IMG_9802.jpg

Bu gün Bakıda və ölkənin digər şəhərlərində piyadaların yolu rahat, təhlükəsiz keçməsi üçün müxtəlif tədbirlər görülür. 

Dövlət vəsaitləri hesabına sürət həddinin yüksək olduğu yollarda yeni yerüstü və yeraltı keçidlər salınır, mövcud olanların yenidən qurulması həyata keçirilir. 

Lakin təəssüf ki, həmin keçidlər hər zaman ehtiyac duyulan yerlərdə olmur. Bəzən elə yerlərdə yaradılır ki, ya metroya, ya da avtobus dayanacaqlarına uzaq olduğuna görə, piyadalar həmin keçidə heç üz tutmurlar. Soruşanda da deyirlər ki, dayanacaqdan keçidə qədər məsafəni gedənə kimi yoldan keçirəm. 

Bəzi hallarda da belə keçidlərin inşasına başlanılsa da, bir müddət sonra işlər dayandırılır, tikinti baxımsız, yarımçıq vəziyyətdə buraxılır.

Belə bir yarımçıq piyada keçidlərindən biri Xəzər rayonu, Buzovna qəsəbəsi “Xrustalni” adlanan ərazidə yerləşən yerüstü keçiddir. 

Buradakı yerüstü keçidin tikintisinə ötən il başlanılsa da, işlər hələ də tamamlanmayıb. Daha doğrusu tikintisi yarımçıq saxlanılıb. Sürət həddinin saatda 120 km olduğu yolda belə bir yerüstü keçidin tikintisinə başlanılması müsbət hal olsa da, onun lazımsız bir qurğu kimi diqqətdən kənarda qalması sadəcə biabırçılıqdır.

Həmin yerüstü keçiddən gün ərzində yüzlərlə vətəndaşlarımız istifadə edə biləcəyi təqdirdə, bu gün onların heç bir təhlükəsizlik tədbiri görülməyən yollardan qorxa-qorxa, qaçaraq keçməsi dəhşət saçan mənzərədir. 

Məsələ ilə bağlı bir haşiyə də çıxaq ki, magistral yolun hərəkət hissələrini ayırmaq üçün quraşdırılmış dəmir çərçivələrin hündürlüyü də arzuolunan səviyyədə deyil.

Əlbəttə, piyada keçidinin olmaması piyadaya yolu nəzərdən tutulmayan yerdən keçməyə icazə vermir. Lakin piyadanın bunu etməsinin qarşısını almaq üçün də heç bir tədbir görülməyib. Yolun mərkəzinə yaxınlaşan vətəndaş yerdən az hündürlükdə yerləşmiş dəmir çərçivəsi asanlıqla aşıb keçir. Əlbəttə, həmin çərçivənin hündürlüyü kifayət qədər olsa idi, piyadalar da belə yolu keçməyə cəhd göstərməzdilər.

Keçid alaq başıbəlalı, bəlkə də neçə-neçə insan ölümünün şahidi olmuş yarımçıq yerüstü keçidə. 

Elə sözügedən yerüstü keçidi lentə alarkən yolu keçmək istəyən bir piyada ilə qarşılaşdıq. Uzaqdan yüksək sürətlə gələn maşınlar və yolu keçməyə cəhd edən aciz bir piyada. Bəlkə də bu keçid onun sonuncu addımlarına, yəni ölümünə də səbəb ola bilərdi. Amma onun budəfəlik sadəcə bəxti gətirdi deyə bilərik. Çünki bu cür yüksək sürət həddi qoyulan yolları qəzasız yola vermək hər zaman mümkün deyil.

Görüntüləri qeydə alarkən həmin yolun kənarında əyləşən iki süpürgəçi qadına da rast gəldik. Adının çəkilməsini istəməyən yaşlı qadın bildirdi ki, gün ərzində bu yoldan yüzlərlə piyada istifadə edir və neçə dəfə yol-nəqliyyat hadisəsinin baş verdiyinin şahidi olub.

Artıq bir neçə ildir həmin ərazidə yaşayan başqa sakin bildirir ki, burada yerüstü keçidinin salınmasına tələbat çoxdur və qəza halları daha çox gecə saatlarında baş verir, çünki qarşıdan gələn maşın piyadanı seçə bilmir və nəticədə ölüm hadisəsi baş verir.

 

 

Məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Azər Allahverənovbildirib ki, bu cür mühüm layihələrin tikintisinə başlanılıb sonradan dayandırılması təqdirəlayiq hal deyil. 

“Təəssüf ki, bəzi hallarda hansısa bir layihəyə start verildiyinin və sonradan məlum olmayan səbəblərə görə, həmin layihənin dayandırıldığının şahidi oluruq. Xüsusilə bu layihələrə insan həyatı ilə bağlı olan məsələlər daxildir. Bu səbəbdən yol hərəkətinin təşkili üçün başlanan layihələrin dayandırılmasını heç də düzgün qəbul etmirəm. 

Həmin işin müəyyən bir hissəsinin görülüb və sonradan dayandırılması sadəcə olaraq məsuliyyətsizlikdir. Aydın məsələdir ki, hər bir işə cavabdeh olan müəyyən qurumlar var. Həmin bu qurumların öhdəliyinə müəyyən olunmuş iş qrafikində üzərlərinə götürdükləri məsələlər daxildir. Əgər yerüstü keçidin inşa olunmasından söhbət gedirsə, o vaxtında yerinə yetirilməli və insanların ixtiyarına verilməlidir”, – deyə, ekspert bildirib.

Öz növbəsində məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Mərdəkan dairəsində, Buzovna və həmin istiqamətlər üzrə olan yolda bir yeraltı keçid mövcuddur.

“Lakin bunu da nəzərə alaq ki, həmin istiqamətə gedən yolda və əsasən sol tərəfdə qeydiyyatda olan yaşayış məntəqələri var və orada da kifayət qədər sakinlər yaşayır. Bunun üçün də sakinlərin yolun bir tərəfindən digər tərəfinə keçməsi üçün təhlükəsizlik tədbirləri görülməlidir. Bununla əlaqədar olaraq da yürüstü piyada keçidinin tikilməsi planlaşdırılıb. Eyni zamanda həmin inşanın başlaması üçün işlərin görülməsinə başlanılıb. Lakin çox təəssüf ki, görülən bu işlər yarımçıq qalıb”, – deyə, V. Əsədov bildirib.

Polis polkovniki həmçinin sürücülərə müraciət edərək, həmin ərazidə piyada keçidinin olmadığını nəzərə almağı, piyadalardan isə yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürət həddini düzgün qiymətləndirməyə çalışmalarını xahiş edib:

“Piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısından qaçmağa, yolu təhlükəli vəziyyətdə keçməyəcəhd etməsinlər”.

Elvin Paşazadə
Foto: Elnur Nuriyev

www.oxu.az

 

araz.az xəbər portalı.