Nümunəvi müəllim təhsil müdirinə rüşvət vermədiyi üçün direktorluqdan məhrum olunur
Xüsusən də son vaxtlar Astara təhsil müdiri Rəşad Həsənovla bağlı maxinasiya və rüşvət şikayətləri “su üzünə çıxmağa başlayır”. Təbii ki, bizə daxil olan şikayətlərin hamsını yerində araşdırmağımız asan deyil. Çünki, insanlar təəssüf ki, açıq danışmaqdan və mediaya çıxmaqdan çəkinirlər. Xüsusən də təhsil işçiləri, təzyiqə məruz qalmaq və işini itirmək xofuna görə əksər hallarda susmağa üstünlük verirlər.
Rayondan və xüsusən, şəhər məktəblərindən aldığımız dəqiq məlumatlara görə artıq nəinki müəllimlər, hətta rəhbər işçilər də təhsil müdirindən narazıdır. Məsələn, adının açıqlanmasını istəməyən, şəhər 5 saylı tam orta məktəbin müəlliminin sözlərinə görə, məktəbin, hətta direktoru və rəhbər işçiləri də Həsənovdan dad edirlər və “Rəşad Həsənov Qızbəs Məmmədovadan fərqli olaraq çox uzağa gedə bilməyəcək…” deyirlər.
Bu yazıda biz Rəşad Həsənov tərəfindən birbaşa haqsızlığa məruz qalan işçilərdən daha birinin adını çəkəcəyik: Ərçivan qəsəbə 3 saylı məktəbin tarix müəllimi Nuranə Həmidova.
Rayonun aktiv təhsil işçilərindən və ziyalılarından biri kimi tanınan Nuranə müəllimə, bir müddət öncə “Astaranın Gənc Alimləri”nə müraciət edərək, yaşadığı dramatik haqsızlıqları ictimailəşdirməyi istədi. O, direktorluğunun dəfələrlə qanunsuz yerə əngəlləndiyini söylədi: “Hansı səbəbdən məndən aşağı bal toplayan namizədlər, hətta müsahibədə belə, iştirak etməyən namizədlər təsdiqlənir, mənsə yox? Heç ehtiyat kadr olmağa belə, çağırılmıram. Məsələn, 2019-cu ildə Astara rayon Ərçivan qəsəbə 4 saylı məktəb üzrə imtahandan çıxmış yeganə namizəd idim. Oranın əvəzçi direktoru Ceyhun Baxşıyev keçid balını belə toplamamışdı və müsahibədə iştirak da etməmişdi. Amma, birdən-birə qanunsuz şəkildə oraya direktor təyin olundu!
Rəşad müəllim məni ən azı çağırıb məsələni aydınlaşdırmalıydı. Lakin, biganə yanaşdı və bütün fəaliyyətimi, zəhmətimi də görməməzliyə vurdu…”
Yetərincə mülayim bir insan kimi tanınan Nuranə müəllimə “Rəşad Həsənov sizə niyə bu qədər hörmətsiz və təhqiramiz münasibət bəsləyir?” sualını isə belə cavablandırır: “Mən ona indiyə qədər 1 qəpik pul verməmişəm. Heç təklif də etməmişəm ki, vəzifəm düzəlsin, sənə pul verəcəyəm və s. Özüm rüşvətlə mübarizə aparan biri kimi tanınıram və alnım tərtəmizdir. İtiriləsi və ziyana gedəsi bir şeyim də yoxdur. Sadəcə, mənim haqqım olanı başqasına verməklə o, böyük səhv buraxdı. Ən azı Astara təhsilinin inkişafını istəməməsi burdan görünür…”
Qarşılaşdığı özbaşınalıqlarla bağlı bir çox instansiyalara müraciət etdiyini qeyd edən Nuranə Həmidovanın dediyinə görə, rayonun deputatı Rəşad Mahmudova da bu barədə məlumat veribdir: “Deputat dərhal öz köməkçisini göndərərək məsələ barədə narazılığını birbaşa Həsənova çatdırdı…”.
Sual olunur: rayonda sakinlərə, müəllimlərə, alimlərə, ümumiyyətlə heç kəsə hörmət qoymayan, hətta Yeni Azərbaycan Partiyasından olan deputata da məhəl qoymayan Rəşad Həsənov, görəsən, nə etmək istəyir? Ümumiyyətlə, öz aqibəti barədə düşünürmü? Bu qədər İcra hakiminin, iri məmurun qandallanması dərs olmadımı?
“Astaranın Gənc Alimləri”
P.S. Bu və ya digər səbəbdən R. Həsənova yaltaqlanan, əməllərinə göz yuman insanlara da sual vermək istəyirik: görəsən, siz anlayırsızmı ki, susmaqla, məddahlıq etməklə, yalançı özgüvən verməklə Həsənovu daha pis əməllərə cəsarətləndirirsiz?…
araz.az xəbər portalı.