Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi sentyabrın 15-dən ənənəvi təhsilə qayıdışla bağlı müraciət edib. Hər iki qurum tərəfindən “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək veriləcəyi bildirilib.
Maraqlıdır, sentyabrın 15-i məktəblərin açılması real görünürmü? Ənənəvi təhsilə qayıdış üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı təhsil eksperti Elvin Bədirli ənənəvi təhsilə qayıdış üçün tədris müəssisələrində lazımı tədbirlərin görülməli olduğunu bildirib:
“Tədris ili istənilən şəraitdə xüsusilə aşağı siniflər üçün ənənəvi qaydada bərpa olunmalıdır. Çünki orta məktəblərdə ənənəvi təhsil bərpa edilmədən onların təhsilinə vurulmuş zərəri növbəti illər ərzində aradan qaldırmaq mümkün olmayacaq. Artıq gün ərzində 100 mindən çox şəxs vaksin olunur, xeyli sayda şəxs hər iki doza üzrə vaksin olunub. Bütün bu nəticələrə baxanda məktəblərdə və univeristetlərdə tədrisin ənənəvi formasının tətbiqini görəcəyik. Sadəcə ictimaiyyətdə sual doğuran məqam ənənəvi formaya keçiddən sonra təkrar hibrid təhsilə qayıdış və qapanma ilə bağlıdır. Düşünürəm ki, təhsil müəssisələrində zəruri tədbirlər görülərsə və vaksinləmə bu templə davam edərsə, artıq sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq”.
Ekspert I-IX sinif şagirdləri üçün ənənvi təhsilə qayıdışın xüsusilə əhəmiyyətli olduğunu deyib:
“Xüsusilə də 1-9-cu siniflərdə təhsilin bərpa edilməsi daha real görünür Onsuz da yuxarı sinif şagirdləri üçün məktəbə gedib-getməmək bir o qədər də əhəmiyyət daşımır. Çünki onlar ali məktəbə hazırlaşdıqları üçün məktəbə getməyi zaman itkisi kimi dəyərləndirir. Bu baxımdan aşağı sinif şagirdləri üçün mütləq tədbirlər görülməlidir ki, ən azından hibrid qaydada da olsa, tədris bərpa edilsin”.
araz.az xəbər portalı.