oqtay sir yeniXəbər verdiyimiz kimi, səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlu (İbrahimov) ona yaxın şəxslər tərəfindən döyülüb və hadisədən 10 gündən çox vaxt keçsə də, hələ də insidenti törədən 2 nəfər məsulliyətə cəlb olunmayıb.

Arazaz unikal.org-a istinadən xəbər verir ki, Famil Fərhadoğlunu döyən şəxsin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq Əliyev adlı şəxs tərəfindən döyüldüyünü təsdiq edib. Həmin şəxs Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Ceyhun-Təyyar Paşayevin oğlu Riad Paşayevdir. O, hazırda “Azərtürkbank”ın Bakı filalının müdiri vəzifəsində çalışır, anası Validə Paşayeva isə səhiyyə nazirliyinin işçisidir.

Əldə etdiyimiz digər məlumata görə, jurnalistə təzyiq göstərərək mobil telefonunu əlindən alan Əliyev Namiq Sabir oğlu Səhiyyə nazirinin yaxın adamıdır. Elə bu səbəbdəndə Oqtay Şirəliyev Namiq Əliyevi məsuliyyətə cəlb olunmasında maraqlı deyil.Çünki Namiq Əliyev həbs edildiyi təqdirdə jurnalistin Səhiyyə nazirinin sifarişi ilə döyülməsi öz təsdiqini tapacaq. Heç kəsə sirr deyil ki, Riad Paşayevin anasının həkim olması, məsələdə nazirin yaxın adamı olan Namiq adlı şəxsin adını çəkilməsi Oqtay Şirəliyevin bu məsələdən xəbərdar olduğunu sübut edir.

Sadaladığımız faktlara görə Səhiyyə naziri Oqtay Şirəliyev bu məsələnin qısa zamanda həll olunmasını istəyir.Məsələnin Kütləvi İnformasiya Vasiətlərinin gündəmindən düşməməsi, digər jurnalistlərin və media rəhbərlərinin kəskin münasibət bildirməsi nazirin səbr kasasını daşırıb.Bu səbəbdən də o, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanı Kütləvi İnformasiya Vasitələrini susdurmadığı üçün tutduğu vəzifəsindən azad edib.
Son günlər Səhiyyə “Şef”inin adının qalmaqallarla gündəmdən düşməməsi isə yuxarı dairələrin qəzəbinə səbəb olub.Belə ki, 1 ay ərzində Oqtay Şirəliyevin adı ölkə mediasının gündəminə 2 böyük hadisə ilə gəlib.Jurnalistin döydürülməsi faktına qədər Respublika Narkoloji Mərkəzində müalicə alan 25 xəstənin yanaraq həyatını itirməsi nazirə qarşı qəzəbi birə iki artırıb.

Sadalanan məsələlər azmış kimi bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyevin 11 apreldə keçirilmiş prezident seçkilərində iştirak etmədiyi barədə informasiya öz təsdiqini tapdı.Belə ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev Oqtay Şirəliyevin qeydiyyatda olduğu məntəqədə səs vermədiyini, digər seçki məntəqəsində səs vermək üçün çıxarış almadığını bildirdi.Hər nə qədər Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatı təkzib etməyə çalışsa da, onun nazirin seçkidə səs verdiyi ilə bağlı “görüntülər var” deməsi səhiyyə nazirini daha da çətin vəziyyətə saldı.Çünki nazirliyin xanım əməkdaşı Oqtay Şirəliyevin seçkidə səsverməsi iləbağlı hər hansı bir görüntü ortaya çıxara bilmədi.Bu da bir daha sübut etdi ki, səsvermədə iştirak etməyən Oqtay Şirəliyev həm də seçicilərin səslərinin mütləq əksəriyyətini qazanaraq yenidən Prezident seçilmiş cənab İlham Əliyevə səs verməyib.

Qeyd edək ki, Oqtay Şirəliyevin nəzarət etdiyi səhiyyə sahəsindən gələn şikayətlər artıq dövlət başçısını da ciddi şəkildə narahat edir və bu sektorda ciddi islahatların həyata keçirilməsinin köhnə nazirlə mümkün olmayacağı ortadadır. Bu barədə Oqtay Şirəliyevin özü də məlumatlıdır. Odur ki, istefaya göndərilən Nazirlər Kabinetinin yeni tərkibində Səhiyyə Naziri Oqtay Şirəliyevin qalıb-qalmayacağı isə sual altındadır.

araz.az xəbər portalı.