncının altında inləyə-inləyə qalıblar. Bir yandan ağır və üzücü sosial-iqtisadi fəlakət, o biri yandan əsl yaradıcılıq mühitinin dəfn edilməsi teatr prosesinin acınacaqlı mənzərəsinə çevrilib. Azərbaycan teatrı faktiki olaraq teatr və incəsənətdə fəlsəfi fikirləri ilə tanınmış filosof Martin Buberin dediyi durumla üz-üzə qalıb: “Ekzistensial fəlsəfi fikir ancaq teatra məxsusdur. Onun bu duyğulardan yoxsun (məhrum) qalması fəlsəfi dialoqun dəfn edilməsidir. İnsan ruhunun və şüuraltı düşüncələrin teatr sənətinin dili ilə ifadə edilməsinin tək bir yolu var. Bu, damaturqun, rejissorun və aktyorun daxili özgürlüyü və sənətin zirvəsinin fəthi deməkdir. Belə bir anlam istənilən teatrda yoxdursa, deməli, orada məmurlar at oynadırlar. Teatrın ölgün duruma düşməsi onun faciəsi və sənətin dəfn edilməsi deməkdir. Teatrı ac-yalavac durumla üz-üzə qoymaq isə ən dəhşətli quldarlıq metodunun hökm sürməsidir”. 

Kültür düzəni islahatların aparılması ilə gəlişə bilər

Dərin differensial cəmiyyət və ixtisaslaşma düzənində effektiv təsir forması olan teatr sənətinin gəlişməsi imkanları sosiumun şəbəkələşməsində ən önəmli təsir vasitəsi statusunu hər zaman olduğu kimi qoruyub saxlamaq gücündədir. İndiki sosiallaşma düzənində bazar iqtisadiyyatının formalaşmasında teatrın yeri, onun estetik-fəlsəfi dəyərlərinin antrepiz, prodüsser mərkəzləri və teatr yarmarkaları sayəsində sürətlə gəlişdirmək üçün böyük imkanlar yaranıb. 

Çağdaş kültür düzənindəki böhranların anatomiyasıBelə bir durumla üz-üzə qalan teatrlarımızın gəlişməsi yönündə çeşidli estetik yanaşımlara meydan verilməlidir ki, bu proses öz gerçəkliyini əldə edə bilsin. Bu gün faktiki olaraq MTN nazirinin müavini Ədalət Vəliyev başda olmaqla və direktorlar dəstəsi əyləc statusu ilə Azərbaycanda teatral aləmin gəlişməsinin qarşısını kəsiblər. Onlar nə dövlət teatrlarının, nə də özəl teatrların gəlişməsinə imkan vermirlər. Buna görə də yaradıcılıq mühiti yox kimidir. İslahatların aparılması üçün yetərincə qanunlar olsa da, gərəkən addımlar atılmır. Bunun üçün öncə teatr fəaliyyətinin metodologiyasının maliyyə və estetik çalarlarının imkanlarının irəli sürülməsi düzənlənməlidir. Bunda hətta büdcə də tələb olunmur. Sadəcə, gəncliyə meydan verilməlidir. Yeni estetik düzənin ənənəvi yanaşımla uzlaşdırılmış və stimulverici dəyərlərinə dəstək verilməlidir. Çağdaş evolyusiya düzəninə söykəmli sosial-iqtisadi baxımdan teatr problemlərinin effektiv təsir vasitəsinin araşdırılması istənilən teatrın daxili idarəetmə düzəninə təkan verə bilər. Bu zaman gerçək yaradıcılıq mühiti teatra olan marağın artmasına, onun maddi imkanlarının yüksəlməsinə nədən olacaqdır. Menecment-marketinq düzəni də öz biçimini bulacaq. Əski qafa ilə bu kürəsəl yanaşıma dəyər vermək, onu iflic duruma salmaq deməkdir. Necə ki, son 25 ildə bizlər bunun canlı tanığıyıq. Bütün bunlar nə xəyali, nə də utopik nəzəri yanaşımlar deyil. Yetər ki, teatr aləminin çağdaş düzənində mövcud olan estetik-bədii dəyərlərin doğal yöndə biçimlənmiş qaydalarına imkanlar yaradılsın. Kültürün iqtisadi baxımdan sosial nəzəri yönlərinə önəm verilmədiyi üçün Azərbaycan teatrı zamanın ritmi ilə hərəkət etmir. Gənc dramaturqların, rejissorların və aktyorların tribunası olmadığı üçün bizlər ötən yüzilin 70-ci illərində ilişib qalmışıq. Teatr və çağdaş tamaşaçı tandemi itib. Teatr prosesinin bazar infrastrukturları isə yox kimidir. Beləliklə də, çağdaş gəlişmənin düzənindən azından 40-50 il geri qalırıq. İndi adi tamaşaçını əski qafa ilə aldatmaq mümkün deyil. Virtual aləmdəki inqilablar teatrla ilgili olaraq alternativ statusu qazanmaq uğrunda mücadilə verdiyi məqamda bu canlı sənət öz sözünü zamanın ruhu ilə bütünləşdirəcəyi təqdirdə yerini qoruyub saxlaya bilər. Səhnə sənətinin menecment institutu da kimsədən asılı olmayaraq gəlişəcək. Zamanın hansı axarla dəyişməsi və gəlişməsi ilə yanaşı, insanlar öz içkinlik ruhunun enerjisi ilə bir bütün olaraq yaşayırlar. Bu anlamın gerçəkliyini teatrda canlı şəkildə görə bilirlər. Onun rasional və emosional dəyərinə qiymət verirlər. Həyatın subkültür tablosu, özgün qavramların biçimlənməsi dəyərləri beləcə gəlişir. Effektiv yaşamın estetik düzəni buna bağlıdır. Teatra sintetik sənət kimi deyil, canlı orqanizm adına özgürcəsinə dəyər verildiyində onun effektiv təsir gücü artır. Bu canlı sənət növünün qorunub saxlanılması üçün çağdaş zamanın ritmi və ahənginin gəlişməsi reformlara bağlıdır. Bir şərtlə ki, bürokratik düzənə əlvida deyilsin. Teatr ənənələrinə konstruktiv yanaşım önə çəkilsin. Onun klassifikasiyasının yönlərinə mane olunmasın. Teatrın kültür həyatımızda dinamizmi dominantlığa çevrilsin. Çağdaş dünya teatr sənəti bu önəmli faktora söykəmli biçimdə gəlişir. Azərbaycan teatrını məmur-oliqarxiyasının inzibati amirlik metodundan qurtarmağın tək yolu budur. 

Ənvər BÖRÜSOY, 
sənətşünas

araz.az xəbər portalı.